"AFFA futbol oynamır" -Firuz Abdulla
İyunun 11-də Slovakiyaya 1:5 hesablı məğlubiyyət ölkə ictimaiyyətində narazılıq doğurub.
Sportfm.az xəbər verir ki, millimizin ünvanına ən sərt şəkildə tənqidlər səslənməkdədi.
Əsas hədəfdə isə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasıdı. Xüsusilə də, oyunun getdiyi dəqiqələrdə komandamız bir-birinin ardınca qollar buraxdıqdan sonra AFFA-nın ünvanına “istefa” şüarı səsləndirən azarkeşlərdən 20 nəfərdən çoxunun saxlanılması tənqidləri birə beş artırıb.
Bundan əlavə, AFFA rəhbərliyinin ünvanına rüşvətxorluqla bağlı iddialar da səslənir. Qurban Qurbanovun istefaya göndərilib, yerinə Nikola Yurçeviçin gətirilməsi bu cür məğlubiyyətə əsas səbəb kimi göstərilir.
Səslənən ittihamlarla əlaqədar AFFA-nın mövqeyini aldıq. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla musavat.com-a bunları dedi:
“İstefa” şüarlarını stadionda bizlər də eşidirdik. Azarkeşlərin öz fikirlərini ifadə etmək hüquqları var. Ona görə də, bu cür münasibət sərgilədilər.
Amma maraqlısı odu ki, azarkeşlər “istefa” qışqırdıqları vaxt Azərbaycan millisi qol vurdu. Ondan sonra stadion “bir daha” qışqırmağa başladı.
Heç kəs istəmir ki, azarkeşlik etdiyi klub və ya milli komanda məğlub olsun. AFFA-nın günahkar hesab olunmasına gəlincə, onu deyə bilərəm ki, milliyə baş məşqçinin AFFA-nın İcraiyyə Komitəsinin Məşqçilər Komitəsinin tövsüyyəsi əsasında təyin edilməsinin burada böyük rolu var.
Belə fikirlər formalaşır ki, məğlubiyyətdə əsas günahkar AFFA-dır. Bunu nəzərə almaq lazımdır ki, AFFA futbol oynamır, futbolçu yetişdirən qurum deyil, ölkə ərazisində futbol turnirlərinin təşkilinə məsul olan qurumdur.
İl ərzində ölkə ərazisində çoxsaylı futbol turnirləri keçirilir. 10 yaşdan 19 yaşa qədər uşaq və gənclər liqalarını qeyd edə bilərəm.
Peşəkar liqaları da göstərə bilərəm. Milli komandanın şəraiti ilə bağlı heç bir problem yoxdur. Səfər oyunlarında komanda ən yaxşı yerlərdə yerləşdirilir.
Yəni təşkilatı məsələlərlə bağlı komandanın çıxışında heç bir problem yoxdur. AFFA üzərinə düşən məsələləri yerinə yetirir.
Rüşvət ittihamları çox ciddidi. Bunu sübut etmək üçün hüquq müstəvisində danışmaq lazımdır. Sübut olmadan kimisə rüşvətdə ittiham etmək doğru deyil.
Bunun özü cinayət məsuliyyəti daşıyan bir məsələdir. Sözün açığı konkret olaraq, AFFA rəhbərliyində təmsil olunan kiminsə ünvanına bu ittihamın səsləndirildiyinə rast gəlməmişəm”.
F.Abdulla millinin baş məşqçisinə görə AFFA-nın hədəf seçilməsinə də toxundu: “Yuxarıda adını çəkdiyim kimi, AFFA-nın Məşqçilər Komitəsi adlı bir qurumu var.
Azərbaycanda kifayət qədər tanınmış futbol mütəxəssislərindən təşkil olunmuş bir qurumdur. Sədri həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Vaqif Sadıqovdu.
Eyni zamanda, digər təmsilçilərdən Ağasəlim Mircavadov, Şakir Qəribov, Şahin Diniyev və Yaşar Vahabzadə müxtəlif vaxtlarda əsas milli komandalarımızda məşqçi olublar.
AFFA-da elə bir rəsmi şəxs yoxdur ki, çıxıb desin, filankəsi filan yerə təyin etməlisiniz. Sistem var. Məşqçilər Komitəsi tövsiyyələrini verir, namizədi göstərir.
İcraiyyə Komitəsi bundan sonra baxıb qərarını verir. Bu, tək bir adamın iradəsindən asılı olan məsələ deyil”.
Müsahibimiz oyundan sonra AFFA-dakı psixoloji durumdan və Yurçeviçin verəcəyi hesabatdan da danışdı:
“Bu cür ağır məğlubiyyətdən sonra AFFA-da ab-hava yaxşı ola bilməzdi. Hamı məyus, kədərli idi. Baş məşqçinin göndərilməsi ilə bağlı hər hansı bir söhbət olmayıb.
Sadəcə olaraq, ardıcıl iki oyunda bu cür məğlubiyyətlərin yaşanmasının səbəbləri barədə İcraiyyə Komitəsinin üzvləri tərəfindən suallar verildi.
Baş məşqçi bildirdi ki, böyük hesabat hazırlamağa vaxtı olmayıb. Yurçeviç oyundan sonrakı mətbuat konfransında qısa şərh vermişdi. Orada qeyd etmişdi ki, yaxın vaxtda hesabat təqdim edəcək.
Baş məşqçisinin uzaqlaşdırılması məsələsi gündəmdə deyil. 20-dən çox azarkeşin saxlanılması barədə şərh verə bilmərəm. Bununla bağlı hüquq-mühafizə orqanları daha dəqiq məlumat verə bilər”.
Oxşar xəbərlər
AFFA-dan açıqlama - De Byazinin taleyini İK həll edəcək
Millimizin baş məşqçi postuna 6 namizəd qaldı
Yurçeviç istefası ilə bağlı açıqlama verdi
AFFA-da Məşqçilər Komitəsinin ilk görüşü keçirildi
Qurban Qurbanovdan istefa qərarı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası