53 yaşına qədər futbol oynayan Bərdənin "at Əli"si - MÜSAHİBƏ
Azərbaycan futbolunda ad qoymuş bir çox tanınmış oyunçunun ləqəbi olub. Hətta elə futbolçular olub ki, onları yalnız ləqəbi ilə tanıyıblar. Ölkə miqyasında tanınmasa da, Bərdə rayonunda “at Əli” ləqəbli Əli Quliyevi tanımayan yoxdur. Hazırda Bərdə şəhərinin 3 saylı tam orta məktəbində idman müəllimi kimi çalışan veteran futbolçuyla söhbətə də məhz ləqəbi ilə bağlı sualla başlamaq istəyirdim ki, buna imkan vermədi:
- Bilirəm nəyi soruşacaqsınız, onu axırda deyəcəm. Əvvəlcə ilk məşqə necə getməyimdən danışmaq istəyirəm. 11-12 yaşım olardı, çətin dövr idi. Hərəmizin bir cüt cırıq idman ayaqqabısı vardı, hər gün saatlarca topun dalınca qaçmaqdan yorulmazdıq. Sonradan Bərdə rayon mərkəzində fəaliyyət göstərən futbol bölməsinə yazıldım. Beləcə toplu günlərim başladı.
- Və uşaq komandasından “Pambıqçı”ya qədər yüksəldiniz...
- Bəli, artıq 18 yaşında rayon komandasının əsas heyətində çıxış edirdim. Düzdür, arada başqa bölgələrin komandalarına yollandım, amma Bərdədən ayrı qala bilmədim. Mən buralara çox bağlıyam.
- Bildiyimə görə, hətta Kirovabad “Dinamo”sundan təklif almısınız.
- Olub belə bir şey. Ancaq həmin vaxt Bərdə komandasını buraxıb getmək istəmədim. Çox təkliflər olurdu. Özümü başqa klubda təsəvvür edə bilmirdim.
- Deyilənlərə görə, 45 yaşına qədər “Pambıqçı”nın şərəfini qorumusunuz.
- 1981-ci ildə “Pambıqçı” forması ilə ilk matçıma çıxmışam. Onda 28 yaşında idim(Əli Quliyev 1953-ci ildə dünyaya gəlib-A.Ə). 1997-ci ilə qədər bu komandanın formasını daşımışam. 44 yaşında böyük futbolla vidalaşdım. Düzdür, ondan sonra yenə futbol oynayırdım. 53 yaşına qədər yaşıl meydanlarda məni görmək mümkün idi. 2005-ci ildə “ABN-Bərdə”yə baş məşqçi təyin edildim. 2009-cu ildə bu komandayla 28 oyuna 51 xal toplayaraq Birinci Divizionun qalibi adını qazandıq.
- Çox sürətli müdafiəçi olduğunuzu söyləyirlər.
- Hər halda yalandan deməzdilər(gülür). Öz üzərimdə çox çalışırdım. İndi bəzən gənc futbolçulara baxıram, qaçmağa belə həvəsləri yoxdur.
- Əli müəllim, deyəsən sürətli olmağınıza görə sizə ləqəb də qoşublar.
- Bilirəm ki, bayaqdan bunu soruşmaq istəyirsən. Bəli, mən Bərdə komandasında çıxış edəndən adıma “at Əli” deyirdilər. Sürətli olmaqla bərabər, sərt müdafiəçi idim, yəqin ona görə mənə elə ləqəb qoymuşdular. Əvvəllər məni belə çağıranda acığım gəlirdi. Zaman keçdikcə alışdım.
Xatırlatmaq yerinə düşər ki, 2005-ci ildə “ABN-Bərdə”yə baş məşqçi təyin olunan Əli Quliyev bir il sonra, 53 yaşında yaşıl meydana yenidən ayaq basıb.
Söhbətləşdi: Araz Əhmədov
(Müsahibənin alınmasında göstərdiyi köməkliyə görə Aqşin Qiyaslıya minnətdarlığımızı bildiririk)

Oxşar xəbərlər
"Ermənilər oyunu onlara satmaq üçün bizə idman dəstləri təklif etdi" - Naxçıvanlı veteran
Dağılan bölgə futbolu! - Uçurum dərinləşir
9 ildən sonra Bərdədə "qol" səsi eşidildi - FOTO
"Bərdə" klubunun üzvü mükafatçılar sırasında
"Bərdə" klubunda görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası