Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bizim millətə hörmət etmirlər...Müsahibə
Futzal üzrə Azərbaycan çempionatının 2014/15 mövsümünü bu çempionatın tarixi ərzində ən gərgin mövsüm saymaq olar. Belə ki, illər sonra yeni yaranmış "Xəzər adaları" klubu "Araz"ın ölkə çempionatındakı hegemonluğuna son qoydu. Ancaq maraqlıdı ki, "Xəzər adaları" çempion olduqdan sonra klubun sahibi, iş adamı Hacı İbrahim Nehrəmli komandaya yardımı dayandırdı. Bununla da, yeni yaranmış komanda tarixin yaddaşına köçdü. Komandada top qovan legionerlər ölkələrinə qayıtdı, yerli futzalçılar isə hərəsi bir komandaya üz tutdu. Gərgin keçən mövsümün sonunda "Xəzər adaları"nın dağılması, "Fənər"in isə imtina etməsiylə, Azərbaycan avrokuboklarda bir komandayla belə, təmsil olunmadı. "Xəzər adaları"nın çempionluğunda heç şübhəsiz, komandanın baş məşqçisi Elnur Qəmbərovun xüsusi rolu oldu. Amma maraqlıdı ki, "Xəzər adaları"nın dağılmasıyla birlikdə gənc mütəxəssis də "yoxa çıxdı”. "Araz"ın uzun illər davam edən hegemonluğuna son qoyan Qəmbərovun adına nə futzal klublarımızda, nə də milli komandanın məşqçilər korpusunda rast gəlmədik. Gənc mütəxəssisin hazırda harda olduğunu və nə işlə məşğul olduğunu öyrənmək üçün onunla əlaqə saxladıq. Hazırda Kanadada olan Qəmbərov Komanda.az-a müsahibəsində hazırki fəaliyyəti, ölkə futzalının vəziyyəti, milli komandaya məşqçi təyinatı kimi bir neçə məsələ barədə fikirlərini bildirdi. - Elnur bəy, ötən mövsümdə "Xəzər adaları" çempionatda rəqib tanımırdı. Ancaq sonra birdən hər şey tərsinə getdi və komanda dağıldı. Ondan sonra sizdən də səs-soraq gəlmədi. Hazırda nə işlə məşğulsuz? - Komanda dağıldıqdan sonra iki dəfə - Moskvada və Minskdə öz hesabıma məşqçi kurslarında iştirak etdim. Ondan sonra hələ ki, işsizəm. Çox qapı döysəm də, ortada heç nə olmadı. Əvvəl futzal federasiyasının baş katibinə, çox hörmət etdiyim Mahmud müəllimə (Mahmud Sadıqov) müraciət etdim, bir şey çıxmadı. Daha sonra federasiya prezidenti Zaur Axundova müraciət etdim, mənə dedi ki, "narahat olma, sən ən azı "Araz"da məşqçi köməkçisi olacaqsan". O da yalan çıxdı. Ən sonda AFFA-nın baş katibi Elxan Məmmədova müraciət etdim. Mənə dedi ki, "iş barəsində vəziyyət çətindi, böhrandı, amma kurslara göndərilməyinə köməklik edəcəm". Amma o da sözünün üstündə durmadı. Dörd dəfə katibəsinə zəng etsəm də, dedi "vaxtı yoxdu, qəbul edə bilmir". Ancaq "Xəzər adaları"nda baş məşqçi olanda, məni bir zəngimlə qəbul edirdilər. - "Xəzər adaları" dağıldıqdan sonra çempionatdakı komandaların heç birindən təklif olmadı? - Yox, komanda var ki çempionatda? "Neftçi"də İlqar Aslanov işləyir. "Ekol"a əcnəbi məşqçi dəvət etdilər. Sonra ikinci dövrədə komandada baş məşqçi olmadı, lakin yenə də mənə dəvət göndərmədilər. Halbuki, ötən mövsüm mən bu komandaların hamısına çox rahatlıqla qalib gəlmişdim. - Hazırda nə işlə məşğulsuz? - Hazırda Kanadadayam. - Kanadaya işlə bağlı getmisiz? - Bəli, gələn ay inşallah, burdakı "Toronto" futzal klubuyla müqavilə imzalayacam. Ancaq hələ ki, dəqiq deyil. - Baş məşqçi təyin olunsaz, bu komandaya yerli futzalçılardan dəvət etmək barədə düşünmürsüz ki? - Hələ heç nə dəqiq deyil. Burda "Toronto" komandasının meneceriylə görüşdüm. Məndən soruşdu ki, "bizimlə işləyərsən", mən də təklifi müsbət qarşıladım. Hələ dəqiq məndən nə tələb olunacağını bilmirəm. Onlara legioner lazım olsa, dəvət barədə düşünmək olar. - Futzal üzrə millimizə yeni baş məşqçi təyin olunub. Yığmanı braziliyalı mütəxəssis Milton Luiz Ziller çalışdıracaq. Son illər yığmaya ancaq əcnəbi məşqçilər cəlb olunur. Sizcə, bu vacibdi? Nəzərə alaq ki, ötən il sizin çalışdırdığınız "Xəzər adaları" əcnəbi məşqçinin çalışdırdığı "Araz"ı geridə qoymuşdu... - Nəinki "Araz"ı, "Fənər"i, "Ekol"u da geridə qoyduq ki, bu komandaların hamısını əcnəbi mütəxəssislər çalışdırırdı. Görünür, kiməsə əcnəbi mütəxəssislərin işləməsi lazımdı. Səhv eləmirəmsə, son 10 ildə ilk dəfə yerli məşqçi ölkə çempionu oldu. Ən yaxşı məşqçi adına layiq görüldüm, ancaq ortada heç nə olmadı. Bu sualı futzal federasiyasına ünvanlasaz, daha yaxşı olar. Görəsən, neçə 10 ildən sonra futzal millisində yerli məşqçi işləyəcək? Futzal federasiyası bir dəfə də olsun yerli məşqçiləri kurslara göndərməyib. Onlar nə işə baxırlar, mənə çox maraqlıdı. - Kurslara göndərilməklə bağlı federasiyaya müraciət etmisiz? - Əlbəttə. Ancaq federasiya prezidenti Zaur Axundov heç mənim zənglərimə cavab vermədi. Amma əvvəllər gecə saat 2-də belə, zəng edirdi. - Sizcə, federasiyada əcnəbi məşqçilərə rəğbət nədən qaynaqlanır? - Bizim millətə hörmət etmirlər. Zaur Axundov elə bilir ki, futzal millisi onun şəxsi komandasıdı. Kimi istəyir, onu da dəvət edir. Heç olmasa, normal çempionat keçirərdilər... Ancaq Hacı İbrahim Nehrəmli ("Xəzər adaları"nın prezidenti) mənə inanaraq, komandaya baş məşqçi təyin etmişdi. Baxmayaraq ki, çoxu ona "Elnuru işdən çıxar" deyirdi. O isə sonadək mənə inandı. Buna görə ona minnətdaram. - Yeni məşqçinin köməkçisi kimi millimizin sabiq üzvü Biro Jade təyin edildi... - Biro çox güclü oyunçu idi. Hətta deyərdim, Azərbaycana gəlmiş ən güclü legionerdi. Ancaq o, heç bir yerdə məşqçi kimi çalışmayıb. Buna baxmayaraq, ona etibar edirlər, bizə yox. Yenə də xaricdən 3-4 oyunçu gətirəcəklər, sonra da çıxıb deyəcəklər ki, "inkişaf var". Biabırçılıqdı! - Bir çoxu millinin hazırki nəticələrinin əsas səbəbkarı kimi məhz legionerləri göstərir. Sizcə, legionerlər olmadan millimiz hazırki nəticələri əldə edə bilər? - Açığı, indiki yerli uşaqlarla yox. - Bəs çıxış yolunu nədə görürsüz? - Bunun üçün işləmək lazımdı. "Araz" son 11 ildə hansı yerli oyunçunu yetişdirib? Çempionatın səviyyəsi qaldırılmalıdı. Milliyə yerli futzalçılar dəvət edilməlidi. Amma eyni oyunçuları yox. Millinin baş məşqçisi digər klubların məşqçiləriylə məsləhətləşməlidi. Hansı oyunçunun daha hazırlıqlı olmasını öyrənməlidi. - Qarşıdan dünya çempionatı gəlir. Millimiz ilk dəfə bu yarışda iştirak edəcək. Sizcə, yığmamız yeni məşqçilərin rəhbərliyi altında İran, İspaniya və Mərakeş yığmalarıyla oyunlardan üzüağ ayrıla biləcək? - Sizcə, İspaniya və İran millilərinə qalib gəlmək mümkündü? Məncə, yox. Bir də deyirəm, millidə yerli məşqçilər çalışmalıdı. Məni yox, heç olmasa, başqa yerli məşqçini dəvət etsinlər.
Komanda.az Elnur Həmidov
Oxşar xəbərlər
Xaricdə yaşayan azərbaycanlı məşqçi geri dönür - Ölkə çempionatında yeni iddialı kluba rəhbərlik edəcək - ÖZƏL
"Bir adam sizi qoyub qaçır, siz onu yenidən qaytarırsız?" - baş məşqçinin təyinatına münasibət
"Xəzər Adaları": inkişaf, yoxsa zərbə? (LAYİHƏ)
Sabiq “Xəzər Lənkəran”lı paytaxt klubuna baş məşqçi təyin olundu - ÖZƏL
Azərbaycan yığmasında yeni məşqçi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası