Rikardinyonun əvəzinə rəhbər kreslonuzu altınızdan itələyin! -YAZI
Futzal həmişə “böyük qardaşı” futbolun kölgəsində qalıb. Çox güman ki, həmişə də belə olacaq. Lakin bu futzalın azarkeşlərin diqqətindən kənar qaldığı anlamına gəlmir. Eynən bizdəki kimi dünyanın bir çox ölkələrində futzala böyük maraq var. Özü də həmin ölkələr futbolda “çəkisi” olanlardı. Braziliya, Argentina, Kolumbiya, İspaniya, İtaliya, Rusiya və s.
Məhz bu ölkələrdə futzala olan qayğı, maraq və diqqət bu idman növünü it-bat olmaqdan xilas edir. Hətta bir zamanlar FİFA futzala həvəskar status vermək niyyətindəydi, lakin yuxarıda adını sadaladığım ölkələr bu ideyaya qarşı çıxaraq futzalı xilas etdilər.
Bəs, görəsən, bizim ölkə futzalını kim xilas edəcək? Çünki futzal federasiyası xilaskar roluna heç uyğun gəlmir. Əksinə, rəhbərlik sanki futzalın inkişafında maraqlı deyil. Federasiyanın işi-gücü həvəskar səviyyədə ölkə birinciliyi keçirmək (təşkil etmək yox ha, məhz keçirmək), hər il 3-4 manatlıq yöndəmsiz medalları “Araz”ın oyunçularının boynundan asıb Avropaya göndərməkdir. Düzdür, yığmamız hazırda dünya reytinqində yuxarı pillələrdə yer alır, son illərdə DÇ və AÇ-lərdə qrupda qalmır. Bəli, bu işdə Futzal Federasiyasının və birbaşa Zaur Axundovun böyük “əməyi” var. Məhz Axundov braziliyalıları Azərbaycan bayrağı altında çıxış etdirərək,“uğura” imza atıb. Yaxşı ki, Rövşən Hüseynli var. Yoxsa, qapı da latın amerikalılara etibar ediləcəkdi.
Bəlkə, biraz Qazaxıstan tərəfə boylanaq. Onların da millisində braziliyalılar top qovur. Sayları da az deyil, 4 nəfər. Ancaq yerli oyunçular onlarla rəqabət apara biləcək səviyyədədi. Qazaxlar lazım bilsəydi elə “Kayrat”ın bütün legionerlərinə vətəndaşlıq verib yığmaya doldurardı. Hələ AÇ-nin qrupunda məğlub etdiyimiz fransızları demirəm. Adamlar bir-iki ildi futzala diqqət ayırmağa başlayıb, artıq AÇ-də iştirak edir, qitə nəhəngi İspaniyayla başabaş oynayır.
Dünənki oyuna gəlincə isə Rikardinyo yəqin ki, Azərbaycan futzalında söz sahibi olan Zaur Axundovun əsəblərini cilovlaya bilməyib oyun sahəsinə daxil olaraq, onu itələməsini unuda bilməyəcək. Kameraların obyektivindən yayınmayan o anda Riki də Axundova eyni tərzdə cavab verdi. Zaur bəy, həmin an heç də Rikardinyonu itələmək lazım deyildi. Ondansa Azərbaycan millisinə doldurduğunuz braziliyalıların ən azı yarısını kənara itələyin və yerli uşaqların inkişafına diqqət ayırın. Diqqət ayırın ki, ötən il 17 yaşlıların başına gələnlər gələcəkdə təkrarlanmasın. Diqqət ayırın ki, bizlər də millimizin uğurlarına səmimi qəlbdən sevinə bilək. Yox, əgər deyirsiz ki, siz bu uğurları bir vaqon braziliyalı olmadan qazana bilməzsiniz, o zaman bir zəhmət Rikardinyonun əvəzinə illərdi Futzal Federasiyasında zəbt etidiyniz rəhbər kreslosunu əlinizlə altınızdan itələyin getsin!
Orxan Hüseynov
Oxşar xəbərlər
“Lipa”larla mübarizə aparmaq mümkün deyildi" - Millimizin keçmiş üzvü
Azərbaycan futzalında yeni ad - Xilə FK
Azərbaycan futzalının devizi - Qanunu pozun və udun!
Pulsuzluqdan şans qazanan futzalçılarımız Alesionu yenə "qaçırdacaqmı"? - QEYD
“Yüksək səviyyədə” keçən çempionatın antirekordları - YAZI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası