"Sədərək"də "oboy" satan millinin sabiq üzvü:"Qurban Qurbanovun mənə etdiklərini ömrüm boyu unutmaram"
Qonşunun yuxarıdan su axıtması nəticəsində evimizin xarab olan divar kağızlarını dəyişmək məcburiyyətində idim. Veteran futbolçularla növbəti "dır-dır"dan sonra söhbət əsnasında məsələdən xəbər tutan "Qarabağ"ın sabiq futbolçusu Hüseyn İsgəndərov onunla uzun illər birgə çıxış edən, vaxtilə milli komandamızın şərəfini qorumuş Bayram Kərimovun hazırda "oboy işinə" baxdığını və onun mənə yardımcı ola biləcəyini söylədi. Düzü, Azərbaycan futbolu üçün canını qoyan insanlara qarşı olan biganəliyə alışdığımız üçün Hüseynin dedikləri məni o qədər də təəccübləndirmədi. Ancaq, veteran müdafiəçi(adamın 30 yaşlı birinə veteran deməyə dili də, gəlmir - A.Ə)söhbət zamanı nəinki təəccübləndim, hətta içim göynədi.

İsmayıl Əliyevin rəhbərliyi altında 8 yaşında köhnə FŞM-də futbola başlayan Kərimovu məktəbdən seçiblər. O dönəmdə məktəblərdə olan istedadlı uşaqlar arasında seçim edən FŞM-in mütəxəssisləri sərt və ağıllı oyunu, topla gözəl davranışı ilə seçilən yeniyetməni həmin dəqiqə gözaltı ediblər. Bayram danışır:
⁃ 8 yaşım olanda İsmayıl müəllimin yanına yollandım. Yaxşı yadımdadı, Binəqədidəki 100 saylı orta məktəbin 2-ci sinifində oxuyurdum, bir dəfə idman müəllimimiz gəldiki kim özünü futbolda sınamaq istəyirsə, məşqə aparacaq, seçim olacaq. Səhərisi gün seçimlərə yollandım, günün sonunda İsmayıl müəllim mənə yaxınlaşıb dedi ki, sən sabahdan məşqlərə gəl, seçildin.
⁃ Sonra tale səni “İnter”ə gətirib çıxardı.
⁃ Bəli. İsmayıl müəllim bir müddət sonra FŞM-dən yeni yaradılan “Xəzər Universiteti” klubuna keçdi. 2004-cü ildə isə “İnter” adı ilə çıxış etməyə başlayan komanda İsmayıl müəllimi də işlə təmin etdi. Aradan bir müddət keçəndən sonra İsmayıl müəllim məni “İnter”in əvəzedicilərinə çağırdı. İki il əvəzedicilərin heyətində çıxış etdim. 2006-cı ildə final qarşılaşmasında “Qarabağ”ı udub, çempion olduq. Onda Qurban Qurbanov “İnter”də idman direktoru idi.
⁃ Elə həmin il sən “Qarabağ”a keçdin.
⁃ Əvəvedicilərin final görüşünü xeyli sayda mütəxəssis izləyirdi. 120 dəqiqə sonrası penaltilərlə rəqibə qalib gəldik. Mən son müdafiəçi oynayırdım. Matçdan sonra mənə bildirdilər ki, bir çox klubla yanaşı, “Qarabağ”ın baş məşqçisi Rasim Kara da səni yanına çağırır.
⁃ Birdən belə təkliflə üz-üzə qalanda necə seçim etdiyin maraqlıdı.
⁃ Həmin vaxt mən U-17 yığmasının da şərəfini qoruyurdum. Təbii ki, “Qarabağ”dan təklif alanda çox düşünməyə dəyməz. Mən də elə etdim. Final oyununun səhərisi günü “Ruslan-93”də(“Qarabağ”ın o dönəmdəki bazası - A.Ə) Ağdam klubu ilə müqavilə bağladım. İki gün sonra isə əsas komanda ilə Antalyaya təlim-məşq toplanışına yola düşdüm. Türk mütəxəssis gənclərə çox böyük önəm verirdi. Bizim ən xırda problemimizi belə özü həll edirdi. Mən əsas heyətdə oynayırdım, U-19-da çıxış edirdim. Moldovada keçirilən Avropa Çempionatının elit mərhələsində oynamışam. Güclü heyərimiz vardı. Ukrayna, Moldova və Şotlandiya ilə eyni qrupda idik. Baş məşqçimiz Arif Əsədov idi. Ukraynanın heyətində Roman Zazulya oynayırdı. 4 xal topladıq və qrupda qaldıq. Ukraynaya uduzduq, Şotlandiyanı məğlub edib, ev sahibləri ilə xalları yarı böldük.
⁃ Və birdən-birə sən “Qarabağ”dan kənarda qaldın.
⁃ O hadisə Rasim Kara getdikdən sonra baş verdi. Qurban Qurbanov komandanın başına keçdikdən sonra mən də daxil olmaqla 4 nəfəri - Əfran İsmayılovu, Viktor İbokoyini və Hüseyn İsgəndərovu yanına çağıraraq bildirdi ki, “Qarabağ”da az şans qazanacağıq, Tovuz “Turan”ına keçməyimiz daha məsləhətdir.
⁃ Küskünlük olmadıki?
⁃ Qətiyyən. Çünki, mən hələ “İnter”in əvəzedicilərində oynayanda Qurban müəllim mənə çox böyük köməklik göstərdi, ondan sonra da daim dəstək verirdi. Mən ondan inciyə bilməzdim. Onun mənə etdiklərini ömrüm boyu unuda bilmərəm. Çox yaxşılıqlar edib.
⁃ “Turan” həmin ərəfələr yaxşı durumda deyildi.
⁃ Düzdür. Mən ora gedəndə komanda turnir cədvəlində sonuncu pillədə idi. Heyətimiz çox yaxşı idi. Bir müddət sonra komandaya yeni baş məşqçi - Nizami Sadıqov(Cəfər - A.Ə) təyin edildi. Yavaş-yavaş nəticələr də yaxşılaşmağa başladı. Maliyyə cəhətdən də heç bir problemimiz yox idi. Amma birdən, bir gecənin içində hər-şey alt-üst oldu.
⁃ Nə baş verdi?
⁃ Növbəti çempionatın başlamasına bir gün qalmışdı. Biz Bakıda hazırlıq keçirdik. Gecə qaldığımız oteldə toplantı oldu və futbolçulara bildirdilər ki, Nizami müəllim artıq baş məşqçi deyil, onun yerinə köməkçisi Sakit Alıyev(Dünyasını dəyişib - A.Ə) gətirilib. Təyinatdan sonra məlum oldu ki, klubla bağladımız müqavilələr etibarsızdı və yenilənməlidi. Çempionatın oyununa bir gün qalmışdı, heyətdə olan oyunçuların hamısının maaşları kəsildi.
⁃ Sən bu vəziyyətdə hansı addımı atdın?
⁃ Düzü mən müqavilənin şərtlərini klubun prezidenti Musa müəllimlə(Musa Süleymanov - A.Ə) danışmışdım. Ona yaxınlaşdım. O, isə bildirdi ki, şərtlər dəyişib. Mən aldadılmağıma dözə bilmədim və əşyalırımı yığaraq, bazanı tərk etdim. Nəzərə alsaq ki, yüksək liqada mövsüm başlamışdı, mən divizionda mübarizə aparan “Neftçi” İSM-lə müqavilə bağladım. Az qala tamam unutmuşdum(üzr istəyir - A.Ə). Tovuzdan sonra yeni yaradılan “Abşeron”a getdim. Mirbağır İsayev çağırmışdı. 2-3 gün məşqə çıxandan sonra ab-hava məni açmadığı üçün ordan uzaqlaşdım.
⁃ İSM-də nə qədər qaldın?
⁃ O komanda sonradan adını dəyişdi - oldu “Qaradağ-Lökbatan”. Bir mövsüm orda çıxış etdim. Birinci Divizionda qızıl medalları qazandıq.
⁃ Və yenidən Tovuza dönüşün baş tutdu.
⁃ Elədi. Həmin vaxt artıq “Turan”ı Əsgər Abdullayev çalışdırırdı. Əsas heyətdə oynayırdım, hər şey məni qane edirdi. Ta ki...
⁃ Ta ki, nə?
⁃ Vallah, öz oyunları idi, bizi də alət etmək istəyirdilər. Özünüz bilirsiz də, bizdə danışılmış oyunlar nə qədərdi. Həmin söz-söhbət zamanı mən zədəli idim. “Satılıb” deyilən matçda ehtiyatda idim. Hüseyn İsgəndərov isə ümumiyyətlə 18-likdən kənarda qalmışdı. “Turan” təbii ki, həmin görüşdə məğlub oldu(Özü açıqlamaq istəməsə də, araşdırma nəticəsində məlum oldu ki, söhbət “İnter”lə matçdan gedir - A.Ə). Qarşılaşmadan sonra gecəylə on nəfəri heyətdən qovdular. Guya həmin futbolçular oyun alqı-satqısında iştirak edib. Mənə təbii ki, toxunmadılar. Amma uşaqları haqsız yerə çörəksiz qoymaları mənə yer elədi. Gördüm ki, bunların öz “kruqu” var. Gec-tez məni də öz oyunlarına alət edəcəklər. Əsgər Abdullayevə yaxınlaşıb dedim ki, mənə müqavilə ilə düşən pulu verin, gedirəm. Burda qalmaq istəmirəm.
⁃ Görünür onlara mane olduğunu hiss etmisən.
⁃ Əlbəttə. Pulumu da, vermək istəmirdilər. Namiq Məstənov istədi ki, mənə çatacaq pulu “fırlatsın”. Zar-zor çox az bir məbləğ alaraq ordan ayrıldım. “Turan” bu gün də mənə borcludu. Sonra yenidən “Qaradağ-Lökbatan”a, ordan “Şuşa”ya, sonra isə MOİK-ə keçdim.
⁃ Qısa vaxt ərzində karyeranda baş verən bu olaylar səni yormurduki?
⁃ Yormaq nədi, iyrənmişdim. Amma, nə edə bilərdim, əlimdən futbol oynamaqdan başqa bir iş gəlmirdi.
⁃ MOİK-də nə qədər oynadın?
⁃ Orda çox çıxış edə bilərdim. Ancaq, Müşfiq Qəmbərovun gedişindən sonra “Rıba”nı(Ramil Əliyev - A.Ə) baş məşqçi qoydular deyə orda qalmadım.
⁃ Niyə, onunla da ulduzun barışmadı?
⁃ O, axı heç məşqçi belə deyildi. Günlərlə içirdi, yatıb qalırdı, məşqə gəlmirdi. Gələndə isə içkili olurdu. Dəfələrlə rəhbərliyə bu haqda bildirmişdik. Gözəl komandanı pis günə qoydu.
⁃ Bəs sizin xəbərdarlıqlarınızdan sonra rəhbərlik tədbir görmədi?
⁃ Gördülər. Məni komandadan çıxardılar(gülür).
⁃ Tək səni heyətdən kənarlaşdırdılar?
⁃ Xeyr. 15 nəfər klubsuz qaldı. Siyahını da “Rıba” özü vermişdi. Kimlərdən xoşu gəlmirdi, hamını qovdurdu. Ondan sonra futboldan tamamilə diksindim. Gənc olmağıma baxmayaraq, karyeramı bitirdim və ticarətlə məşğul olmağa başladım. Hazırda “Sədərək” ticarət mərkəzində “oboy”(divar kağızı) satışı ilə məşğulam. Allaha şükürlər olsun, işimdən razıyam. Yaxşı ki, futboldan ayrıldım. Yoxsa indi hələ də, sürünürdüm. Sağ olsun AFFA(gülür), tez-tez yada salır.
Söhbətləşdi: Araz Əhmədov
Oxşar xəbərlər
"Mənə Azərbaycan vətəndaşlığı təklif etdilər. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim" - Yaroslav Deda
Tofiq Mikayılov: "Mənim adım Böyükağa müəllimin siyahısında yox idi"
Azərbaycanda futbolçu yetişməməyin yüz səbəbindən biri
"Məni çağırıb dedi ki, "ya "Şəfa" ilə müqavilə bağla, ya da səni futboldan siləcəm" - MÜSAHİBƏ
Azərbaycan yığmasının "ofisiant" futbolçusu - Həyat hekayəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası