Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qızım Mariana Vasilyevanın adı gələndə qorxur"...Şok etiraf
Mariana Vasilyeva iki il Lalə Yusifovanın maaşını mənimsəyib
Gimnastın atasına susması üçün rüşvət təklif olunub
Bədii gimnastika yığmamızın baş məşqçisi Mariana Vasilyevanın və ona "ləbbeyk” deyən bəzi federasiya rəsmilərinin qeyri-qanuni işləri, idmançılara zülm verməsi, valideynlərin övlad sevgisindən sui-istifadə etməsi haqda təfərrüatları üzə çıxarmaqda Futbol+ qəzeti davam edir. Bolqar mütəxəssislə bağlı başqa məqamları da aşkarlamışıq. Bunları da hər kəsin diqqətinə çatdıracağıq. Amma buna qədər Vasilyeva və köməkçilərin böyük perspektiv vəd edən gimnastlardan birini – Lalə Yusifovanı necə bu idman növündən uzaq saldığını biləcəksiz.
Əvvəlcə gimnastı bir qədər yaxından tanıyaq. 1996-cı il oktyabrın 16-da Bakıda dünyaya gəlib. 13 yaşından beynəlxalq yarışlarda çıxış edən Lalə ilk ciddi uğurunu 2010-da qazanıb. Yeniyetmələr arasında Avropa çempionatında topla hərəkətlərdə gümüş medal əldə edən Lalə bir il sonra yeniyetmələrdən ibarət qrup komandamızın tərkibində analoji yarışın "bürünc”ünü boynundan asıb. 2012-dən böyüklər arasında çıxış edən gimnast Olimpiadadan sonra Çexiyanın Brno şəhərində keçirilən "Qran-pri”də 2 elementlə "gümüş” qazanaraq diqqətləri üzərinə çəkib. Bundan sonra da bir neçə beynəlxalq yarışda fəxri kürsüyə qalxan yığma üzvü Marina Durunda "milliləşdirildikdən” sonra tədricən "ofsayda düşüb”. 2014-ün sentyabrın 3-də, başqa sözlə, hələ 18 yaşı tamam olmamış karyerasını bitirib. Erkən gediş səbəbsiz deyil. Atası Elçin Rzayevin (Lalə nənəsinin soyadını daşıyır) qızının başına gətirilənlər haqda dediyini oxuduqdan sonra Vasilyevaya və ətrafındakılara nifrətiniz birə-beş artacaq:
"Laləni sıxışdırıb "Sərhədçi”də döyürdü. Qızımın bədəni, sifəti gömgöy idi. Mən də bunun səbəbini öyrənmək üçün ora getdim. Qızımı ordan götürdüm. Ertəsi gün məni Daxili İşlər Nazirliyinə (DİN) çağırdılar. Dedilər ki, sən Mariananı təhqir etmisən, səni tutacağıq. Mən də dedim ki, aşağıda jurnalistlər və qohumlarım var. Burdan çıxmasam, aləm bir-birinə dəyəcək. O zaman mənə rüşvət təklif etdilər. Mənimlə danışan şəxsin kim olduğunu bilmirəm. Əsəbi idim, çox şey yadımda qalmayıb. Onu bilirəm ki, bu məsələni şişirtməmək üçün mənə 300 dollar rüşvət təklif etdilər. Mənə dedilər ki, bu, Mehriban Əliyevanın federasiyası olduğu üçün etiraz eləmə. Onun adı gedir. Mən də qızımı yola gətirdim, dedim, qayıt məşqlərə. Lalə qorxduğunu söylədi. Bir təhər razı saldıq. Bir aydan sonra eyni şeylər təkrarlandı. Qızıma ağzına gələnləri deyirdilər. "Valideynlərin sənə heç nə verməyib” söyləyirdilər. Hətta Mariana "sən bizim qızıl yumurtlayan toyuğumuzsan” demişdi. Qızım yığmada olduğu müddətdə maaş üzü görmədi. Aylıq 400 manat əmək haqqı almalıydı. Amma 2 il ərzində pul almadı. Onun pulunu Mariana özünə götürürdü. Komanda hansısa yarışa gedəndə o biri qızlar "sutoçnı” kimi 1000 manat alırdısa, mənim qızıma cəmi 50-100 avro verirdilər. Hər şeydə səhv tutmağa çalışırdılar. 2012-14-cü illərdə qızıma belə əziyyət veriblər. Sağ ayağında diz qapağı zədəsi var idi. Heç kim də fikir vermirdi. Laləni xəstəxanaya apardım ki, vəziyyətini öyrənim. Məşqçi Natalya Bulanova həyat yoldaşıma zəng edib ki, niyə sənin ərin qızı həkimə aparır. Mən bu qızın atasıyam. Bilməliyəm nə var, nə yox. Bulanova aşağılayıcı sözlər deyib. Bunlar zədəni gizlətməyə çalışırdı. Diqqət sıfır səviyyəsində idi. Mariana qızımı həm fiziki, həm də mənəvi təzyiqlə söndürdü, onu gimnastikadan soyutdu. Nəticədə qızım məcbur olub 2014-də karyerasını bitirdi. Qızımı o vəziyyətə salıblar ki, indi Mariananın adı gələndə qorxur. Bu yaxında yoldaşım Vasilyevanın əleyhinə "feysbuk”da yazıb. Lalə də narahat olub ki, niyə elə yazırsan. Görün, qızın gözünü necə qorxudublar! Qızım 4-5 aydı bir az özünə gəlib. Əvvəl psixoloji baxımdan çox böyük problemləri var idi. Nə qədər həkimə pul tökdük. Məcbur olub, Binəqədidəki evimizi satıb Maştağaya köçdük. Lalənin cəmi 20 yaşı var. İndi də məşqlərə başlasa, böyük uğurlar qazana bilər. Karyerasını bitirdikdən sonra İspaniyadan dəvət gəldi. Orda 3 gün "master-klass” keçdi. Bir ay Estoniyada məşqçilik etdi. Hətta Amerika və Türkiyədən də onun xidmətində maraqlı olanlar var idi. Ancaq AGF-lə münasibətləri nəzərə alıb, sonradan fikirlərindən daşındılar.
Təkcə qızıma yox, başqa yerli gimnastlara qarşı da çox haqsızlıq ediblər. Sadəcə, gimnastlar, valideynlər, məşqçilər qorxularından səslərini çıxara bilmirlər. Aişə Mustafayevanı necə döymüşdülərsə, zaldan ayaqyalın qaçmışdı. Bir hadisədən də sonradan xəbər tutdum. Onu da deyim ki, dəfələrlə Vasilyevadan baş katib Fərid Qayıbova da, AGF-nin beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyevə də şikayət etmişəm, heç bir xeyri olmayıb. Əminəm ki, baş verənlərdən federasiya prezidenti Mehriban Əliyevanın xəbəri yoxdu. Ona yolladığım məktubun da ünvana çatmasına imkan verməyiblər. İndi sizinlə danışdıqca daha da əsəbləşirəm. İmkan tapsam, redaksiyanıza gəlib, daha ətraflı müsahibə verəcəm”.
Mənbə: Futbol+ qəzeti
Oxşar xəbərlər
"Gündə 15 dəfə qolu çıxırmış, hər dəfə yerinə salıb, məşqə çıxarırmışlar" ...ŞOK
Aelita Xələfova:"Azyaşlı qızlar gözümün içinə baxıb ağlayırdı" ...ŞOK
Vasilyeva yığmamızın üzvünə:"Murdar qanını döşəmədən sil!"... ŞOK
Natalya Nərimanova:"Məşqçilikdə Marianaya çox şey öyrədə bilərəm"
Mariana Vasilyeva istedadlı gimnastlarımızı necə “məhv edir”?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası