reklam
Sportfm.az xəbər saytı

"Fənərbaxça"nın "Miri"si: Futbol həyatımın ən böyük səhvini etdim -MÜSAHİBƏ


O Türkiyəyə yollandığında futbolsevərlərin gözündə ümid yerinə çevrilmişdi.

Yeniyetmə yaşlarında İstanbula ayaq basdıqda, arzumuzun həyata keçəcəyinə dair inamımız daha da artdı. Mirkamil Həşimli "Sabahın Ulduzları"da sərgilədiyi oyunla böyük istedad olduğunu "Fənərbaxça"nın futbol akademiyasının məşqçilərinə də göstərə bildi. İslam Kərimovun rəhbərliyi altında yaxşı məktəb keçən "Miri", ilk cəhddən "dörd böyüklər"dən birinin yeniyetmələrdən ibarət komandasına düşdü. Sonrasını özündən eşidək:

- Mən ora yeni yollananda çox darıxırdım. Cəmi 14 yaşım vardı. 2-3 ay özümə yer tapa bilmədim. Valideynlərimin yanına qaytımaq istəyirdim. Ancaq dözdüm. Uşaqlar da kömək etdi. 

- Türk uşaqları azərbaycanlı futbolçunu necə qəbul etdi? 

- Təsəvvür etdiyimdən də yaxşı. Hamısı yaxınlaşırdı, hal-əhval tuturdu, dostlaşırdı. Sanki onlardan biri idim. Mənim adaptasiya olmağıma böyük köməkləri dəydi. 

- Darıxanda, qaçıb gəlmək istəmirdin?

- Qaçıb gəlmək, yox(gülür). Ancaq məşqlərə ara verdiyimiz zaman Bakıya gəldikdən sonra ora geri dönmək bir qədər çətin idi. İstanbula qayıdanda, yenidən bir müddət alışmalı olurdum. 

- Məşqçilərin münasibəti səni qane edirdimi?

- Orda hər şey mükəmməl idi. Məşqçilər korpusunun peşəkarlığı, tibbi personalın səviyyəsi, aşbazların yeməyi(gülür). Türkiyədə uşaq futboluna böyük önəm verilir. 

- Miri, "Fənərbaxça"da çıxış etdiyin dönəmdə qardaş ölkənin aşağı yaş qrupları üzrə yığma komandasına dəvət edildin. Hətta "ay-ulduzlu" forma ilə Parisə səfər etməyə də macal tapdın. 

- O zaman bizim məşqçilər məni Türkiyə yığmasının çalışdırıcılarına məsləhət görmüşdü. Onlar da çağırıb yoxlamağa qərar verdilər. Türkiyə yığması ilə Fransaya yollandım. Bir neçə matçda meydana çıxdım. 

- Sonra nə oldu? Dəvət etmədilər?

- Növbəti toplanışda adımı yenə namizədlər siyahısına daxil etmişdilər. İlk yoxlanışda bəyəndikləri üçün 17 yaşlılardan ibarət Türkiyə yığmasının şərəfini qorumağımı istəyirdilər. Ancaq gedə bilmədim. 

- Çünki "Qalatasaray"ın əvəzediciləri ilə qarşılaşmada ayağın sındı. Düz deyirəm?

- Bəli, o hadisəni hələ də unuda bilmirəm. Oyun "Fənərbaxça" TV ilə canlı yayımlanırdı, Bakıda olan valideynlərim də ekran başından məni izləyirdi. Və o bədbəxt hadisə baş verdi. Sona 1 dəqiqə qalmışdı. Ayağım altımda qaldı. Hətta klub prezidenti Əziz Yıldırım da tribunadan meydançaya endi. O vacib görüşlərə gəlirdi.

- 1 ildən çox futboldan uzaq qaldın. Əvvəlki formana qayıdacağına inamın qalmışdı?

- Həmin vaxt mənə 10 il kimi gəldi. Düşünə bilmirdim. İlk dəfə idi belə hadisə ilə üzləşirdim.

- Zədən sağalandan sonra meydana qayıtdıqda qorxu vardımı? 

- Özüdə necə! Yeni-yeni topa zərbə vurmağa belə qorxurdum. Sonra yavaş-yavaş öyrəşdim. Mənimlə xüsusi məşqçi çalışırdı. Zədəm tam sağalanda isə məlum oldu ki, "altyapı"da oynayan, ancaq əsas komandaya düşə bilməyənləri başqa komandalara icarəyə verirlər. Mən bir müddət əsas komanda ilə məşqlərə çıxdım. Onda heyətdə güclü rəqabət vardı. 

- Sənə başqa kluba keçmək təklif olundumu?

- Dəqiq bilirəm ki, "Akhisarspor" mənimlə müqavilə bağlamaq istəyirdi. Başqa klublar da maraqlanırdı. 

- Bəs, Akhisara getməyinə nə mane oldu? 

- Tərəddüm etdim. 

- Niyə tərəddüt etdin?

- "Akhisarspor" əsas komanda ilə məşq edib, əvəzedici heyətlə matçlara çıxmağımı istəyirdi. Sonra isə qəti şəkildə fikrimdən daşındım. 

- Buna səbəb nə idi?

- "Neftçi"dən gələn təklif. Tahir Süleymanov(o dövrdə "Neftçi"nin vitse-prezidenti idi - A.Ə)zəng vuraraq məni paytaxt klubunun heyətində görmək istədiyini bildirdi. Ancaq gərək karyeramı Türkiyədə davam etdirərdim. Orda qalsaydım daha yaxşı olardı. 

- Səhv seçim etdiyin üçün peşman deyilsən? 

- Xeyr, mən heç vaxt qərarlarıma görə peşmançılıq duymamışam. Ola bilər ki, futbol həyatımın ən böyük səhvini etdim. Artıq heç nəyi geri qaytarmaq mümkün deyil. Həmin ərəfədə AFFA-dan zəng vurdular. 17 yaşlılardan ibarət millimizin təlim-məşqinə çağırdılar. Özümdə Azərbaycan yığmasının şərəfini qorumaq istəyirdim.

- "Neftçi"dən sonra "Zirə", davamında "Rəvan"...nələr baş verirdi?

- İnanırsınız, bilmirdim nə baş verir. Futbolçular deyirlər ki, "tutuzdura bilmədim"(gülür). Bax ondan oldu. 

- Sən "Rəvan"da çıxış etdiyin zaman Türkiyə mətbuatı səndən yazırdı.  

- Yadımdadı. Yazırdılar ki, "Fənər"in ulduz adayı indi "Rəvan"da oynayır. Orda mətbuat futbolçulara böyük maraq göstərir. 

- Azərbaycan Birinci Divizionunda vaxtilə adlı-sanlı klublarda çıxış etmiş xeyli sayda futbolçu var. Sən onlardan birisən. 

- Özümə görə yox, digərlərinə görə deyə bilərəm ki, Divizionda istedadlı oyunçular çoxdu. İzləyən isə yoxdur. Hələ bir dəfə görməmişəm ki, Premyer Liqanın komandalarının məşqçiləri gəlib görüşlərə baxsın. 

- Türkiyəyə qayıtmağı düşünmürsən?

- Açığını deyim ki, təkliflər var. Amma aşağı divizion klubları olduğu üçün onları götür-qoy etmirəm. "Şüvəlan"la müqavilə müddətim bitib. Görək necə olacaq. 

- "Fənərbaxça"dan olan sabiq komanda yoldaşlarınla əlaqə saxlayırsanmı?

- Bəli. Hazırda "Boluspor"un şərəfini qoruyan Melih Oktanla tez-tez danışıram. "Sakaryaspor"un üvzü Yasir Subaşı ilə də zəngləşirik. 

Söhbətləşdi: Araz Əhmədov

 

Oxşar xəbərlər

"Sədərək"də "oboy" satan millinin sabiq üzvü: "Qurban Qurbanovun mənə etdiklərini ömrüm boyu unutmaram"
"Öz şəhərimizdə küçəyə az çıxırdım, çünki hamı məni tanıyırdı" - Millimizin üzvü
Əzəmət Ələkbərli: ""Qəbələ" mənə çox doğmadır" - Müsahibə
"Bildirdi ki, sabah pul mafiyaya çatmasa, ev də, verdiyimiz məbləğ də əldən gedəcək"
"Məni çağırıb dedi ki, "ya "Şəfa" ilə müqavilə bağla, ya da səni futboldan siləcəm" - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər