reklam
Natalya Nərimanova:
Sportfm.az xəbər saytı

Natalya Nərimanova:"Məşqçilikdə Marianaya çox şey öyrədə bilərəm"


"Spartak” idman cəmiyyətinin bədii gimnastika üzrə məşqçisi, yığmamızın sabiq çalışdırıcısı Natalya Nərimanova, millimizin hazırki baş məşqçisi bolqarıstanlı Mariana Vasilyevanı "yıxıb-sürüdü”.

"4 ay yeyib-içməməliyik ki, seminara 250 manat pul verək”

Hər sayımızda bədii gimnastika yığmamızın baş məşqçisi Mariana Vasilyevanın etdiyi ağılalmaz işlər haqda yeni-yeni məlumatları diqqətinizə çatdırırıq. 2008-də qrup komandamızı Pekin Olimpiadasına aparmış, daha sonra əsassız yerə yığmadan uzaqlaşdırılmış Natalya Nərimanovanın da deyəcəkləri vardı: 
- Əvvəlcə yığmada çalışdığınız vaxtda gördüyünüz işlərdən danışmağınızı istərdim.
- 2003-cü ildən millidə çalışmışam. Mənim vaxtımda ancaq Anna Bitieva legioner idi. 2005-ci ildə dünya çempionatı ölkəmizdə keçirildi. Bizə deyildi ki, heyətə bir legioner götürmək lazımdı. Bu üzdən Bitiyevanı 6-cı qrup üzvü kimi heyətə cəlb etdik. O zaman gimnastlarımızın sayı az idi. Ona görə də legionerə müraciət etməyə məcbur olduq. Qızlarımız fərqli klublardan cəlb olunmuşdu. 
- Fərdi çıxışlarda iştirak edən Dinara Gimatova, Anna Qurbanova və Aliyə Qarayeva, məşqçilərin, yoxsa federasiya rəhbərliyinin tapıntısı idi?
- 2002-də federasiya qurulanda tez bir zamanda nəticə əldə etmək üçün Rusiyadan Gimatova heyətə cəlb olundu. Dünya çempionatının reqlamentində göstərilmişdi ki, 3 gimnastla təmsil olunmalısan. O zaman Qurbanova və Vəfa Hüseynova da yığma üzvünə çevrildi. Bundan sonra qrup komandası formalaşdırıldı. O zaman Rusiya ilə münasibətlərimiz sıx idi. Bu ölkənin məşqçiləri proqram hazırlamaqda bizə kömək etdilər. O zaman böyük təcrübəm yox idi. Qrup komandasıyla heç vaxt işləməmişdim. Avadanlıqlarımız, geyim çatışmırdı. 2004-də Dünya Kubokuna ilk dəfə qatılanda çox utanmışdım. Çünki geyimlərimiz çox pis idi. Əvvəl bizimlə rusiyalı məşqçi işləyirdi. Sonra gördü ki, qrup komandamızın potensialı yüksəkdi. Natalya Dmitrova sırf bu komandayla çalışmaq istəyirdi. Onunla pis münasibətimiz yox idi. Amma o da çalışırdı ki, Rusiyadan hansısa gimnastı yığmamıza cəlb etsin. Mən isə buna imkan vermirdim. 2007-də dünya çempionatına 5 yerli və 1 legioner qızla qatıldıq və Olimpiadaya vəsiqə qazandıq. Bu, gimnastika tariximizdə ilk və son oldu.
- Lisenziyanı qazanmağınız AGF-də necə qarşılandı?
- Onlar çox şad oldular. Çünki hamı deyirdi ki, bacarmayacaqsız. Baş katib Fərid Qayıbov da bunu söyləyirdi. Mən isə cavab verirdim ki, idman xoşbəxtliyi tərəfimizdə olsa, bacararıq. Belə də oldu. Baş katib banket keçirdi və "nə yaxşı ki, bu lisenziyanı sən qazandın” dedi. Heç kim məsuliyyəti üzərinə götürüb, komandanı DÇ-yə aparmaq istəmirdi. Amma çəkinmədən bu yükün altına girdim və lisenziyanı qazandım.
- İndi isə keçək Mariana Vasilyevanın bura gəlişinə...
- İndiyə kimi yadımdadı. O bura 2008-in yanvarın 19-da gəldi. Buna kimi artıq lisenziyanı qazanmışdıq. Onu sırf bura hərəkətlərin quruluşçusu kimi dəvət etmişdilər. Buna narazı deyildim. Çünki hamı yazırdı ki, Azərbaycana güclü məşqçi gəlib. Komanda üçün yaxşı musiqilər seçmişdim. Fikrət Əmirov, Natiq ritm qrupunun, Brilyant Dadaşovanın repertuarından istifadə etmişdim. Hamının xoşuna gəlirdi. 2008-də hərəkətləri dəyişmək qərarına gəldik. Federasiya Rusiyadan məşqçi dəvət etməkdən imtina etdi. Mən Belarus məktəbinə müraciət etməyi təklif etdim. Onlar nədənsə imtina etdilər. Halbuki Belarusla da yaxşı münasibətlərimiz vardı. Ümumiyyətlə, dünya gimnastikasının elit ölkələriylə aramız çox yaxşı idi. Belarusdan məşqçi gəlsəydi, bəlkə də indi bu vəziyyətə düşməzdik. Axırda AGF Mariana Vasilyevanı seçdi.
- Pekin-2008-dən sonra yığmadan uzaqlaşdırılmağınız necə baş verdi?
- Bu, mənim üçün çox ağır idi. Başa düşmədim ki, mənə qarşı niyə belə davrandılar. Olimpiadadan sonra vitse-prezident Altay Həsənov bütün komandanı qəbul etdi. Mən də otağına daxil olmaq istəyəndə dəhlizdə mənə federasiyada çalışan Şahin Kazımzadə söylədi ki, sizə ora getmək olmaz. Mən də dedim ki, o zaman məni niyə çağırmışdız. Ordan geri qayıtdım. Komandamız cəmi 4 il öncə hazırlığa başlamış və Pekində 7-ci yeri tutmuşdu. Bu, böyük uğur idi. Bundan sonra məşqləri kənardan izləyirdim. Oktyabrın 1-də Gənclik Olimpiya Kompleksində başa düşdüm ki, məni burda istəmirlər. Daha sonra zəng edib, mənimlə işləmək istəmədiklərini söylədilər. Bəlkə də sizə gülməli gələcək. Mən komandada məşqçi işləyəndə federasiya ilə müqaviləmiz olmayıb.
- Mariana Vasilyevanın gimnastlara qarşı kobud davranması haqda nə deyə bilərsiz?
- Bəli, belə hallar olub. Yetirmələrimi məşqlərdə yükləyirdi. Mən qızlarla doğma insan kimi danışırdım. Vasilyevanın qızlara psixoloji yanaşması doğru deyil. Yerli gimnastların halına ürəyim yanır. Bütün qızlar deyir ki, o Marina Durundaya qarşı belə davranmır. Aişə Mustafayeva və Lalə Yusifova kimi güclü gimnastlarımızı buraxıb, Durundanı irəli verib. O gimnastları bütün dünya tanıyır. Hamı da soruşur ki, o qızlar hanı.
- Rus gimnastların Vasilyevanın göstərişiylə Bakıda fitə basılması faktını təsdiqləyirsiz?
- Bəli. Bu heç də yaxşı hal deyildi. Heç bir yarışda komandalara qarşı belə davranılmır. Gimnastikada rəqiblərin fitə basılması müşahidə edilmir. Bu, futbol deyil ki. Belə estetik idman növünə uğultu salmaq, gimnastı fitə basmaq halları qətiyyən yaraşmır. Bu sahədə publika mədəni olmalıdı. Məhz bu üzdən Bakıda keçirilən son Dünya Kubokuna Gürcüstan, İsrail və Belarus kimi ölkələr qatılmadı. Bu da həmin münasibətdən qaynaqlanır.  
- Yanvarda məşqçilik seminarında iştirak etmək üçün 250 manat ödəməlisiz...
- Bu, bizə qarşı açıq-aşkar hörmətsizlikdi. Mən əməkdar məşqçiyəm. Heç vaxt məndən yarışlarda lisenziyamın olub-olmadığını soruşmayıblar. Bu qaydanı özlərindən uydurublar. Bu pulu kimə ödəməliyəm, Marianaya? Belə çıxır da. Yeri gələndə məşqçilikdə mən ona çox şey öyrədə bilərəm. Bolqarıstanda olanda onun məşqlərini görmüşəm. Bu seminarda iştirak üçün 250 manat ödəməsək, məşq zalına buraxılmayacağıq. Yarışlarda yetirməmizin yanında yox, ən yaxşı halda tribunada ola bilərik. Bu azmış kimi, daxili turnirləri izləmək istəyənlər də bilet almalıdı. İdmançının çıxışını valideyni, nənəsi, babası izləmək istəyir. Ondan buna görə pul almaq nə dərəcədə doğrudu? Bunlar sırf pul qazanmaq tələsidi. Maaşım cəmi 280 manatdı. O, bu maaşa yaşaya bilməz. Sadəcə, bizə qarşı bu qədər haqsızlığın edilməsinə qarşıyıq. Başqa heç nə istəmirik. Deməli, 4 ay yeyib-içməməliyik ki, 250 manat seminara pul verək. Biz valideynlərə bundan sonra necə deyək ki, uşaqlarınızı gimnastikaya gətirin. Bilirsiz, belə şeylərdən sonra nə qədər valideyn qızını aparıb? 2003-də gecə saat 3-də evimizə gedirdik. Amma halımızdan gileylənmirdik. İlk dəfə Bakıda keçiriləcək Dünya Kubokuna həvəslə hazırlaşırdıq. İndi bunlar elə ab-hava yaradırlar ki, guya bizim gimnastikada əməyimiz olmayıb. Bircə o qalıb ki, yazsınlar, Mariana Vasilyevanın gəlişindən sonra Azərbaycanda gimnastika olub. Çox yaxşı qızlarımız var idi. Onların heç biri qalmadı.  
 
Mənbə: Futbol + qəzeti 

Oxşar xəbərlər

Aelita Xələfova:"Azyaşlı qızlar gözümün içinə baxıb ağlayırdı" ...ŞOK
Vasilyeva yığmamızın üzvünə:"Murdar qanını döşəmədən sil!"... ŞOK
"Qızım Mariana Vasilyevanın adı gələndə qorxur"... Şok etiraf
Nurcahan Əsgərova: “İstəyirəm ki, balalarımız bu vəhşi faşistin əlindən qurtulsun”
Mariana Vasilyeva istedadlı gimnastlarımızı necə “məhv edir”?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər