"Məni çağırıb dedi ki, "ya "Şəfa" ilə müqavilə bağla, ya da səni futboldan siləcəm" -MÜSAHİBƏ
Ölkəmizdə istedadlı futbolçuların sayı barmaqla göstəriləcək qədər azdır. Onların bir qisminin karyerasının uğursuz alınmasında günahkar özləri olsa da, digərlərinin it-bat olmasına səbəb futbol "başbilənlərimiz"in ciblərini düşünməsi, onların qarşısına çəkdikləri sədd olub. Ramal Hüseynov adı ölkə futbolunda hər kəsə tanışdır. Yeniyetmə yaşlarından istedadı ilə futbolumuzun göz-bəbəyinə çevrilən Ramala göz açmağa imkan vermədilər. Hazırda karyerasını Türkiyənin aşağı liqalarında davam etdirən və mənimlə görüşə 6 yaşlı oğlu Məhəmmədlə gələn Hüseynov əvvəlcə futbola gəlişi ilə bağlı sualımı cavablandırdı.
- Ramal, necə oldu ki, futbola gəldin?
- Futbola sırf təsadüf nəticəsində gəlmişəm. Mən uşaq yaşlarımdan kikboksla məşğul olurdum. Yaxşı da uğurlarım vardı. İki dəfə Bakı Azərbaycan çempionu olmuşam. Bir dəfə "treti sadda" məşq edirdim. Yarışa hazırlaşırdıq, həmin vaxt orda Valeri Hacıyevin rəhbərlik etdiyi uşaqlar da orda məşq edirdi. Elə oldu ki, mən tək olduğum üçün Hacıyev mənim onlara qoşulmağa dəvət etdi. Elə də etdim. Başladım onlarla məşq etməyə, axırda isə futbol oynadıq. Rəhmətlik Valeri müəllim oyun qurtaranda mənə dedi ki, "sən əməlli-başlı futbol oynayırsan, qoşul bizim komandaya". Mən kikboksu çox sevirdim, amma sonra gördüm futbolda məndə pis alınmır. Bu idman növü ilə heç bir bağlılığım olmasa da, sonda futbolçu oldum(gülür).
- Onda belə çıxır ki, ilk məşqçin Valeri Hacıyev olub? Biz axı başqa cür bilirdik.
- Yox. Hacıyevin komandasında çox az məşq etdim. Daha sonra İslam Kərimovun yanına yollandım. Valeri müəllimin dediyi sözlər mənə təsir etdi. Futboldakı bütün uğurlarıma görə İslam müəllimə borcluyam. O mənə çox şey öyrətdi.
- Sənin uşaq yaşlarında Qubaya bir səfərin olub.
- Bəli, İslam Kərimovun yanından birbaşa Quba "Şahdağ"ına yollandım. Bakıda mənim oyunumu görüb bəyənmişdilər. Bir müddət orda çıxış etdim. Həmin vaxt 14-15 yaşım vardı. İlk qolumu da orda vurdum. Çempionatın bitimində isə komandadan ayrıldım. Türkiyəyə getdim. "Beşiktaş"ın uşaq komandasında məşqlərə qatıldım. Bunu öz istəyimlə etdim. Bir ara "Beşiktaş"ın əvəzediciləri ilə məşqə çıxdım. Bəyənmişdilər, "qal" dedilər.
- Niyə qalmadın?
- Uzun müddət idi "Beşiktaş"da çıxış edirdim. Həmin ərəfədə Latviyada beynəlxalq turnir keçirilirdi. Orda İslam Kərimovun rəhbərlik etdiyi komandada iştirak edirdi. Məni də "köməyə" çağırdı, icazə alıb turnirə yola düşdüm. Elə oldu ki, "ən yaxşı oyunçu" seçildim. Latviyadan birbaşa Türkiyəyə üçmaq istəyirdim. Ancaq AFFA prezidenti mərhum Fuad Musayev buna imkan vermək istəmirdi. Buna baxmayaraq, İstanbula döndüm.
- Musayev "Beşiktaş"a yollanmağını nə üçün istəmirdi?
- Mənim AFFA tərəfindən yaradılan "Şəfa"da oynamağımı istəyirdi. Bir dəfə məni çağırıb dedi ki, "ya "Şəfa" ilə müqavilə bağla, ya da səni futboldan siləcəm".
- Sonra İstanbul komandası ilə məhkəmə çəkişməsi oldu.
- Onu da Fuad Musayev elədi. "Beşiktaş"ı məhkəməyə verdi. Mənim Azərbaycana dönməyimə nail oldu. "Şəfa" ilə müqavilə imzaladım. Yaxşı yadımdadı, qapıçı Mikayıl Yusifov müqavilə imzalamaqdan imtina etdiyi üçün onu 2 illiyə futboldan qovdu. Mən uzun müddət "Şəfa"da çıxış etdim, ölkə kubokunu qazandıq.

- Necə oldu ki, 23 yaşlı Ramal 19 yaşlılardan ibarət yığmanın heyətində çıxış etməyə başladı?
- (Gülür)Onun tarixçəsini az adam bilir. Palanqada(Litva - A.Ə) beynəlxalq turnir keçirilirdi. Orda 19 yaşlılardan ibarət yığma komandamız iştirak edirdi. Püşkatma nəticəsində Ermənistan komandası ilə qarşılaşmalı idik. AFFA mənim komandaya kömək etməyim üçün yaşımı düz-qoş etdi. Mən də həmin yarışa getdim. Ancaq ermənilərlə görüşümüz baş tutmadı.
- Həmin turnirdən sonra "xeyli gəncləşən" Ramal özünü necə hiss edirdi?
- Açığını deyim bu mənə lazım deyildi. AFFA-ya lazım idi, düzəltdilər. Onsuzda yeniyetmə yaşlarımdam böyüklərə qarşı oynayırdım.
- İsveçin "Hammarbyu" klubu sənin ovuna çıxmışdı.
- İqor Ponomaryov məni yığma komandanın heyətinə cəlb etmişdi. İsveçlə oyuna hazırlaşırdıq. Mən düşərgədə olanda 4 klubdan dəvət gəlmişdi. Onların içində "Hammarbyu" da vardı. 2001-ci ildə olar tarixlərində ilk dəfə çempion olmuşdular. İsveçlilər təkidlə məni almaq istəyirdi. Səfərdə olanda oteldə rəhmətlik Musayev məni yanına çağırdı, xarici komandadan təklif gəldiyini, məni yaxşı pula onlara verəcəyini dedi. Onda buna çox sevinmişdim. Uşaqlıqdan xaricdə oynamaq böyük arzum idi.
- Ancaq arzun çin olmadı...
- Mən nə deyim?! Fuad müəllimin sözünün qarşısında söz demək olmazdı. "Hammabryu" 500 min dollarından keçməyə razı idi. AFFA prezidenti isə onlardan 1 milyon 200 min dollar pul istəmişdi. Təbii ki, onlar bu məbləğə razı olmadı. Uzun müddət danışıqlar apardılar, qiyməti aşağı salmağa çalışırdılar, Musayev razı olmurdu. Hətta onlara şərt qoymuşdu ki, müqavilə bağlasam, gələcəkdə "Hammarbyu"dan başqa yerə keçsəm, yenə AFFA-ya faiz verməlidirlər. Həmin dövrdə Avropanın ən perspektivli gənc futbolçuları siyahısında 7-ci yerdə qərarlaşmışdım. Zlatan İbrahimoviç də həmin siyahıda idi. Onun qiyməti 800 min dollar dəyərləndirilirdi. Olmadı, alınmadı, qismət deyilmiş...
- Axı, bildiyimə görə, Stokholm təmsilçisi sonradan qiyməti 700 min qaldırıb.
- Düzdür, sonradan onlar məbləği artırdılar. Mən həmin vaxt yığmanın Bolqarıstandakı təlim-məşq toplanışında idim. Musayev də orda idi. Məşqin bitimində ona yaxınlaşdım, transferi soruşdum, dedi ki, yavaş-yavaş pulu artırırlar, sonda mən istədiyimi verəcəklər. Elə həmişə mənə deyirdi ki, darıxma, səni 4-5 ilə Avropanın ən yaxşı komandasına göndərəcəm.
- Yəqin ona görə o vaxt səni Musayevin "lyubimçik"i adlandırırdılar.
- Promlemlərimlə daim maraqlanırdı. Vaxtı olanda oyunumu izləyirdi. Nə deyim, ola bilər ki, onun istəkli futbolçusu idim.
- Bolqarıstan toplanışında ağır zədə aldın. Sonra transfer söz-söhbətləri "yatdı"?
- Orda İtaliya ilə görüşə hazırlaşırdıq. Dizimdən çox ağır zədə aldım. Bağlarım qırıldı. Uzun müddət zədədən əziyyət çəkdim, buna baxmayaraq, "Hammarbyu" məndən əl çəkmirdi. Hətta məni təklif etdilər ki, Azərbaycan vətəndaşlığından imtina et, sənə İsveç pasportu verək və klubla yanaşı, yığmamızda oyna.
- Buna reaksiyan necə oldu?
- Onlar açıq-aşkar deyirdi ki, qaç bura gəl. Mən pula görə vətənimi necə satım? Ağlımın ucundan belə keçmirdi. İtaliya klublarından da təkliflər vardı. Fuad Musayev AFFA-ya gələn faksları gizlədirdi. Bir dəfə toya gedirdik, elə doldu ki, Fuad müəllimi mən götürməli oldum, yolda gedərkən bir-bir həmin faksları mənə gəstərdi, şoka düşdüm. İtaliya, İsveç, Bolqarıstan klublarından gələn transfer təklifləri vardı. Çox heyfislənirəm, böyük klublarda çıxış edə bilərdim. Həmin dövrlər çox futbolçular "yandı", mən tək deyildim. Çox zaman deyirlər ki, Azərbaycandan futbolçu çıxmır, ermənilərin oyunçusu görün harda oynayır. Qardaş, bizə o imkanı vermədilər. Heç inanmıram ki, bundan sonra da hansısa futbolçumuz Avropanın adlı-sanlı klubunda çıxış etsin...(ardı var)
Söhbətləşdi: Araz Əhmədov
Oxşar xəbərlər
"Sədərək"də "oboy" satan millinin sabiq üzvü: "Qurban Qurbanovun mənə etdiklərini ömrüm boyu unutmaram"
"Bildirdi ki, sabah pul mafiyaya çatmasa, ev də, verdiyimiz məbləğ də əldən gedəcək"
"Azərbaycan millisində 10 il oynayardım"
"Fənərbaxça"nın "Miri"si: Futbol həyatımın ən böyük səhvini etdim - MÜSAHİBƏ
"Fuad Musayev mənə və Mahirə görə onlardan 100 min dollar pul istədi..." (LAYİHƏ)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası