Azərbaycan futzalının sifətinə vurulan 39 sillə -QEYD
2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının seçmə mərhələsində 17 yaşlı futzalçılarımızın iştirak edəcəyini biləndə çox sevinmişdik. Lakin, sevincimiz qursağımızda qaldı. Slovakiyada keçirilən qarşılaşmalardan sonra, hamı birağızdan “keşkə bu turnirdə iştirakdan məhrum edilərdik” dedi.
İndi isə gələk gənclərimizin yaşadığı faciənin başlanğıcına. Bütün məsələ Gənclər arasında Olimpiya Oyunlarının Təşkilat Komitəsinin qərarından sonra Azərbaycan Futzal Federasiyasının rəhbərliyi 17 yaşlıların yığmasını formalaşdırmağı Fuad Rzayevə həvalə etməsindən başladı. Gənc mütəxəssisə turnirə bir ay(!!) qalmış yığma komanda yaratmaq əmri verildi. Təbii ki, Rzayevin komandanı daha əvvəl yığmaq imkanı olsaydı, o bunu edərdi. Ancaq, federasiya rəsmiləri Slovakiyaya yollanacaq yığmanın 25-30 günə hazır olacağını düşündüyü, əlavə xərc çəkməyə ehtiyac duymadığı üçün belə qərar vermişdi. Azərbaycanda faktiki olaraq 16-17 yaşında futzal oynayanların yoxluğunu bilə-bilə uşaqlar "oda" atılmışdı. Baş məşqçi turnirə 25 gün qalmış “təlim-məşq toplanışı”na start verdi. 2-3 nəfər istisna olmaqla, futbol klublarımızın aşağı yaş qruplarında çıxış edən və ömründə parket üzərinə çıxmayan oyunçular yığmamıza cəlb olundu. Onlar birdən-birə güclü rəqiblərə qarşı matçlarda “yanmağa” məhkum edildi. Gündə bir saatlıq məşq, fərqli zallar və qidalanma olmadan. Hərdən isə 17 yaşlılar zal olmadıqda bu mötəbər futzal turnirinə hazırlaşmaq üçün sintetik örtüklü meydançada məşq edirdi! AFFA-nın anbarlarında qalan kiflənmiş “Umbro”nu(Halbuki yeni müqaviləyə əsasən, bütün yığmalarımız ancaq “Nike” şirkətinin istehsal etdiyi formaları geyinməlidi)uşaqlara paylamaqla işini bitmiş sayan rəsmilər, onları yamaqlı yol sumkaları ilə səfərə yola saldı. Ümumilikdə bu toplanış üçün ayrılan 35 min avro vəsaitin qarşılığında uşaqlar Şərqi Avropa ölkəsinə “bomj” kimi getdi. Ölkəmizin imici, futzalımızın reytinqi heçə sayıldı. Slovakiya, Rusiya və Hollandiya ilə görüşlərdə yeniyetmələrimiz cəmi 4-5 dəfə mərkəz xəttini keçdi, bir qol belə vura bilmədi. Matçlar zamanı onların adi futzal qaydalarından xəbərlərinin olmadığı üzə çıxdı. 3 görüşdə 39 dəfə topu tordan çıxaran yığma üzvlərinin hansı psixoloji sarsıntılar keçirdiyi hamıya məlumdu. İndi bu ağır məğlubiyyətlərin məsuliyyəti kimin boynuna yazılmalıdı? 39 dəfə mərkəzə dəvət olunan uşaqlar bundan sonrakı karyeralarında Azərbaycan yığmasını necə xatırlayacaqlar?
Araz Əhmədov
Oxşar xəbərlər
Futzal Olimpiya Oyunlarının proqramına əlavə edildi
"Çürük qoz" və ya günahkar elə Ağatahir Əzimovdur! - QEYD
Futzalçılarımız Rusiyadan 20 top buraxdı - RÜSVAYÇILIQ
Futzal yığmamız biabırçı hesabla məğlub oldu
Fuad Rzayev:"Mərhələni adlamaq mümkün deyil"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası