Yunis Hüseynov ölümünə şahidlik etdiyi “Qarabağ”ın Vurğunu! - UNUTMADIQLARIMIZ
Futbol tariximizdə iz qoyan bir çox oyunçunu adını hazırda unutmuşuq. Ancaq bizlərin unutduğu adları xatırlayanlar var. Onlar hər gün meydanda komanda yoldaşı, həyatda dostları olan insanları yad edirlər. Futbolumuzun “can çəkdiyi” vaxtlarda vətənimizi tərk edərək, “izi” itirən onlarla azərbaycanlı oyunçu olub. Hətta onların bir çoxlarının sonrakı taleyi məlum deyil. Unudulan futbolçular arasında dünyasını dəyişənlər yetərincədir. Onlardan biri, aramızdan gənc yaşlarında ayrılan “Qarabağ”ın sabiq qapıçısı Vurğun Quliyevdir. 1976-cı ildə Masallı rayonunda dünyaya gələn “çərçivə qoruyucusu” futbolda ilk addımlarını Bakının “İnşaatçı” komandasında atıb. O dövrdə istedadlı gəncləri heyətinə cəlb etməsi ilə ad çıxaran Vaqif Sadıqovun rəhbərlik etdiyi “Fərid” ucaboylu gənci “gözdən qaçırmır”. Komandaya qoşulduqda 3-cü qapıçı olan Vurğun bir müddət sonra məşqçinin ona verdiyi şansdan maksimum yararlanır və klubda bir nömrə olur. Öz çalışqanlığı və davranışı ilə hamının rəğbətini qazanan futbolçuya “Qarabağ”dan təklif gəlir. 22 yaşında Ağdam klubunun sıralarına qoşulan əlcək sahibi burada ilk böyük uğuruna imza atır. Əslində, Vurğunun “Qarabağ”da keçdiyi yol, Azərbaycan futbolunda bir ilkin başlanğıcı idi. Belə ki, ölkə futbolunun tarixində avrokuboklarda mərhələ adlayan komandanın qapısını məhz Vurğun Quliyev qoruyurdu. 1999-cu ildə “Qarabağ” İntertoto Kubokunun 1-ci təsnifat mərhələsində İsrail təmsilçisi “Makkabi” Hayfa ilə qarşılaşırdı. İlk görüşü səfərdə keçirən təmsilçimiz 1:2 hesabı ilə qalib gələrək sensasiyaya imza atır. Gənc qolkiper Hayfa şəhərinin “Sammi Ofer” stadionunda dəfələrlə komandamızı real qoldan xilas edərək, adını futbol tariximizə yazdırır. Cavab matçında da meydana start heyətində çıxan “Qarabağ”ın Vurğunu 90 dəqiqənin sonunda, oyunboyu rəqibin hücumlarına tab gətirərək növbəti mərhələyə yüksəlmənin sevincini yaşayır. 2-ci təsnifat mərhələsində qapıda “yerini möhkəmlədən” gənc Quliyevin olacağı şübhə doğurmurdu. “Qarabağ” həmin illər Fransanın avrokuboklarda stabil çıxış edən komandalarından olan “Monpelye” ilə oyunlarda ağır məğlubiyyətlər alsa da, artıq adını ölkəmizin futbol tarixinə yazdırmışdı. Fransızlarla hər iki qarşılaşmada meydanda yenə gənc Vurğun vardı. Buraxdığı qollara görə heç kim onu günahlandırmadı. Axı, həmin illər Fransa klubu ilə bizim komandaları müqayisə etmək mümkün deyildi.
Xəyalları puç edən qohum toyu
Avropa məcarasını başa vuran Ağdam təmsilçisi fikrini ölkə çempionatına yönəltmişdi. Yüksək Liqada qazanılan növbəti qələbədən sonra baş məşqçi Böyükağa Ağayev futbolçulara 2 günlük istirahət vermək qərarına gəlir. Bu fürsətdən istifadə edən Vurğun anası, qardaşı və nişanlısı ilə Zaqatalada baş tutacaq qohum toyuna getməyi qərara alır. Bir müddət əvvəl yeni VAZ-2106 alan qolkiper avtomobil sürməyi yenicə öyrəndiyi üçün dostları və qohumları ona avtobusla getməyi məsləhət görür. Ancaq öz acı taleyinə doğru qaçan Vurğunu fikrindən döndərmək mümkün olmur! Vurğun Quliyev anası və nişanlısını götürərək, Zaqatalaya yollanır. Toyda iştirak edən qohumlar səhərisi gün Bakıya qayıdırlar. 24 yaşlı futbolçunun qardaşı öz maşınında ailəsi ilə birlikdə onları müşayiət edir. Eyni vaxtda Qaxdan qayıdan Yunis Hüseynov Göyçay rayonu ərazisində öz avtomobili ilə hərəkət edərkən dəhşətli hadisənin şahidi olur:”Məndən öndə iki maşın irəliləyirdi, tək idim. Təbii ki, onları kimin idarə etdiyindən xəbərim yox idi. Birdən VAZ-2106 markalı maşının yoldan çıxdığını gördüm, sonra möhkəm gurultu səsi gəldi. Bizim aramızda olan sürücü avtomobilini saxlayıb, qəzaya düşənlərin yanına doğru qaçmağa başladı. Mən belə şeylərə baxa bilmirəm. Onu gördüm ki, maşın ağaca çırpılıb, xəsarət alanlar var. Qadın qışqırtısını eşidəndə isə lap özümü itirdim. Sən demə, ortada gedən maşını qardaşı idarə edirmiş.Yola qaçıb hamını köməyə də o çağırdı. Tezliklə hadisə yerinə milis və təcili tibbi yardım gəldi. Ərazidə təhlükəsizlik dairəsi çəkərək, vətəndaşları ordan uzaqlaşdırdılar. Şoka düşmüşdüm, maşınıma oturub yola davam edə bilmirdim. Ayaqlarım əsirdi. Həmin an qəzaya düşənin kimliyini bilmirdim.Yalnız Bakıda bundan xəbərim oldu”.
Həmin gün Vurğunun qardaşı Elşad Əhmədova(“Qarabağ”ın sabiq futbolçusu – A.Ə) zəng vuraraq qara xəbəri çatdırır. Məlum olur ki, yolda qapıçının nişanlışı ondan kaseti dəyişməyi xahiş edir, bu zaman Quliyev sürət yüksək olduğundan idarəetməni itirir və yoldan çıxaraq ağaca çırpılır. Faciəvi qəza nəticəsində, "Qarabağ”ın gənc oyunçusu hadisə yerindəcə dünyasını dəyişir. Anası və nişanlısı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilir. Bu xəbər Azərbaycan futbol camiəsini yasa boğur. Vurğun Quliyev 2000-ci ildə, 24 yaşı olarkən dünyasını dəyişir.
Beləliklə, şən və gülərüz, hamı tərəfindən sevilən “bir nömrənin” qısa həyat yolu yarıda qırılır.
Vurğunu unutmayan Yalçın Bağırov, Sakit Rzayev, Elxan Müslümov və Yunis Hüseynova dərin təşəkkürlər.
Acı xatirəni Araz Əhmədov qələmə aldı

Oxşar xəbərlər
İki kapitan, iki yubiley - 350-ci oyun
Şahruddin Səlahətdən öndədi
Kapitan “Sumqayıt”ın tarixinə düşdü
Vurğun "Sumqayıt"ın tarixinə düşdü
Vurğun Hüseynov 300-ə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası