Qurban Qurbanov “ilahiləşdirilir”?
Qurban Qurbanovun milli komandanın baş məşqçi postuna təyinatı hamıda bir ümid yaratdı. Nəhayət ki, uzun illər yığmamıza rəhbərlik edən və ortalığa ciddi bir iş qoymayan əcnəbilərdən canımız qurtardı. Karlos Alberto Torres, Berti Foqts və Robert Prosineçkidən sonra ölkənin əsas komandası azərbaycanlı mütəxəssisə tapşırıldı. Əslində Qurbanovun milliyə gətirilməsi ilə bağlı söhbətlər hələ xeyli əvvələ gedib çıxırdı. Hətta həmin vaxt AFFA-nın prezidenti Rövnəq Abdullayev Qurbanovun gənc olduğunu əsas gətirərək, tələsməməyi məsləhət görmüşdü.
Avropa səviyyəli klub
“Qarabağ”ın ardıcıl Avropa Liqasının qrup mərhələsində oynaması və nəhayət, ötən il Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlməsi Qurban bəyin qəti əleyhidarlarının da fikrini dəyişdi. Onun qurduğu komanda artıq Avropa futbolu oynayır, “Atletiko”dan xal alır, “Roma” ilə başa-baş mübarizə aparır, “Çelsi”dən qorxmurdu. Yəni belə vəziyətdə federasiya rəhbərliyinin “Qarabağ”ın baş məşqçisini yığmaya dəvət etməkdən başqa çarəsi yox idi. Həm də deyilənə görə, ölkə başçısının da bu işə müsbət yanaşması başqa variantların üstündən xətt çəkirdi.
Aydın məsələdir ki, milli ilə klub fərqli-fərqli sahələrdir. Hətta Qurbanov “Qarabağ”da qazandığı nüfuzu yığmada bir neçə ayın içində xərcləyə bilər. Hər halda Ağdam klubundan fərqli olaraq milli komandada Şehiç, Gerye, Miçel, Kintana, Jezniçak yoxdur.Qurbanovun yığma ilə yanaşı klubdakı işindən də imtina etməməsi müəyyən qiciq doğura bilər. Moldova ilə yoldaşlıq oyunu üçün çağırılan heyətin mətbuat tərəfindən uzun müddət müzakirə olunması da dediyimizin sübutudur. Düzdür, klublar hələ ki bu məsələdə səbrli davranır və yığmanın baş məşqçisinin qərarlarını şərh etmirlər. Amma kim təminat verir ki, müəyyən müddətdən sonra “Qəbələ” və ya “Neftçi”nin çalışdırıcısı buna qarşı çıxmayacaq?
Əmirquliyev kapitan sarğısı daşıyır, oynayanlar kənarda qalır
Moldova ilə oyuna “Qarabağ”da əsas heyətə düşməyən futbolçuların dəvət olunması birmənalı qarşılanmadı. Rahid Əmirquliyevin çempionatda nadir hallarda oynaması və Moldova ilə görüşdə start heyətində meydana çıxması ilk baxışdan diqqəti cəlb edirdi. Yeri gəlmişkən, Əmirquliyev elə həmin matçda bir neçə dəfə səhvə yol verdi. Yaxşı ki, rəqib bundan istifadə edə bilmədi. Cari mövsümdə 6 qol vuran Amil Yunanovun, həmçinin “Sumqayıt”ın digər futolçusu Bəxtiyar Həsənəlizadənin yığmaya çağırılmaması mətbuatın uzun müddət işıqlandırdığı mövzu oldu. Düzdür, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Qurban Qurbanovun bu qərarını dəstəklədiyini dedi. Amma indiki məqamda kim bu cür səlahiyyətlərə və nüfuza malik yığmanın çalışdırıcısı ilə münasibətlərini korlamaq istəyər?
“Qarabağ”ın əsas heyətinə az-az düşən Abbas Hüseynovun Moldova ilə oyunda ilk dəqiqələrdən meydanda olması da təbii ki, müəyyən narazılıq yaratdı. Maraqlıdır ki, yığmanın oyunundan sonra Qurbanov Abbasa Topaz Premyer Liqasında şans vermədi və o, ehtiyatda qalmağa başladı.
Əhməd Ələsgərovu, Ələkbər Məmmədovu tənqid etmək olar, Qurbanovu yox?
Əsl mərəkə Moldova ilə görüşdən qabaq Qurban Qurbanov millinin heyətini açıqlayan vaxt sosial şəbəkələrdə başladı. Gəlin etiraf edək ki, “Qarabağ”ın baş məşqçisi son illərdə böyük uğur qazanaraq, özünü “ilahiləşdirə” də bilib. Çox az adam və ya KİV nümayəndəsi var ki, Qurban bəyin hətta yanlış qərarlarını belə tənqid edə bilsin. Təxminən eyni sözləri Rəşad Sadıqov haqqında da demək olar. Əlbəttə, hər iki adam Azərbaycan futbolu üçün az iş görməyib. Xəyallarımızda canlandırdığımız Çempionlar Liqasının oyunlarını Bakıda izləyə bildik. Amma əgər yeri gələndə Anatoli Banişevski, Ələkbər Məmmədov, Əhməd Ələsgərov kimi klassiklər belə tənqid olunursa, deməli, Qurbanov və ya Sadıqov haqqında hər hansı tənqidi fikir səsləndirməkdən təbii heç nə ola bilməz. Amma təəssüf ki, çox vaxt qarşı tərəf buna adekvat reaksiya vermir. Elvin Yunuszadənin bu yaxınlarda işlətdiyi “əgər tənqidçilər Qurban Qurbanovun bildiyinin 1 faizini bilsələr, buna görə yalnız sevinərəm” açıqlaması dediklərimizi təsdiqləyir. Təəssüf ki, “Qarabağ” camiasının belə məsələlərdə mətbuatdan uzaq qaçması, açıqlama verməməsi də fikirlərin haçalanmasına gətirib çıxarır.
Komanda.az saytının baş redaktoru Rəşad Ergün də belə hesab edir ki, Qurbanovun “ilahiləşdirilməsi” yanlış addımdır: “Bəzi jurnalistlərin Qurbanovu “ilahiləşdirməsi” böyük səhvdi. Qurban Qurbanov Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ"ın baş məşqçisidi, onu həddən artıq tərifləmək, qüsursuz göstərmək bu çempionatdakı başqa mütəxəssislərə - Roman Qriqorçuka və digərlərinə hörmətsizlikdi. Təəssüf ki, bizim jurnalistlərin çoxu belə şeylərə fikir vermir və öz hisslərini jurnalistikadan uzaq, sıradan azarkeş kimi ifadə edirlər. Berti Foqts da, Robert Prosineçki də millinin "sükanı arxasında" olanda belə idi, yəqin bundan sonra da belə davam edəcək. Amma olmaz, qətiyyən olmaz. Jurnalist niyə tənqid etdiyini də, niyə təriflədiyini də bilməlidi”.
“Milli komandaya kim başçılıq edir etsin, əvvəl-axır tənqid olunacaq”
Həmkarımız hesab edir ki, Foqts və Prosineçki dönəmindən sonra Qurbanovun milliyə gəlişini çoxu uzun, əzablı həsrətin bitməsi kimi qiymətləndirdi: “Bu kateqoriyaya jurnalistlər də aiddi. Amma mən dəfələrlə yazılarımda qeyd etmişəm ki, milli komanda elə bir yerdi ki, ona kim başçılıq edir etsin, əvvəl-axır tənqid olunacaq, hətta mətbuat onu düşmənə də çevirəcək. Bu. Qurban Qurbanova da aiddir. Təbii ki, uğur olsa, tənqid də az olacaq. Amma biz gördük ki, Qurbanovun elə ilk qərarı – Moldova ilə oyuna açıqladığı heyət birmənalı qarşılanmadı və tənqid edənlər də tapıldı. Qurban Qurbanov səhv etmirmi? Edir. Məsələn, məncə, bir neçə il əvvəl “Qarabağ”ın Çempionlar Liqasında “Seltik” səddini keçə bilməməsinin əsas günahkarı Qurbanov idi. “Seltik” formada deyildi, keçiləsi rəqib idi, amma Qurbanov bunu “Qarabağ”ın futbolçularına aşılaya bilmədi. Və ya “Viktoriya” ilə oxşar ssenaridə keçən oyunlar. Yenə baş məşqçinin hansısa məqamda yol verdiyi səhvlər və “Qarabağ” mərhələni keçə bilmədi”.
Rəşad Ergünün fikirincə, tənqid olanda da bunu məntiqlə, ağılla etmək lazımdır: “Bundan sonra da Qurbanov dəfələrlə millinin heyətini açıqlayacaq. Təbii ki, mətbuat yazmalıdır, təhlil etməlidir. Amma məntiqlə, ağılla. Təəəssüf ki, bizim idman mətbuatında dərin təhlil bacarığı olanların sayı azdır. Mən bunu Berti Foqtsun 6 illik milli macərası zamanı da gördüm”.
“Heç kimi “ilahiləşdirmək” lazım deyil”
Sportfm.az saytının baş redaktoru Araz Əhmədov da hesab edir ki, Qurbanovun da səhvləri olur. Onun fikirincə, “Qarabağ”ın uğurlu olduğu kimi uğursuz oyunlarına da şahidlik etmişik: “İndiyə qədər millidə çalışan baş məşqçilərdən fərqli olaraq, Qurban bəy bu posta biləyinin haqqı ilə gəlib. Uzun zaman klubda gördüyü işlə yığmaya layiq olduğunu sübut edib. Ancaq səhvsiz insan olmur. Moldova ilə oyun öncəsi baş məşqçinin toplanışa dəvət etdiyi futbolçuların siyahısı açıqlananda oradakı bəzi adlarlarla razılaşmayanlar oldu. Bu hər zaman belə olub və olacaq da. Dünyanın hər yerində eyni situasiyadır. Hətta uzun illər “Mançester Yunayted”lə böyük uğurlar qazanan ser Aleks Ferqyusson bir dəfə demişdi ki, səhv etməmək mümkün deyil. Əgər belə olmasaydı, futbol çox mənasız oyun olardı”.
Həmkarımızın fikirincə, Moldova ilə oyunda bəzi futbolçuları yığmanın toplanışına dəvət etmək olardı: “Konkret desək, “Sumqayıt”dan Amil Yunanovla Bəxtiyar Həsənəlizadə milliyə çağırılmalı idi. Gəlin etiraf edək ki, Abbas Hüseynov yığmaya dəvət olunmaq üçün heç nə etməyib. Bəli, perspektivli futbolçudur, gələcək vəd edir, ancaq bu qədər. Toplanışdan sonra yenə “Qarabağ”da ehtiyatda qalır. Qurbanovu bu seçimlərə görə tənqid edənləri qınayanlar da oldu. Amma nəzərə almalıdırlar ki, tənqidsiz inkişaf mümkün deyil. Bunu Qurban Qurbanovun özü də dəfələrlə vurğulayıb. Heç kimi ilahiləşdirmək lazım deyil. Futbol varsa, səhvlər olacaq. Səhv olacaqsa, tənqid də qaçılmazdır. Bunu bir dəfəlik qəbul etmək lazımdır”.
Qarşıda millimizin Belarus və Makedoniya ilə oyunları gəlir. Deməli, yenə də futbol ictimaiyyəti ikiyə bölünəcək: baş məşqçini tənqid edənlər və tənqid edənləri tənqid edənlər.(futbol11.az)
Oxşar xəbərlər
Qurban Qurbanovun 12-ci ili
Qurban Qurbanovun dəvət aldığı türk klubuna cavabı - Təfərrüatlar
Qurban Qurbanov mükafatına qovuşdu - FOTO
Qurban Qurbanov millidən getdi!
“Qarabağ” Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunmasını qeyd edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası