reklam
Sportfm.az xəbər saytı

"Mən "razdevalkaya" girəndə hamı ayağa qalxırdı" -Mahir Eyniyev


Onunla danışmaq üçün zəng vurduğum nömrələrin heç birinin işləməməsi məni fikrimdən vaz keçirmədi. Hər fürsətdə yenidən onunla əlaqə qurmaq və "kral"ı tapmaq istəyirdim. Alınmırdı, mümkün olmurdu. Azərbaycan futzalının dahisi Mahir Eyniyev sanki yağlı əppək olub göyə çəkilmişdi çəkilmişdi. 

Bir müddət öncə sabiq futzalçı, dostum Samir Məmmədovdan zəng gəldi, telefonda eşitdiklərimə inana bilmədim. Eyniyevlə çiyin-çiyinə oynayan Məmmədov "kral"ın Bakıda olduğunu bildirdi. Bu dəhşətli xəbər idi. Uzun illərdir axtardığım canlı əfsanəni görmək, söhbət etmək şansı yaxalamışdım. 

 

Onunla telefonda danışdım, məni tanıdığını, sabiq futzalçılar haqqında yazdığım yazıları oxuduğunu bildirdi. Görüş yerini futzal matçlarının keçirildiyi Olimpik Star İdman Kompleksinə təyin etdik. Vaxtında gəlmişdi. Görüşdük, hal-əhval tutduqdan sonra müsahibə götürmək üçün zala qalxmağımızı təklif etdi. 

- Deyirsən zalda söhbət edək? - soruşuram. Sabiq futzalçı özünü zalda daha rahat hiss etdiyini bildirir: "Zal sanki mənim evimdir. Burda özümü çox rahat hiss edirəm. Parketi görəndə gəncliyim, vurduğum qollar, verdiyim ötürmələr yadıma düşür. 

- Mahir, görürəm ki, hələ də oynadığın futzalın sehrindən çıxmamısan. 

- Mümkün deyil. Mən zallarda böyümüşəm. Uşaq olanda Yasamalın küçələrində topun dalınca düşürdüm. Gənclik illərində isə yolum zallardan düşdü. 

- Amma uzun müddətdir səndən səs-soraq yox idi. Sanki qeybə çəkilmişdin. Haralardaydın? 

- 20 ilə yaxındır ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayırdım. Getmişdim buralardan. Daha doğrusu küsmüşdüm, göndərilmişdim. Mən futzalla nəfəs alan insanam. Bu oyunu məndən yaxşı oynayan olmayıb. Ancaq elə bir zaman gəldi ki, məni də incidib bu oyundan uzaq saldılar. 

- Nə oldu, Mahir kimdən və niyə incidi? 

- Mən və qardaşım ömürümüzü futzala həsr eləmişdik. Elə Ağatahir Əzimov, Namiq Məmmədkərimov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rəcəb Fərəczadə də həmçinin. Axırda baxırsan ki, bütün etdiklərin unudulub, kənar adamlar gəlib oturub yuxarıda və sənə futzaldan dəm vurur, nəsə izah etməyə çalışır. Buna dözmək olmur axı. Necə ürəyim partlamasın?! Mən canımı qoymuşam, Azərbaycan bayrağı, himnimiz üçün hər şeyə dözmüşəm. Bunu futzal oynayanlar gözəl bilir. Adlarını çəkdiklərim də futzaldan gedəndən sonra axırımız necə olacaq? Kim oynayacaq, uşaqlar kimdən öyrənəcək? 

- Yəni heç ümid yoxdur? 

- İndi hər şey pulladır. O dövrdə belə deyildi. Pulu olan da, olmayan da çıxıb oynayırdı. Kasıb balası hazırki dövrdə pomidor satır, futzal oynamağa necə getsin?

- Belə çıxır ki, pul var, amma futzal yoxdur. 

- Futzal məktəbləri olmalıdı. Pulsuz, klubların nəzdində. Uşaqları hər şeylə təmin etməlidi. Veteran futzalçılar həmin məktəblərdə işlə təmin edilməlidi. Öz bildiklərini uşaqlara öyrətməlidi. Bildiyimə görə "Fənər"in prezidenti Turqay Fərzəliyev belə bir məktəb təsis edib. Ona Azərbaycan futzalı adından minnətdarlığımı bildirirəm. Ancaq o tək olmamalıdı.("Sumqayıt" FK-nın nəzdində də belə bir məktəb fəaliyyət göstərir - A.Ə)

- Mahir qayıdaq "soyuq illərə". Rusiyada nə ilə məşğul idin? 

- Marketdə çalışırdım, orda nə ilə məşğul olmaq olarki? 

- Sankt-Peterburqda futzal oynayırdın? 

- Yeni gedəndə toplaşıb futbol oynayanlar dəvət etdilər. Getdim, uzun müddət idi meydançaya ayaq basmırdım. Şou göstərdim, çıxdım. İndi oyun qurtarıb, hamı düşüb üstümə ki, sən belə oynamağı hardan öyrənmisən?! Bilmirlər axı kiməm. Sonra hər şeyi danışdım, onlara Azərbaycan yığmasının lideri olduğumu, Avropanın bir çox yığmalarına qollar vurduğumu söylədim. Hər oyun olanda dəvət edirdilər. Bir neçə turnirdədə iştirak edərək qalib də gəldik. 

- Eyniyev futzal üçün darıxmırdı?

- Darıxmırdın nədir, başıma hava gəlirdi. Mən alverçi deyiləm axı, mən futzalçıyam, yerim isə zallardır. 

- Orda olduğun uzun müddət ərzində səninlə maraqlanan oldumu? 

- Qardaşım Nurəddin və dostlarımdan başqa heç kim mənimlə maraqlanmadı. Elə bil Mahir Eyniyev adlı adam olmayıb! Bu mənə çox pis təsir etdi. Yenə sağ olsun Elman Ələkbərov, Turqay Fərzəliyev kimi futzala könül verən insanlar, eşidirdim ki, tez-tez mənim harda olduğumu, nə iş gördüyümü dostlardan soruşurlar, maraqlanırlar. 

- Bəs indi necə?

- Vallah indinin özündə belə çox soyuq və laqeyd münasibətlə üz-üzəyəm. 20 ildən çoxdur Azərbaycandan getmişdim, qayıtdım Bakıya, dostlardan, yaxınlardan və səndən başqa heç kim mənimlə maraqlanmadı, görüşmədi. Nə AFFA-dan nə Futzal Federasiyasından bir nəfər də olsun, nə zəng vurdu, nə görüşə gəldi. Elə bil belə bir adam olmayıb. Məşqçisiz, şəraitimiz olmadan çıxıb oynayırdıq. Pulda yox idi. 

- Deyəsən sənin keçidini həll etmək istəyən klublar yaxşıca tərləməli olub axı. Mən elə eşitmişəm. 

- Day kralı almaq üçün tərləməli idilər də...(gülür)Olub elə bir şey. Bir dəfə "Xəzri"dən "Avtomobilçi"yə gedəndə maşın hədiyyə etdilər. Vaz-2106 verdi klub rəhbərliyi, məndə müqavilə bağladım. Toyumu da "Neftçi" elədi(gülür). Ora transfer olundum, xeyir işin xərcini klub çəkdi. Kim çempion olmaq istəyirdi Mahir Eyniyevi alırdı. 

- Elə onu soruşacaqdım. Deyirlər bunu sən demisən. 

- Əlbəttə. Mən ən yaxşı idim. Tahir də əla futzalçı idi. Super udarları vardı. Tahiri çox "kormit" eləmişəm. 

- Kralın idmana gəlişi necə olub?

- Balaca idim, rəhmətlik atam məni "Neftçi"nin oyununa aparmışdı(kövrəlir). Həmin gün "Ararat"la oynayırdıq. Birdən ermənilər qol vurdu və mən sevincdən ayağa tullandım. Bilmirəm axı, nə var, nə yox. "Neftçi" azarkeşi olan atam mənə bir sillə çəkdi, ağlayaraq yerimdə oturdum. O sillədən sonra sanki ayıldım. Topa olan sevgim artdı. Başladım futzal oynamağa. Əsgərlikdən yeni qaytımışdım, Samir Lütfəliyev(Veteran futzalçı. Hazırda ABŞ-da yaşayır - A.Ə) Moskvaya komanda aparırdı, mənidə özü ilə götürdü. 10 oyuna 30 top vurdum. Bakıya gələndən sonra klublar məni heyətə cəlb etmək üçün sıraya durdu. Onda korifeylər çıxış edirdi. Millət zala məni seyr eləməyə gəlirdi. Məni bəyəm "zamendə" saxlamaq olar? Mən "razdevalkaya" girəndə hamı ayağa qalxırdı. 

- Deyəsən gedişinin səbəbi elə dediyin məsələdir. 

- Mən futzal oynayanda çoxları skameykada otururdu. Qayıdanda da burda biraz oynadım. 

- Görürəm "temanı" dəyişmək istəyirsən. 

- Olanları unutmuşam. Amma indi gözləyirəm ki, bir gün futzal federasiyası məni çağıracaq, hansısa komandaya məşqçi təyin edəcək. Hələ ki, ortada heçnə yoxdur. 

- Yəni federasiyadan dəvət olsa canla-başla işləyərsən?

- Mən elə bura o niyyətlə gəlmişəm. Ancaq AFFA-dan heç kim mənimlə əlaqə saxlamayıb. Azərbaycan futzalçıları nə vaxt 10, 20 top buraxıb? Çağırsınlar, öz bildiklərimi uşaqlara öyrədim. Bizə öz balalarımız lazımdı. Nə vaxta kimi belə olacaq, gətir braziliyalını oynat, bir "meşok" pul ver, sonra yola sal. 

Söhbətləşdi: Araz Əhmədov

 

 

 

 

 

 

 

Oxşar xəbərlər

"Öz şəhərimizdə küçəyə az çıxırdım, çünki hamı məni tanıyırdı" - Millimizin üzvü
Azərbaycanlı futbolçuların "Dyadya"sı: "Bir nəfər belə gəlib məni yoxlamadı"
"Fuad Musayev mənə və Mahirə görə onlardan 100 min dollar pul istədi..." (LAYİHƏ)
Qazaxların heyran qaldığı sabirabadlı “Musya” (LAYİHƏ)
"Parketin unudulan bəzəyi" (LAYİHƏ)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər