Fəhlə sinfinə mənsub ingilis futbolu -Premyer Liqada 12-ci turun analizi
İngilis futbolu fəhlə sinfinə mənsubdur və uzun müddət ziyalılar, aristokratlar buna məhəl qoymayıblar. Vəziyyət yalnız XX əsrin son onilliklərində dəyişməyə başladı və bu gün biz, istənilən ingilis üçün futbolun hansı səciyyəvi yer tutduğunu görürük.
Geridə qoyduğumuz 12-ci turun maraqlı oyunlarını müzakirə edəcəyik.
Tura "Kerrou Rod" stadionunda, Andre Marinerin hakimlik etdiyi Norviç və Uotford klubları start verdi.
Beləliklə, çempionatın iki aşkar autsayderinin görüşü bizə maraqlı futbol vəd etmirdi, amma bu, Premyer Liqadır və matçı izləməyə dəyərdi.
Başlayaq ev sahibindən.12 oyundan sonra - 9 məğlubiyyət, 1 heç-heçə, 2 qələbə və cədvəldə son yer. "Bülbüllər" hələki PL-da "ekskursiya" komandası olaraq qalırlar.
Norviç üçün PL-da qalmaq çətin olacaq, amma hələ də bunun müvəqqəti bir tənəzzül olduğunu düşünmək olar. Əsas odur ki, komandanın hücumçuları özlərini tapsın. Timu Pukki, çempionşipdə "çıxardığı oyunu" PL-da çıxara bilmir və Norviç kimi klubuda arxasınca daşıya bilməz. Odur ki, klub rəhbərliyi qış transfer pəncərəsində mütləq azad agent qismində futbolçular dəvət etməlidir.
Uotforda gəlincə isə deyim ki, onlar bu mövsüm, son 5 ilin ən ağır durumunu keçirirlər və bu hələ son deyil. Ötən mövsüm Uotfordla kifayət qədər güclü təsir bağışlayan bir məşqçini, Xavi Qrasiyanı klubdan qovub onun yerinə Kike Floresi dəvət edən rəhbərlik, ümidvaram ki, buna peşmandır.
Oyunda erkən qolun şahidi olduq. 76-cı saniyədə Jerar Delafeu hesabı açır. Delafeu bundan əlavə məhsuldar ötürmə ilə yadda qalır - 52-ci dəqiqədə Andre Qrey hesabı 0:2 edir.
Norviç 0:2 Uotford
Oktyabr ayının məşqçisi Frenk Lempard seçildi. Şübhə ola bilməz.
Bu mükafatdan sonra əhvalı yaxşı olan Frenk, mətbuat konfransında hazırcavablığı ilə diqqət mərkəzinə düşüb.
Jurnalist: "Çelsi hazırki durumda kimə baxır, yuxarıdakı komandalara və ya aşağıdakılara?"
Frenk: "Çelsi güzgüyə baxır."
Çelsi 12-ci turda Kristal Pelası qəbul edirdi.
Ev sahibi barədə çox danışmağa ehtiyac yoxdur. Klubun vəziyyəti əladır, heyət cavan və dinamikdir. Kluba qoyulan qadağa heç yada düşmür. Məncə Çelsi, sön üç ilin ən gözəl dönəmini keçirir. Bir az geriyə - mövsümün lap əvvəlinə qayıtsaq, klubun ətrafında nə qədər neqativ, bədbin fikirlərin dolaşdığının şahidi olarıq. Azarın gedişi, məşqçi baxımından böhran, transfer qadağası və s. Ancaq bu gün tamam başqa bir mənzərə görürük - klub çiçəklənir. PL-da ardıcıl 6-cı qələbə.
Lempard gənclərə mümkün qədər şans verməyə çalışır. Kristal Pelasla görüşün 87-ci dəqiqəsində meydana daxil olan 18 yaşlı şotlandiyalı Gilmorda buna sübutdur.
London təmsilçiləri meydanın istənilən mövqeyində yüksək səviyyəli futbol nümayiş etdirirdilər, bütün futbolçular öz tapşırıqlarının öhdəsindən tam olaraq gəlirdi, yalnız hücum və qələbə əhvalı hiss olunurdu. Kante və Kovaçiç meydanın mərkəzindən komandanın oyununu əla idarə edir, hücum xətti isə bütün cəhdləri qapıya zarbə ilə tamamlaya bilirdi. "Təqaüdçülər", hesabı oyunun 57-ci dəqiqəsində açırlar. Villianın ötürməsini Temmi Abraham qola çevirir. İkinci qolu isə Kristian Pulişiç, oyunun 79-cu dəqiqəsində vurur.
Məşqçi karyerasında Roy Hocson 300-cü oyununa çıxırdı. Yetirmələri isə göstərdikləri oyunla Hocsonu heç cür təbrik edə bilmədilər. Çelsinin, qapı istiqamətində endirdiyi 23 zərbəyə yalnız 3 zərbə ilə cavab verən "qartallar", turnir cədvəlində ilk 10-luğu yaddan çıxarmalıdırlar. Sözsüz ki, Kristal Pelasın rəhbərliyi, Roy Hocsondan, PL-da qalmaqdan başqa heç bir nəticə gözləmirlər. Düzdür, klubun heyətində Zaha, Milivoyeviç, Van Anholt, Taunzend kimi təcrübəli və çalışqan futbolçular var, lakin daxili motivasiya "0" dərəcəsindədir.
Çelsi 2:0 Kristal Pelas
Rocersin "tülküləri", Arsenal klubunu qəbul edirdi. Hər iki komanda barədə ötən buraxılışımızda söhbət açmışam. Dəyişən heç bir şey yoxdur, Lester irəliləməyə davam edir, Arsenal isə geriləməyə.
Vardi vurduğu qolla, PL çərçivəsində, F.Torres, Kantona, Suarez və Ronaldonu geridə qoydu.
Lester Siti 2:0 Arsenal.
Nyukasl klubu, minimal fərqlə Bornmutu məğlub etdi.
Nyukasl 2:1 Bornmut.
Vest Hem azərkeşləri artıq, bir zamanlar təriflədiyi baş məşqçini, istefaya göndərmək istəyir, - "Pelleqrini, dənizin dibinə çəkən bir lövbərdir", "Öz fikirindən dönməsən klub batacaq", "Sistemin, bizə lazım deyil" - deyə sosial şəbəkələrdə öz fikirlərini bildirirlər.
Ardıcıl olaraq 6 oyundur qələbə üzünə həsrət qalan Vest Hem klubu Börnliyə səfər edirdi. Qonaqların oyununa baxanda elə bilirsən ki, oyundan qabaq tikintidə daş daşıyıblar. Təkcə qapıçı Fabianskinin yoxluğu komandanı bu qədərmi geriyə çəkir? Komandada nəyin baş verdiyini anlamaq ümumiyyətlə mümkün deyildi. Cari mövsüm klubun etdiyi transferlər, (Ayeti, Fornals) 12 turdur komandaya nə üçün gəldiklərini göstərə bilmirlər. Ümid qalır fransalı futbolçu Sebastiyan Alleyə, əsas odur ki, hazırki vəziyyət onada pis tərəfdən təsir etməsin.
Klubun heyətində, PL-nı lazımi səviyyədə tanıyan futbolçular, Yarmolenko, Felipe Anderson, Lansini, Snodqrass, Rays aşkar şəkildə bacarıqlarını əsirgəyirlər.
Pelleqrini son müsahibələrindən birində: "Komandada nə baş verdiyini tam anlamaq çətindir" - deyə bildirib. Düzdür, komandaya onun kimi yaxın deyiləm, məşqçilik savadımda yoxdur amma məncə komandada nəyin baş verdiyini bilmək, məşqçini klubda saxlayan vacib səbəblərdən biridir.
Şon Dayçin yetirmələri, doğma meydanda, çətinlik çəkmədən üç xalı əldə edirlər.
Börnli 3:0 Vest Hem.
Noyabrın 9-u Premyer Liqa "Everton" dan üzr istədi.
PL həmişə səhvlərini etiraf etməkdən çəkinir, sən demə, bu VAR dövründə də müşahidə olunur. Xüsusilə, PL-nın rəsmiləri, Everton klubunun VAR-ın qurbanı olduqlarını və Brayton ilə oyunda "səhv" cəza səbəbindən xal itirdiklərini etiraf etdilər. Həmin oyunda (26 oktyabr) Mersisaydlılar 3-2 məğlub oldular ki, bu da artıq sarsılmış Marku Silvaya təzyiqi artırdı.
Yaxşı etiraf etdilər, sonra?
12-ci turda, Everton Southemptonun qonağı idi.
Artıq oyunun 4-ci dəqiqəsində, Silvanın böyük ümid bəslədiyi gənc ingiltərəli futbolçu Tom Devis hesabı açır. Nəzərinizə çatdırım ki, Tom Devis, ingiltərənin 21-yaşlılardan ibarət yığmasına dəvət almışdır ki, bundada Marku Silvanın böyük əməyi var.
Everton səfərə optimal heyətlə yollanmışdı. Cinah müdafiəçiləri Din və Sidibe hücuma lazımınca köməklik göstərə bilirdi. Hücum xəttində isə Rişarlison və Siqurdson xüsusi təsir bağışlayırdı.
Oyunun 50-ci dəqiqəsində Denni İnqs hesabı bərabərləşdirir lakin bu oyunda son qol olmur. Southempton qeyri-oyunla yenidən azərkeşlərini məyus etməkdədir. Hazırda, Hazenhyüttlün yeganə nəticəsi, mövsüm bitincə turnir cədvəlində 17-ci yerdə qalmaqdır. Klub, cari mövsüm PL-ya qətiyyən yaraşmayan bir oyun göstərir.
75-ci dəqiqə, Sidibenin öturməsi və Rişarlison adını tabloya yazdırır.
Southempton 1:2 Everton
Daha bir görüş Londonda, "Tottenham Hotspur Stadium"-da keçirilirdi. Poçettinonun yetirmələri, Şeffild Yunaydet klubunu qəbul edirdi. Son dörd oyundur məğlubiyyət görməyən, Kris Uaylderin yetirmələri, PL-da qonaq komandalar arasında, hələki öz xarakterini göstərən yeganə klubdur. Gözlənildiyi kimi Şeffild, səfərdə oynamağına baxmayaraq, olduqca çətin bir rəqib idi.
Başlayaq ev sahiblərindən.
Mövsümdə 3-cü 1:1-lik heç-heçəylə kifayətlənən Poçettino oyundan sonra sudan quru çıxmağa çalışıb:
"Hazırda, inteqrasiya edilmiş bir komanda yaratmaq mərhələsindəyik, buna görə balans tapmağımızı gözləməliyik."
Tottenhem olduqca keyfiyyətsiz oyun nümayiş etdirdi. Oyunçular demək olar ki, gəzirdilər. Gözəl və yaradıcı bir epizod nəzərə çarpmadı. Yalnız Dele Alli, Son və Serj Orye müəyyən qədər komandanı irəli daşımağa cəh edirdi. Daha bir fakt nəzərimi cəlb etdi ki, buda Hari Keynlə bağlıdır. Oyuna baxanlar, onu demək olar ki, meydanda görmədi. Futbolçunun topla xüsusi rəftarı olmadığı hamıya bəllidir lakin, bunun əvəzində Keynin digər hücumçu keyfiyyətləri var ki, bu oyun heç birini nümayiş etdirə bilmədi. Oyuna 86-cı dəqiqədə daxil olan Lukas Moura, son 10 dəqiqədə, Keyndən daha çox təhlükəli epizod yaratdı.
Hesabı, oyunun 58-ci dəqiqəsində Hyun Min Son açır, 62-ci dəqiqədə "VAR" sistemi, Şeffildin tam qaydalar çərçivəsində vurduğu qolu təxirə salır, 78-ci dəqiqədə Corc Beldok hesabı bərabərləşdirir, 79-cu dəqiqədə yenidən "VAR" sistemi Tottenhemin qapısından keçən qolu təxirə salır.
Sonun vurduğu qol və "VAR"-ın çıxardığı "hoqqa" Şeffildi heç də ruhdan salmadı və Kris Uaylderin yetirmələri, keçən ilin ÇL-nın finalçısından, səfərdə bir xalı ala bildilər.
Tottenhem 1:1 Şeffild.
"Canavarların", Mali mənşəli ispan futbolçusu Adama Traore, Malta və Rumıniyaya qarşı Avroliqaya vəsiqə uğrunda İspaniya millisinə çağırılıb. Heç təəccüblü deyil, PL-da artıq ikinci mövsümdür ki, özünü tam olaraq yaxşı tərəfdən göstərir.
Geridə qoyduğumuz turdada Aston Villaya qarşı görüşdə güclü oyunu və məhsuldar ötürməsi ilə yadda qaldı.
Vulverhempton klubu öz meydanında Aston Villanı qəbul edirdi. PL-da cari mövsümə elədə aktiv başlamayan "canavarlar" AL-da olduqca yaxşı təsir bağışlayırlar. PL-da sonuncu qələbədən sonra turnir cədvəlində 8-ci pillədə yer alırlar. Mövsümə nisbətən zəif başlamalarına səbəbdə elə iki cəbhəyə oynamaqları idi ki, bu problemdə tədricən aradan qalxır.
Eşpiritu Santunun yetirmələri olduqca gözəl qurulmuş hücum üslubu hesabına Birmingem şəhərinin təmsilçilərini məğlub etdilər.
Vulverhempton 2:1 Aston Villa.
12-ci turun son və mərkəzi görüşü Liverpul şəhərində keçirilirdi. Şəhərin eyni adlı klubu, Mançester Siti klubunu qəbul edirdi.
"Enfild" stadionu, 53400 azarkeş. Oyun, birinci dünya müharibəsi zamanı həlak olmuş britaniyalı əsgərlərin xatirəsinə həsr olunmuş bir dəqiqəlik sükutla başladı.
Mərkəzi görüşü Maykl Oliver idarə edirdi. Hakimliklə bağlı bir qədər sonra.
Şübhəsiz ki, bu oyun Premyer Liqada ilk dövrənin təqvimində mühim yer tutur. Hər ikisi, sürətli hücuma meylli klub, müdafiə futbolunun nə olduğunu bilməyən iki nəhəng. Bu görüş, istənilən futbol azərkeşi üçün, oyun baxımından əsl hədiyyə idi.
Keçək oyuna. Oyunun birinci hissəsi, Liverpulun yüksək təzyiqi və üstünlüyü ilə keçdi. Əslində Kloppun ideyasıda bu idi. "Şəhərlilər", səfərdə "15 dəqiqəlik" adaptasiyanı keçməmiş artıq qapılarında iki top gördülər. Liverpul klubu məni, sözün yaxşı mənasında təəccübləndirirdi. Rəqibin cərimə meydanının mərkəzində elə soyuqqanlı və qısa ötürmələr edirdilər ki, elə bil təlim-məşq prosesində idilər. 4-3-3 sxeminə baxsaq, hücumun mərkəzinin, əsasən 3 futbolçuya (Firmino, Salah, Mane) etibar edildiyini zənn edərdik. Ancaq həmin görüşdə, Viynaldum, Fabinyo və Robertson öz mövqelərini sanki unudub, fərdi şəkildə fərqlənmək istəyirdilər ki, buda kollektivin necə yüksək səviyyəli futbol oynadığının sübutudur. Sadio Manedə olan enerji məni valeh edir. Futbolçu, total futbol oynayırmış kimi, istər müdafiə zonasında istər mərkəzdə istərsədə hücumda çox fəal idi. Firmino va Salah eynən tərifə layiq idi, çox fikirləşmədən topu əla idarə edir, vaxtında ötürmələrini edirdilər (5+). Jorjino Viynaldum, iki müdafiəçinin arasından ustalıqla keçid edib otürmə verməsi hesabına "şəhərliləri" bir neçə epizodda ruhdan saldı. İlk hissə Liverpulun 2:0 hesablı üstünlüyü ilə sona çatdı.
İkinci hissə, eynən birinci hissə kimi ev sahibinin üstünlüyü ilə keçdi.
Quardiola, resurs baxımından həqiqətən əziyyət çəkirdi. Meydanda, nadir hallarda gördüyümüz Anxelinyo bu növ oyunlara hazır deyildi. Zinçenko, Laport, Ederson, Silva kimi futbolçuların bu oyunda olmaması Liverpulun qələbə şansını bir qədərdə artırırdı. Ən əsası isə Leroy Saneni qeyd edərdim. Sane çalışqan, meydanda 100% bacarıq nümayiş etdirən fotbolçudur və onun üçün fərq etməz, istər PL çərçivəsində Liverpula qarşı olsun istərsədə liqa kubokunda Sanderlendə qarşı, hər zaman kəskin, sürətli hücumlar təşkil etməyi bacarır. Bax elə Liverpulla qarşılaşmada onun olması lazım idi.
Buraxılan 3 topdan sonra, Bernardu Silva 78-ci dəqiqədə yalnız təsəlli topunu vura bildi.
Qısaca hakimlik barədə danışaq. İngiltərə futbolu barədə, adətən neqativ fikir bildirməyin tərəfdarı deyiləm amma obyektiv yanaşıb hakimlik səviyyəsinə öz münasibətibi bildirəcəm. Son illər, xüsusəndə ötən mövsüm, PL-da hakimliklə bağlı çoxlu qalmaqalların şahidi olduq. Dünya futbolunun mərkəzlərindən biri olasan və Avstraliya futbol liqasına, hakim dəvət etmək üçün müraciət göndərəsən, dəhşət. Qərara gəldilər ki, "VAR" sistemini mütləq tədbiq etsinlər, etdilər. Dünənki, görüşdə cərimə meydanı daxilində iki dəfə aşkar əl ilə oyun oldu qərar isə "davam!". Nə oldu? Niyə görmədi bunu "VAR" və həmin monitorun arxasında oturan hakimlər?
Quardiolanın az qalsın, ürəyi partlayacaqdı, bir tərəfdən oyunçular baxımından çətinlik, bir tərəfdən haqsızlıq. Kişi dəli olmasa yaxşıdır.
Sonda, Quardiolanın oyundan sonra verdiyi müsahibəyə baxaq:
"Bu gün baş verənlərdən sonra niyə çempion olduğumuzu göstərdik. Komandamla fəxr edirəm, hər zamankindən daha güclüyəm. Avropanın ən güclü komandasına qarşı necə oynadığımızla fəxr edə bilərik.
Qalanlarını hakimlərdən soruşun, mənlik deyil. Mayk Rileydən və VAR-da işləyən adamlardan soruşun.
Bugünkü çıxışımız barədə danışmaq istəyirəm, çox yaxşı idi. Ən yaxşı matçlarımızdan biri idi. Ardıcıl iki liqa titulu qazanan komanda olaraq oynadıq. Liverpool-un nə qədər yaxşı olduğunu inkar edən yoxdur, amma biz yaxşı oynadıq və xarakter göstərdik.".
Komandalar beynəlxalq fasiləyə yollanır. 13-cü turda görüşənədək.
Emin Şəmsiyev.
Oxşar xəbərlər
İngiltərə Premyer Liqasında son turun analizi - Emin Şəmsiyev
4 il imtahana hazırlaşan "keb" sürücüləri və Mourinyonun B planı - Analiz
İngiltərə Premyer Liqasının 11-ci turunun analizi - ""Arsenal"ın mirasını öldürdülər"
İngiltərə Premyer Liqasının 10-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR
İngiltərə Premyer Liqasının 9-cu turunun geniş analizi - EKSPERTİMİZ YAZIR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası