Formula 1 çempionatında daha bir yarışın qalibi müəyyənləşdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı əsasında regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində "Sənin sürət formulan" devizi altında keçirilən simulyatorda Formula 1 çempionatının Şirvan yarışının qalibi artıq müəyyənləşib.
BŞH-dən Sportfm.az saytına verilən məlumata görə, yarışda Şirvan şəhərinin 18 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi Gülağa Abdullayev Bakı Şəhər Halqasını 1 dəqiqə 50 saniyəyə (1:50:106) dövrə vuraraq iştirakçılar arasında ən sürətli nəticə əldə edib.
Göstərdiyi uğurlu çıxışı ilə Novruz bayramı ərəfəsində Bakıda keçiriləcək final turuna adını yazdıran G.Abdullayev qalibiyyətinə belə münasibət bildirib: "Bakı Şəhər Halqasında yarışmaq mənim üçün çətin oldu. Sükan arxasında çox həyəcanlıydım. Həm də trekin qala divarlarının yanından keçən ən dar hissəsində sürmək çətin idi. Lakin bu çətinliklərə baxmayaraq bütün iştirakçıları üstələyərək qalib oldum.
Bakıda güclü rəqiblərlə mübarizə aparacağımı bilirəm və orada da ən sürətli çıxış nümayiş etdirərək qələbə qazanacağıma inanıram. Bundan başqa, yarışla yanaşı yol hərəkətinin təhlükəsizliyinə dair keçirilən təlimlərdə də iştirak etdim və yeni biliklər əldə etdim. Çalışacağam ki, bu qaydalara tam əməl edim".
Şirvanda təşkil olunan ikigünlük tədbirin ilk günündə - fevralın 22-də F1 simulyatorları şəhər sakinlərinin xidmətində olub. Həmçinin həmin gün şəhər məktəblərinin yuxarı sinif şagirdləri yol hərəkətinin təhlükəsizliyi qaydaları haqqında AAF-ın mütəxəssisləri tərəfindən keçirilən seminarlarda iştirak edərək müvafiq sertifikat əldə ediblər.
Tədbirin Şirvanda yüksək səviyyədə təşkilində birbaşa iştirak etmiş şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev layihənin böyük marağa səbəb olduğunu bildirib: "Bu çox gözəl təşəbbüsdür. Yaşından asılı olmayaraq şəhərimizin bütün sakinləri, xüsusən də gənclər bu layihəyə çox böyük maraq göstərdilər.
Şirvan yarışında şəhərdə yerləşən bütün tam orta məktəblərin 9-11-ci siniflərindən olan 200-dək şagird gərgin mübarizə aparıb. İndiyədək keçirilmiş yarışlarda ən sürətli nəticə 1 dəqiqə 49 saniyə (1:49:206) ilə Lənkəran şəhər 10 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi Azər Məmmədliyə məxsusdur.
Çempionatla əlaqədar növbəti yarış Füzuli rayonunda keçiriləcək. Fevralın 28-də F1 simulyatorları rayon sakinlərinin istifadəsinə veriləcək və eyni anda yuxarı sinif şagirdlərinə AAF-ın mütəxəssisləri tərəfindən təlimlər veriləcək, martın 1-də isə təlimdə iştirak etmiş şagirdlər arasında yarış baş tutacaq. Çempionatın digər yarışları isə martın əvvəllərində ardıcıllıqla Mingəçevir, Qax və Qubada keçiriləcək.
Oxşar xəbərlər
Formula 1 uşaqlar üçün təlim keçirdi - FOTO
"Qaliblərlə mübarizə aparmaq mənim üçün çox çətin oldu" - Fərid İslamov
Formula 1 çempionatına yekun vuruldu - VİDEO
117 nömrəli tam orta məktəbin komandası birinci oldu
258 nömrəli tam orta məktəb birinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası