reklam
Xaricdə olan azərbaycanlı məşqçi:
Sportfm.az xəbər saytı

Xaricdə olan azərbaycanlı məşqçi:"O boyda ölkədə mənə iş tapılmadı"


Məcburiyyət, işsizlik, hörmətsizlik...

2003-cü ildə yaşanan "futbol inqilabı” bir neçə futbolçunu ölkədən qaçmağa məcbur etdi. Azərbaycanda futbol yox idi deyə, çörəkpulu qazanmaq üçün İrana, Ukraynaya, Rusiyaya üz tutanların sayı yetərincə çox idi. Prezident İlham Əliyev 2005-15-ci illər üçün nəzərdə tutulmuş Dövlət Proqramına imza atandan sonra futbolda ciddi maliyyə axını yaşandı ki, belədə böyük əksəriyyəti vətənə qayıtdı. Lakin xaricdə "ilişənlər” də az deyildi. "Maradona” ləqəbiylə tanınan İlham Məmmədov Almaniyada, Yalçın Bağırovla Valeh Qafarov həyatının qalan hissəsini İsveçdə yaşamağa qərar verdi. Düzdü, futbolda sözünü deyə bilməyənlərdən də gedənlər vardı. Sadəcə, üzdə olan adı çəkilən üç nəfər idi.
Sonradan eyni yolu Mikayıl Yusifov tutdu. Vaxtilə perspektivli qapıçılardan sayılan, aşağı yaş qruplardan ibarət milli komandalarımızın qapısını qoruyan Yusifov Almaniyaya köç etdi. İndi də Berti Foqtsun vətənindədi. Son iki ildə isə daha üç tanınmış Azərbaycanla vidalaşdı. Futzalda "Xəzər adaları” ilə ölkə çempionu adını qazanan Elnur Qəmbərov bir müddət işsiz qalsa da, vəziyyətin yaxşıya doğru dəyişəcəyinə ümid edirdi. Lakin istəyinə çata bilməyəcəyini görüncə, ailəsini də götürüb uzaq Kanadaya yollandı. Qəzetimizin ötən saylarından birinə müsahibə verən, "Qarabağ”, "Şəfa”, "Kəpəz”, "MKT-Araz” kimi klubların sabiq futbolçusu Nəbi Xanciqazovun adı da "aradan çıxanlar” siyahısındadı. O işsizlik üzündən yox, Avropadakı yaşayış səviyyəsinin yüksək olduğunu düşünüb ölkəni tərk edib. Birvaxtlar "Xəzər Universiteti”, "İnter” və "Simurq”un uğurları üçün tər tökmüş Ramil Sayadov isə artıq xeyli müddətdi Avstraliyadadı. 
Adları sadalananlar qeyd etdiyimiz kimi, daha çox tanınanlar, sosial şəbəkələrdə fəallıq nümayiş etdirənlərdi. Maraqlansaq, axtarsaq, daha bir neçə nəfərin adına rast gələ bilərik (vaxtilə futbol oynamış Toğrul Əbdülrəhmanovla Rüstəm Manafov da İsveçdə yaşayır – H.). Nədi onları vətəndən qaçaq salan? Ölkə futbolunda layiq olduqları yeri tapa bilməmələri, işsizlik, yoxsa həyat tərzi? Bir neçəsi ilə söhbətdə bu suala cavab tapmağa çalışdıq.
Ramil Sayadov: "Adımı pis çıxartmayın. Qaçıb-zad eləməmişəm (gülür). Sadəcə, ailə həyatı qurdum və Avstraliyaya gəlməyi qərara aldım. Yoldaşım burda yaşayan idi, bura öyrəşmişdi. Ona görə də hələ ki mən də Avstraliyadayam. Vətən vətən olaraq qalır. Bir də gördüz, bir aya qayıtdım, ya da 3 il sonra. Qaçmaq başqa şeydi, hansısa səbəbdən getmək başqa. Futboldan uzaq düşməmişəm. Yenə baxıram, diqqətdə saxlayıram”.
Valeh Qafarov: "Bakıdan lap çoxdan, 14 il əvvəl köçmüşəm. Səbəb isə hamının bildiyidi. Ölkədə futbol yox idi. Mənim də bacardığım ancaq futbol oynamaq idi. Gördüm ki, futbol yoxdu, İsveçə gəlib burda oynadım. Halbuki başqa ölkələrə də yollanmaq imkanım vardı. Səmimi deyim, özümü tanıyandan xaricdə yaşamaq istəmişəm. Belə bir şans gözləyirdim. Ona görə də o vaxtdan burda qaldım. Çünki hər şey məni qane edirdi. Başqalarının əvəzinə danışmağım düzgün olmaz. Mən, sadəcə, işsizlik ucbatından gəlmişdim. Futbolçu karyeramı bitirdikdən sonra bir ara şirkətlərin birində sürücü kimi işləyirdim. Həm məşqçilik edirdim, həm də sürücülük. "Erebru” klubu mənə kateqoriya almaq imkanı da yaratdı. İndi həm məşqçilik edirəm, həm də şirkətdə çalışıram. Şükür Allaha, burda məni hər şey qane edir. Artıq öyrəşmişəm. Azərbaycanda bir az pul olan kimi əcnəbilərə güvənirlər. Ona görə də İsveçdə qalmağım məqsədəuyğundu”.
Elnur Qəmbərov: "Niyə getdim? Yaxşı olar ki, bu sualı Futzal Federasiyasının prezidenti Zaur Axundova ünvanlayasız. O sizə daha dolğun məlumat verəcək (təkid edəndən sonra danışır). Azərbaycanı tərk etməyimin iki səbəbi vardı: işsizlik və hörmətsizlik. Komandam çempion oldu, özüm ilin ən yaxşı məşqçisi adına layiq görüldüm, lakin o boyda ölkədə mənə iş tapılmadı. Hər şeydən bezdim. Ailəmi götürüb gəldim Kanadaya. İndi burda 9-14 yaş aralığında üç qrupda olan uşaqlara məşq keçirəm. Burda insana olan hörmət bir başqa aləmdi. Az qala əllərinin üstündə gəzdirirlər. Adam güzgüyə baxanda özündən zövq alır. Amma nə qədər olmasa da, vətən elə vətəndi. Bakı üçün çox darıxıram, çox”.
HƏBİB, Futbol+ qəzeti 

Oxşar xəbərlər

Sumqayıtda "Ziko" futbol məktəbi - FOTO
Qərib İbrahimov: "Keşkə Azərbaycanı daha əvvəl tərk edəydim"
Şeydayev: “Ümidlərimi daha çox Azərbaycan millisinə bağlayıram”
Azərbaycan çempionatının bombardiri olan futbolçu..."Evlərdə tavanları təmir edirəm..." - ÖZƏL
Bizim millətə hörmət etmirlər...Müsahibə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər