reklam
Mariana Vasilyeva istedadlı gimnastlarımızı necə “məhv edir”?
Sportfm.az xəbər saytı

Mariana Vasilyeva istedadlı gimnastlarımızı necə “məhv edir”?


"Bütün səlahiyyətlər ondadı, federasiya müdaxilə etmir”

Gimnastika Federasiyasında baş verənlər nöqsanlar haqda geniş yazını diqqətinizə çatdırmışdıq. Mariana Vasilyeva və ona dəstək verən bəzi federasiya rəsmilərinin qeyri-leqal yollarla əldə etdikləri gəlirlərin bir qismini ifşa etmiş, yerli mütəxəssisləri və idmançıları bu sahədən didərgin saldıqlarını vurğulamışdıq. Əlbəttə, mövzunu bununla yekunlaşdırmaq insafdan olmaz. Bu, elə ciddi məsələdi ki, davamlı şəkildə işıqlandırmaq və mümkün qədər ictimailəşdirmək lazımdı. Araşdırmanı davam etdirdikcə yeni-yeni tükürpədici faktları aşkarlayırıq. Dünən "Spartak”ın məşqçisi Nurlana Əlizadəni danışdırdıq. Onun sözlərini diqqətlə oxuyun və görün ki, gimnastikamızı bolqar məşqçi hansı kökə salır:
"Mingəçevirdəki yarışda iştirakla bağlı bildiriş aldıq. Orda yazılmışdı ki, qalmaq və qida xərclərini qarşılamalıyıq. Bu da adambaşına 60 manat edirdi. 100 manat isə lisenziyanı almaq üçün tələb olunur. Lisenziya pulu hardasa mart-aprel aylarından ortaya atılıb. Bu qayda çıxandan federasiyanın keçirdiyi yarışlarda iştirak etmirik. Bununla həm valideynlər razılaşmır, həm də həmin turnirlərdə iştiraka ehtiyac duymuruq. Deyirlər ki, bu idman növünün kommersiya maraqları bunu tələb edir. Guya bu vəsait tibbi sığorta üçün alınır. 2014-cü ildə yetirməm Ruqiyyə Səttarova yığmada olarkən qolundan ağır zədə aldı (şəkillərini göstərir). Bakıda keçirilən Avropa çempionatında ehtiyat gimnast kimi əsas komandaya cəlb edilmişdi. Çiynində dartılma olsa da, yığmanın məşqçiləri ilboyu onu məşq etdirib. Halbuki bizə deyilmişdi ki, ilin əvvəlində Səttarovaya bir az istirahət vermək lazımdı. Buna məhəl qoyulmadı. Nəticədə elə zədə aldı ki, hətta qolunda çürümə gedirdi. Biz onun Türkiyədə əməliyyat olunmasını istədik. Ancaq federasiya onu Belarusa göndərdi. Orda isə əməliyyat düzgün aparılmadı. Çox pis vəziyyətdə idi. Daha sonra İsrailə göndərildi. Orda da həkimlər dedi ki, bundan sonra tam sağaltmaq çətin məsələdi. Anası Jalə Mustafayeva AGF-nin prezidenti Mehriban Əliyevaya məktub ünvanladı. Ancaq şikayətinə baxılmadı. Axırda başqa şəxslərin yardımıyla Ruqiyyə Avstriyada əməliyyat olundu. İndi əvvəlkiylə müqayisədə daha yaxşı vəziyyətdədi. Hazırda Mariana Vasilyevanın yanında 18-21 yaşlı məşqçilər çalışır. Böyük təcrübələri olmayanlar necə əsas komandada məşqçi kimi işləyə bilər? Sonra da deyirik ki, idmançı bu günə düşür.
Vasilyeva 2008-də gələndə demişdi ki, yığmada yerli gimnastların olmasını istəyirəm. Ancaq indi bundan əsər-əlamət yoxdu. Qrup komandamızın 5 üzvündən 4-ü legionerdi. Natalya Nərimanova yığmada baş məşqçi olanda Pekin-2008-ə maksimum sayda – 2 fərdi və 1 qrup lisenziyası əldə olunmuşdu. Ancaq Olimpiadaya bir neçə ay qalmış zəng edib dedilər ki, sizinlə müqaviləyə xitam veririk. Onun yerinə Mariananı gətirdilər. Dəyişiklik üçün heç bir səbəb göstərmədilər. 
Əvvəlcə AGF-nin vitse-prezidenti Altay Həsənovu görüb, problemlərimizi ona deyirdik. Artıq bu şansımız da qalmayıb. 2009-dan bütün işlərə nəzarət Vasilyevanın əlinə keçib. 2010-da Avropa çempionatına hazırlaşırdıq. Fevralda yarış oldu. Yetirməm Aişə Mustafayeva 1-ci yeri tutdu. 3-4 gündən sonra "Miss Valentina” turnirinə getməliydik. 30 nəfərlik heyət – idmançılar, məşqçilər getdi. Ancaq mən kənarda qaldım. Qalan gimnastların şəxsi məşqçiləri yollansa da, mənə orda yer tapılmadı. Sonrakı yarışlarda da bu hal təkrarlandı. Marianadan səbəbini soruşanda mənim getməyimə ehtiyac olmadığını söylədi. Axı səhər-axşam onunla hazırlıq keçən, idmançımın nəyə qadir olduğunu bilən mənəm. Necə kənarda qala bilərəm? Baş məşqçi mənə dedi ki, Mustafayeva ancaq Avropa çempionatına yollansa, o zaman sən də gedəcəksən. O zaman sonuncu dəfə Altay müəllimin yanına gedib, problemi dedim. Qulaq asdı və məsələni həll edəcəyini dedi. Ancaq heç bir dəyişiklik olmadı. Onsuz da Mariana mənə söyləmişdi ki, "mən nə deyirəmsə, o da olacaq”. Bütün səlahiyyətlər ondadı, federasiya müdaxilə etmir.
Həm Aişə, həm Nilufər Niftəliyeva, həm Lalə Yusifova yığma məşqçiləriylə problemlər yaşayaraq bu idmandan uzaqlaşdılar. Halbuki hamısı yeniyetmələr arasında Avropa çempionatının medalçılarıdı. Onsuz da seçim şansımız çox deyil. Biz Rusiya deyilik ki, idmançıları belə rahat uzaqlaşdıraq. Onu bilirəm ki, gimnastlarla yaxşı davranmırlar. Bu da idmançıların küsüb uzaqlaşmasına səbəb olur. Nə qədər uşaq yığmada hazırlıq keçərkən zədə alıb. Yaxşı idmançıların "Ocaq Sport”a cəlb edilməsi prosesi də gedir. Mingəçevirdə bütün medalçılar bu klubdan oldu. Sonra da Vasilyeva müsahibə verəndə deyir ki, "Ocaq Sport”dan razıyam, onlar mənim tələblərimə cavab verir. Daha demir ki, bu klubun yarısı başqa klubların yetirmələridi.
Yanvardan məşqçi kursları başlayacaq. Kursda iştirak üçün 200 manat ödəməlisən. Kursda iştirak etməsən, yarışlarda məşqçi kimi iştirak edə bilməzsən. Mən əvvəl beynəlxalq dərəcəli məşqçi idim. 4 ildən bir dərəcəni qorumaq üçün beynəlxalq seminarda iştirak etməlisən. Federasiya məni göndərmədiyindən dərəcəm əlimdən alındı. 
Əvvəllər bədii gimnastikaya böyük axın var idi. Amma indi gedənlərin sayı, gələnlərdən çoxdu. Maraqlıdı ki, bu durum heç kimi maraqlandırmır. Federasiya hansısa iclas, hesabat konfransı keçirmir ki, problemləri səsləndirək.
Əslində mənim Vasilyevayla şəxsi problemim olmayıb. Amma ona elə gəlir ki, kimsə ona qarşı nəsə etmək istəyir. Mən yetirməmi orda AÇ-yə hazırlaşdıranda bir gün mənə salam verirdi, bir gün yox. Anidən siması dəyişirdi. Hamıya qarşı elə idi.
"Spartak”ın uşaqları daxili yarışlarda sıxışdırılır. Beynəlxalq yarışlarda 12-13 bal alan qızlarımıza burda 7-8 bal verilir. Bu üzdən uşaqların yarısı çempionata qatılmaq istəmir. Deməli, hansısa yetirməmiz yığmaya keçəndən sonra yarışlarda ballarını qaldırırlar. Guya 3-4 ay ərzində gimnastı inkişaf etdirirlər. Bizdə çox yaxşı uşaqlar var idi. Məsələn, onlardan biri Leyli İbrahimova idi. Ancaq Vasilyeva prinsip aparırdı, ona daxili yarışlarda az bal verdirirdi”.
Qeyd edək ki, növbəti saylarımızda başqa yerli mütəxəssislərin də fikirlərini diqqətinizə çatdırmağa çalışacaq.
 
Mənbə: Futbol + qəzeti 

Oxşar xəbərlər

Aelita Xələfova:"Azyaşlı qızlar gözümün içinə baxıb ağlayırdı" ...ŞOK
Vasilyeva yığmamızın üzvünə:"Murdar qanını döşəmədən sil!"... ŞOK
"Qızım Mariana Vasilyevanın adı gələndə qorxur"... Şok etiraf
Natalya Nərimanova:"Məşqçilikdə Marianaya çox şey öyrədə bilərəm"
Nurcahan Əsgərova: “İstəyirəm ki, balalarımız bu vəhşi faşistin əlindən qurtulsun”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər