reklam
İspaniyaya yollanmağa hazırlaşan gənc azərbaycanlı oyunçu:
Sportfm.az xəbər saytı

İspaniyaya yollanmağa hazırlaşan gənc azərbaycanlı oyunçu:"Futbolu mənə xalam sevdirib"


Azərbaycanda doğulub futbolun sirlərini ölkəmizdə öyrənən bir çox yeniyetmənin arzusu xarici klubların şərəfini qorumaq, tanınmış oyunçu olmaqdı. Ancaq təəssüflər olsun ki, ölkə futbolunun düşdüyü burulğanda boğulan bu uşaqların böyük əksəriyyətinin arzusu ürəyində qalır. Düzdür, son 2 ildə 10-na yaxın yeniyetmə və gənc futbolçumuz bəzi Şərqi Avropa və Pribaltika ölkələrinə yollanıb. Bu isə o deməkdir ki, istedadı və istəyi olanlar sonda öz arzularına çata bilərlər. Ölkəmizi xaricdə təmsil etmək istəyən belə gənclərdən biri də "Baku Sportinq"in şərəfini qoruyan 17 yaşlı Ayxan Cəfərzadədir. Onunla söhbət zamanı məlum oldu ki, tezliklə Ayxan adını İspaniyanın top komandalarından biri olan "Valensiya"nın forması üzərində görə bilərik. 

- Ayxan, söhbətimizə ənənəvi sualla start verəcəm. Futbola necə başlamışan? 

- Açığı uşaqlıqdan futbolla maraqlanmamışam. Bu idman növünə maraq məndə sonradan yaranıb. Əsas səbəbkar isə xalam olub. 

- Maraqlıdır. Kimisi atasına, dayısına və yaxud əmisinə görə futbolu seçir, sən isə xalana görə. Bu necə olur? 

- Xalam və xalam oğlu çılğın futbol azarkeşləridir. Uşaqlıqdan daim xalamı futbola baxan görmüşəm. Qohum-əqrəbada olan uşaqları yanına toplayıb matçları izləyirdi. Biz hamımız onun sayəsində futbolu sevmişik. Hətta elə olurdu ki, ev işlərini atıb oyunları seyr edirdi. Gecə qarşılaşmalar olanda bizlərə deyirdi ki, yatmaq yoxdur(gülür). Tez-tez bizlərə oyun qaydalarını izah edirdi. Hər dəfə onlara gedəndə futbola böyük həvəsi olan dayım da bizə qoşulardı və futbola baxardıq. 

- İlk dəfədir belə bir şey duyuram. Belə görünür ki, xalan futbolu bir çox kişilərdən daha çox sevir. 

- Əlbəttə. Mən elə onun hesabına futbola başlamışam. Xalamın məndə bu idman növünə oyatdığı maraq 2013-cü ildə məşqlərə getməyimə səbəb olub. Həmin vaxt "İnter"də(P.S. indiki "Keşlə"), Arif müəllimin rəhbərliyi altında məşqlərə başladım. 3 ilə yaxın Arif müəllimin yanında məşq etdim. 

- Arif müəllim səni hansı mövqedə oynadırdı? 

- Mən orda olduğum birinci ildə yarımmüdafiəçi kimi çıxış edirdim. Sonradan məşqçimiz məni müdafiədə oynatmağa başladı. 2 il müdafiəçi kimi mübarizə apardım. Zaman keçdikcə elə oldu ki, bu mövqe mənə doğmalaşdı və mən digər klublarda da müdafiəçi kimi çıxış etdim. 

- Adətən uşaqların hamısı hücumçu olub qol vurmağı xoşlayır, sənin üçün müdafiədən oynamaq sıxıcı deyildi? 

- Hücumçunun işi qol vurmaq, müdafiçinin işi isə ona mane olmaqdır. Düşünürəm ki, ikincilərin işi daha çətindir. Mən isə çətini sevirəm. Bu mövqe mənim xarakterimə uyğundur. 

- Bəs dünyanın ən yaxşı müdafiəçisi kimi hesab edirsən? 

- "Real" Madridin şərəfini qoruyan braziliyalı Marselo mənim üçün bir nömrədir. O müdafiədə etibarlı oyunu ilə yanaşı, komandasının hücumlarında da fəal iştirak edir. 

- Onda belə çıxır ki, sən kral klubuna azarkeşlik edirsən. 

- "Real" mənim üçün əfsanələr komandasıdır. Bu klubun tarixi böyük qələbələrlə zəngindir. Özümə "Real" Madrid fanatı deyə bilərəm. Mən bu komandanın şərəfini qoruyan Asensionu da çox bəyənirəm. Gənc olmasına baxmayaraq, mükəmməl futbol sərgiləyir. Ramos, Modriç və digərləri bu klubu insanlara sevdirən fenomen futbolçulardır. Bununla yanaşı mən Türkiyənin "Fənərbaxça" klubuna da azarkeşlik edirəm. 

- "Sarı-lacivərtlilər"ə sevgi hardan yaranıb? 

- Türkiyə futbolunu yaxından izləyən biriyəm. Ordakı rəqabət çox xoşuma gəlir. Düzdür, bəzən kobud oyunlar, ciddi nöqsanlar olur. Amma intriqanın olması, matçların həyəcanlı keçməsi Türkiyə çempionatının əsas özəlliklərindəndir. Orda isə bir nömrə "Fənərbaxça"dır(gülür). 

- Yerli klublardan hansına simpatiyan var? 

- Əslində yerli klublarımızın hamısı mənim üçün doğmadır. Ancaq "Neftçi"nin digərlərinə nisbətən daha çox bəyənirəm. Etiraf edim ki, Azərbaycan Premyer Liqasının qarşılaşmalarını çox da izləmirəm. 

- Niyə? 

- Çünki bizim çempionatda oynanan futbolun səviyyəsi çox aşağıdır. Xarici matçları seyr etdikdən sonra yerli görüşlərə baxmaq olmur. 

- Ayxan eşitdik ki, tezliklə səsin Avropadan gələ bilər. Konkret olaraq İspaniyanın "Valensiya" klubuna baxışa gedəcəyin deyilir. 

- Bəli, ola bilər ki, tezliklə ölkə xaricində çıxış edim. Uzun illərdir bunun üçün səy göstərirəm. Atam mənə çox böyük dəstək olur. Hədəflərimdən biri odur. Və gələcəkdə milli komandamızın şərəfini qorumaq istəyirəm. Bu uşaqlıq arzumdur. Ən böyük hədəfim isə Çempionlar Liqasının kubokunu başım üzərinə qaldırmaqdır. Bilirəm ki, bu sözlərim utopiya kimi səslənir. Ancaq hər bir insanın hədəfi olmalıdı. Mən Azərbaycanda futbolun inkişaf edəcəyinə ürəkdən inanıram. Əl-ələ verib çalışmaq lazımdır. 

Söhbətləşdi: Araz Əhmədov 

Oxşar xəbərlər

Futbolçularımızın fərdi ustalıq səviyyəsi niyə aşağıdı? - "El Mejor" danışacaq
Ayxan Cəfərzadə:"Hədəfim Madrid "Real"nın şərəfini qorumaqdır - MÜSAHİBƏ, VİDEO
Tofiq Mikayılov: "Mənim adım Böyükağa müəllimin siyahısında yox idi"
Əzəmət Ələkbərli: ""Qəbələ" mənə çox doğmadır" - Müsahibə
Futbola qardaşına görə gələn "Bavariya" fanatı Teymur - Müsahibə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər