İşini "layiqincə" görən federasiya rəsmiləri və yerin dibinə gedən futzalımız...QEYD
Futzal üzrə Azərbaycan kubokunun final matçı keçirildi. Azərbaycan Futzal Federasiyasının rəsmiləri ölkə kuboku ilə bağlı sarayın qabağına afişayabənzər bir kağız parçasını belə vurmağı lazım bilməmişdi. Yarıboş tribunlar önündə oynanan qarşılaşmada təcili tibbi yardımın və mühafizə xidmətinin əməkdaşlarının olmaması isə az qala faciəyə səbəb olacaqdı. Belə ki, oyunda qırmızı vərəqə alan "Uğur"un oyunçusu baş hakim Elçin Səmədlinin qərarı ilə barışmayaraq, meydandan çıxdıqdan sonra topu zərbə ilə onun sifətinə vurdu. Özünü itirməyən təcrübəli hakim isə tibbi müdaxiləyə ehtiyac duysa da, oyunu davam etdirdi. Yəqin federasiya rəhbərliyi gözləyir ki, matçdan qovulan hansısa futzalçı nə vaxtsa bir hakimin vurub gözünü çıxarsın. Bu gedişlə o da olacaq.
Oyundan sonra mükafatlandırma mərasimi baş tutdu. Futzal Federasiyasının prezidenti Zaur Axundovun təşrif buyurmadığı görüşün sonundakı tədbiri fiasko adlandırmaq olar. Bakı İdman Sarayında Azərbaycan Futzal Federasiyasının rəsmiləri harasa tələsdiklərindən tarixində ilk dəfə ölkə kubokunu başı üzərinə qaldıran "Marafon"un futzalçılarına sevinclərini doyunca yaşamağa imkan verməyərək, tədbiri "tezbazar" yola verdi. Onlar o qədər tələsirdi ki, böyük uğura imza ataraq, finala qədər irəliləyən ikinci liqa təmsilçisi "Uğur"u meydançaya dəvət etmədi. Mükafatlandırma mərasimini bir göz qırpımında həll edən "peşəkarlar" müxtəlif nominasiyalar üzrə fərqlənən futzalçıları da unutmuşdu. Tez-tələsik, altında "60 manat" yazılmış qiymət kağızını belə qoparmağa vaxt tapmayanlar, ölkə kuboku adına yaraşmayan titulu "marafonçular"a təqdim etdikdən sonra onlarə doyunca sevinməyə belə qoymadı. Həmçinin mərasim zamanı artıq alışıq olduğumuz səhnə yaşandı, zalda işıqlar söndürüldü. Tədbirə heç bir futzal veteranının dəvət edilməməsi isə onlara verilən "dəyər"in göstəricisidi.
Arxada qalan mövsümün qış aylarında komandaları gah buz kimi zalda, gah da tavanına qədər kabab tüstüsü dolan meydançada oynamağa məcbur edən federasiya rəsmiləri vəzifələrinin öhdəsindən "layiqincə" gəldi. Bu çempionatda futzalçılar yalnız məşq üçün yararlı olan zalın da "dadına baxdılar". Son mövsümdə Lisenziyası olan-olmayan hər kəs meydanda oldu, peşəkar futbolçular qanunsuz şəkildə parket üzərinə çıxdı, protokollar dəyişdirildi, adlar silindi. Oyunçular matç başlayandan sonra zala gəldi, rahat şəkildə ehtiyat oyunçular skamyasında əyləşdi, meydana girdi, qol vurdu, komandalar hər görüşə yeni heyətlə gəldi. Mövsümün gedişində transfer pəncərəsi bağlı olduğu halda klublar heyətlərinə yeni futzalçı cəlb etdi. Komandalar "toyda olduğu üçün" oyuna gəlmədi. Görüşlər yalandan təxirə salındı. Çempionat cırıq toplarla oynanıldı. Tablosuz matçlarda saniyələri görmək üçün oyunçular kənara boylandı. Bəzi matçlar vaxtından tez bitirildi. Bakının bir rayonunu əhatə edən ölkə çempionatında yalandan uzadılan dəqiqələr də çox oldu. Vərəqələr səhv yazıldı. Oyunçular əyinlərini tribunalarda dəyişdi, pilləkəndə "razminka" etdi. Qırmızı vərəqə alanlar kənarda durub hakimləri söydü, federasiyanın işini tənqid edənlər tərəfli olmaqda günahlandırıldı. Yığmanın üzvü jurnalisti "üz-üzə" söhbətə çağırdı, azarkeş söyüldü. Mövsümün əvvəlində federasiyasının özünün qəbul etdiyi qərarı özü də ləğv etdi. Komandalar aldadıldı, haqq yeyildi. Federasiya rəhbərinə yalan məlumatlar verildi. Və son mövsümdə futzalımız biraz daha yerin dibinə doğru getdi.
Oxşar xəbərlər
50 manatlıq kubok, ölən futzal və... Ruhuna fatihə
Absurd qərarın fəsadları: Azərbaycan Kubokunda "İran finalı" - QEYD
Kapitanın qarşısında baş əyən kapitan, mükafatını almayan Alesio və "yersiz" medallar - QEYD
Futzal Federasiyasının "Qarabağ" hoqqası və ya "Energy" böhranı - ÖZƏL
Pillənkəndə "razminka" edənlər və uduzmağı bacarmayanlar - Ölkə çempionatında biabırçı olaylar - QEYD
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası