reklam
Sportfm.az xəbər saytı

"Ermənilər oyunu onlara satmaq üçün bizə idman dəstləri təklif etdi" -Naxçıvanlı veteran


Avtomobillə səkiyə yaxınlaşanda Sakit müəllim(Sakit Rzayev – Naxçıvan Futbol Federasiyasının sədr müavini - A.Ə) yolun qırağında dayanan, yaşı maksimum 50-ni göstərən, qırmızı idman ayaqqabılarında, ağ kepkada və qara eynəkdə dayanan adamın qarşısında saxlamağı xahiş etdi. Mən təəccüblə: - Veteran futbolçu budur? - deyə soruşdum. Sakit müəllim gülərək: - budur - dedi. Avtomobilə əyləşən qırmızı köynəkli veteran futbolçu(adamın elə deməyə dili gəlmir) salamlaşdıqdan və özünü təqdim etdikdən sonra söhbətə başladı: - Bu gün səhər stadionda 20 “kruq” qaçmışam. Mən şokdan ayılana kimi - axşam isə trenajor zalında məşqim var – deyə, əlavə etdi. Bu maraqlı insanla rahat söhbət etmək üçün Naxçıvan şəhərində Təbriz kimi tanınan yerə yollandıq.

 Naxçıvan futbolunun ən istedadlı yetirmələrindən biri olan Vilayət Əmirov daha sonra danışdırmalı idim. Muxtar Respublikada olduğum zaman ilk olaraq Naxçıvanın tanınmış futbolçularından olmuş Canpolad Həsənovla(“Araz”ın sabiq üzvü – A.Ə) görüşməli idim, amma təəssüflər olsun ki, veteranın sağlıq durumu buna imkan vermədi. Elə Əmirov da söhbətə Canpoladın hazırki vəziyyətindən bəhs edərək başladı:

Bu yaxınlarda əməliyyat keçirib, yaxşı danışa bilmir, üstəlik danışanda stres keçirir. Onun yaxşı vaxtları olub. Çox heyif ki, yaş öz sözünü deyir. Məni görürsən(bədənini göstərir), yaşı yaxına buraxmıram(gülür).

Doğurdanda Vilayət Əmirovun 62 yaşı olsa da, ona maksimum 50 yaş vermək mümkündü. Adam gənc və gümrahdı, idmançı ruhu onu qocalmağa qoymayıb.

- Deyilənlərə görə, Canpoladın meydana çıxdığı matçlarda heç vaxt üstü bulanmazmış, butsları tər-təmiz olarmış. Bu doğrudu?

- Həm də nəyi var doğrudu. Adam topu özündə saxlamırdıki, alırdı-verirdi. O qədər gözəl və səlis ötürmləri vardıki, hamı ona həsəd aparırdı. Həmişə deyirdi ki, neynirəm üstümü bulayıb, ayağıma niyə vursunlar?!. İndi belə oyunçular nə gəzir(ah çəkir).

- Həmin dövrlər Naxçıvanda xeyli istedadlı futbolçu yetişib. Sizin özünüz də “Araz”da, “Neftçi”də çıxış etmisiz, bombardir olmusuz.

- Hər şey məhəllələrdən başlayıb. Bizim şəhərdə hər məhəllənin öz komandası vardı. Öz aramızda oynayırdıq. Bizim komandamızın adı “Qağayı” idi. Yaxşı uşaqlar toplanmışdı. Digər məhəllələri daim udurduq. Məndə hücumda oynayırdım.

- Yəni heç yerdə məşq etmirdiz, sadəcə məhəllə komandasında oynayırdız.

- Bizim üçün məşq etmək futbol oynamaq idi. İndi bəzən uşaq komandalarının məşqlərinə baxıram, ancaq məşq keçirlər. Uşağa oyun verin, ay bala, qoyun oyun oynasınlar. Çox məşq etməklə bir şey alınan deyil.

- Məhəllə komandasından peşəkar kluba necə gəldiz?

- O vaxt məhəllə komandaları arasında turnirlər keçirilirdi. Bir dəfə biz finala çıxdıq və qalib gəldik, qolları isə mən vurdum. Təbii ki, belə yarışları müxtəlif komandaların məşqçiləri izləyirdi. Final qarşılaşmasından sonra “Araz”ın məşqçiləri məni kluba dəvət etdi. Onda uşaq idim, 14-15 yaşım olardı.

- Daha sonra gənc yaşlarınızda əsas heyətdə çıxış etməyə başladız.

- Bəli, 16 yaşında artıq əsas heyətin üzvü idim. Böyükağa Hacıyev, Vaqif Sadıqov, Məhərrəm Həsənov və digər futbolçularla birlikdə çıxış edirdim. 8 nömrəni geyinirdim, boyum da balaca(166 sm – P.S), başla qolları sıralayırdım.

- Peşəkar klubun əsas heyətinə düşəndə nə kimi çətinliklər yaşadız?

- Mənim boyum balaca olsa da, fiziki cəhətdən güclü futbolçuydum. Ağır məşqlərə dözürdüm. Ciddi rəqabət də vardı. Əsas çətinliyim isə söz götürməməyim idi. Yaşda məndən böyük oyunçular nəsə tərs bir şey deyəndə özümdən çıxırdım.

- Nə deyirdilərki?

- Vallah, indi hamısını unutmuşam. Qalsın tarixdə. 

- Sözlərinizdən belə çıxırki, sizdən etmək istəmədiyiniz nəyisə etməyinizi istəyiblər.

- O dövrdə çox şeylər olub. Naxçıvandan olan futbolçular hamısını yaxşı bilir.

- Deyin bizdə bilək...

- Yaxşı deyirəm...(gülür). Oyunların, hakimlərin satılması, alınması, nələr-nələr.

- Bu hansı dövrdə olub?

- “Araz” Naxçıvan SSRİ çempionatının 9-cu zonasında çıxış edirdi. Orda Gürcüstan, Ermənistan klubları da vardı.  Azərbaycan komandaları az idi. Birdə baxırdın 2-0 öndə olduğumuz oyunu uduzduq. Hakim yıxıb-sürüyürdü, xüsusən də, səfərdə. Bizdədə olurdu. Mən belə şeylərə dözən deyiləm axı. Hirsimdən dodağımı gəmirə-gəmirə qalırdım.

- Yəni “Araz” bilərəkdən görüşləri uduzurdu?

- Bizə xal lazım olmayanda o qədər olubki. Onda hamı elə edirdi. Sovet vaxtı hamıya eyni gözlə baxırdıq, ayrı-seçkilik yox idi. Bizə xal lazım olanda onlar, onlara lazım olanda biz. Bir dəfə Ermənistanın "Kotayk" klubu(Abovyan şəhərinin təmsilçisi - A.Ə) bizə oyunu vermək üçün idman dəstləri təklif etdi. Onlardan o vaxtdan zəhləmiz gedirdi, imtina etdik. 

- Sonra “Neftçi”yə keçdiz, həm də gənc ikən. Çətin olmadı?

- Mən döyüşkən, mübarizəni sevən biriyəm. Uşaqlığımdan beləyəm. Orda çətin olacağını bilirdim, amma buna hazır idim. Getdim komandaya 18 yaşında. “Araz”dan xeyli futbolçu götürdülər. Biri də mən. Bakı kimi şəhər, böyük klub, ancaq itmədim. Çalışırdım, vuruşurdum. Sizə onu deyim ki, “Neftçi”də təkcə çalışqanlıqla iş bitmir, orda elə şeylər vardıki...(başını yelləyir)

- Nə vardı?

- Hərənin öz qruplaşması mövcud idi. Danışırdılar, oyunda onlar olanda ötürmə belə vermidilər. Bu haqda çox danışılıb, özünüz yəqin eşitmisiz. Adi məşqlərdə belə qruplaşmalar önə çıxırdı.

- Qruplaşmanı yaradanlar kimlər idi, məşqçi bunun niyə qarşısını almırdı?

- Ala bilirdiki?! Hamısı tanınmış, adlı-sanlı futbolçular idi. Onlar komandada nə deyirdisə, o da olurdu. Lazım gələrdisə məşqçini də qovdurardılar.

- Hətta belə?!

- Bəs nə...

- Amma ad çəkmirsiz..

- Azərbaycan futbolunun içində olanlar gözəl bilir ki, kimlərdən bəhs edirəm. Onların adını hamı bilir!

- Belə görürəm “Neftçi”də bu səbəbdən çox qalmamısız.

- Hara qalıram, cavan idim. Oynamaq istəyirdim. Ona görə geri Naxçıvana qayıtdım. Onda əyalətdə yaxşı komanda formalaşmışdı. Döndüm və başladım yenə qolları sıralamağa.

- 8 nömrəli futbolkaya sevgi sizdə hardan idi?

- Nə bilim düşürdü də mənə...(gülür)Uşaqlıqdan o nömrə altında çıxış edirdim.

- Deyəsən karyeranızın sonuna yaxın 8 nömrəli futbolka ilə bağlı bir hadisə də olub.

- Türkiyədə, bəli. 37 yaşım vardı, “İğdırspor”la anlaşdım. Məni yoldaşlıq matçında görmüşdülər. Yaşımı da 8 il azaltdılar, oldum 29 yaşında(gülür)

- Yəni sizi “lipa”laşdırdılar!

- Özüdə necə! Dedim niyə belə edirsiz, dedilər lazımdı.

- Forma ilə bağlı insident necə baş verdi?

- Ora gedəndə Trabzondan gələn bir futbolçu ilə 8 nömrə üstündə davamız düşdü. O da yaxşı oyunçuydu. Elə tutdurmuşduki, 8 mənlikdi. Onunla şərt kəsdim, dedim növbəti qarşılaşmada ikimizdə meydanda olacağıq, komandanın üzvləri, məşqçilər korpusu 90 dəqiqənin sonunda kimin daha yaxşı oynadığını söyləsin, 8-də onun olsun. Razılaşdı.

- Necə oldu?

- Həmin görüşdə iki qol ötürməsi verdim və bir qol vurdum, təbii ki, 8 mənim oldu(gülür).

- Hazırda rəqs müəllimi kimi çalışırsız.

Mən futbola getmədən öncə rəqsə getmişəm. Futbol məşqlərinə başlayanda belə rəqsdən qalmırdım. Ona görə cəld idim, sürətli idim.

Qeyd edək ki, “Araz”da yarımmüdafiəçi kimi çıxış edən Vilayət Əmirov klubun tarixində ən çox qol vuran futbolçulardan biridi.

Araz Əhmədov 

Oxşar xəbərlər

Tofiq Mikayılov: "Mənim adım Böyükağa müəllimin siyahısında yox idi"
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
Azərbaycanlı futbolçuların "Dyadya"sı: "Bir nəfər belə gəlib məni yoxlamadı"
"Məni çağırıb dedi ki, "ya "Şəfa" ilə müqavilə bağla, ya da səni futboldan siləcəm" - MÜSAHİBƏ
53 yaşına qədər futbol oynayan Bərdənin "at Əli"si - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər