Futbol və oyun zəkası -Avropa futbolu bizdən niyə üstündür?
Futbolun keçmişinə hörmətlə yanaşmaq lazımdır. Bu günün futbolunu elmi əsaslarıyla yaxşı dərk edərək çalışmaq önəmlidi. Sabahın futbolunu isə əvvəlcədən görmək və dərk etmək vacibdir. Bu anlayış müasir futbolun tələbidir. Amma çox təəssüflər olsun ki, biz bu gün bu anlayışları aşağı yaş komandalarımızda tətbiq edə və aşılaya bilmirik.
Futbolumuzda hər kəs bir-birinin işini müzakirə etməklə, tənqid etməklə məşğuldur. Heç bir vaxt futbolumuzu necə inkişaf etdirə bilərik, bu bəlalardan necə qurtara bilərik deyə bir yerə yığışmırıq. Yığışdıqsa belə, ortaq bir fikirə gələ bilmirik.
Kimi dindirirsənsə futbol təhsili deyir. Amma bu təhsil nədir, necə olmalıdır, necə aparılmalıdır, izah edən yoxdur. Klub olmaq, komanda olmaq nədir?
Müasir futbol layihələri deyib amma həyata keçirə bilmədiyimiz bu layihələr nədir, necə olur? Hər kəsə məlumdur ki, hər bir sənətin, hətta bir peşənin, hər bir sahənin bir məktəbi vardır. Futbol böyük sənətdir. Deyərdim ki, bir çox elmləri özündə cəmləyən yeganə idman növüdür. Tibb elmi, futbol elminə ən vacib olanların başında gəlir.
Əgər biz səviyyəli futbol təhsili istəyiriksə, futbol akademiyası adını verdiyimiz futbol təhsil müəssisələrində hər bir detala elmi tərəfdən yanaşmalıyıq.
Bu gün Avropa futbolu, futbolun bütün kompanentlərində irəliyə gedirsə, bu işə elmi tərəfdən məsuliyyətli yanaşmadan irəli gəlir. Futbolçu bir kimyəvi labaratoriyadır. Labaratoriyada ani səhv partlayışla nəticələndiyi kimi, futbolçu inkişafında düzgün qurulmayan məşq prosesləri və gözə yarı planlar o futbolçuların inkişafının qarşısını alacaqdır.
Biz futbolçularımızı qınaq obyektinə çevirməyək.
Gəlin diqqət yetirək bizim futbolçular aşağıda sadaladığım futbolçu yetişdirmə proseslerinin hansından düzgün və elmi əsaslara dayanaraq inkişaf etdirilmişdir?
- Təməl futbol təhsili
- Futbol və təməl texnika
- Futbol və təməl taktika
- Futbolçularda kondisiya bacarıqları (Testlər və testlərin nəticələrinə görə inkişaf proqramları)
- Futbolda gənc futbolçuların inkişaf proqramı
- Futbolda sistem, plan ,strategiya və fəlsəfə anlaşlarının aşılanması və peşəkar futbolçuluğa keçıd mərhələsi
- Futbolçu - komanda oyunçusu, futbolçu - sistem oyunçusu
- Futbolçuların sosioloji, psixoloji hazırlıq dövrləri
- Futbolçuların zehni hazırlığı
- Ən əsası sadaladığım bütün maddələri əhatə edən beyin və oyun zəkası
Təbii ki, bu anlayışların sayını artıra bilərik. Biz futbolçularımıza bu anlayışlardan hansını müasir futbolun tələblərinə uyğun tətbiq etmişik?
Bu mövzuda ön plana çıxarmaq istədiyim futbolda beyin məşqləri və oyun zəkası olacaq.
Bütün idman növlərində olduğu kimi, fiziki hazırlıq, professional futbolçuluğun ən fundamental şərtlərindəndir. Ancaq, fiziki gücə sahib olmaq, yaxşı bir futbolçu olmaq və yaxşı oynamaq deməkdirmi?
Görəcəyimiz və edəcəyimiz işə zehni olaraq hazırlanmaq o işin məsuliyyətini dərk etməkdən irəli gəlir. Bədəni və zehni eyni anda tam istifadə etmək futbolçuya uğur qazandırar. Zehni olaraq hazırlaşan bir futbolçu istənilən vaxta hər bir şeyin planını qurar bütün variant və çatışmamazlıqları fikirləşər. O variantlarla qarşılaşdığında isə beyin o problemləri uğurlu həll etmək yollarını göstərər. Oyunun əhəmiyyəti nə olursa olsun, etdiyi işi ciddiyə alan və sistemə bağlı qalan futbolçular uğurlu olar.
Şübhəsiz ki, bunun üçün oyun zəkası mütləqdir. Oyun zəkası futbolun bütün kompanentlərini özündə cəmləşdirən bir bacarıqdır.
OYUN ZƏKASI
Bütün idman növlərində olduğu kimi, futbolda da ən təməl anlayışlardan biri oyun zəkasıdır. Bu əslində oyun bacarığı deməkdir. Oyun bacarığı demək, futbolun təməl texniki və taktiki prinsiblərini həyata keçirmək deməkdir.
Sahib olduğu yüksək oyun zəkasını texnika, taktika və kondisiya ilə birləşdirə bilənlər, fenomen oyunçulara çevrilə bilərlər.
Müasir futbolda, yalnız fiziki gücə güvənərək oyunun içində qala bilmək mümkündür. Ancaq futbolun hər gün yenidən yenilənən taktiki nəzəriyyələri, stratejik versiyaları, oyun zəkası və sürətli düşünmək bacarığı gələcəkdə daha yüksək oyun zəkasına sahib futbolçulara ehtiyacın artacağından xəbər verir.
Bir çox futbol mütəxəssilərinin ortaq fikiri olan “Futbol yalnız fiziki gücə söykənən bir oyun olsaydı, dünya futbolu, Messi kimi bir futbol zəkasıyla tanış olmaqdan, onun doyumsuz oyununu izləməkdən sonsuza qədər məhrum qalacaqdı” fikirləri müasir futbolun nə qədər beyin və beyin məhsulu olan məşq və oyun zəkasının vacibliyindən xəbər verir.
Başqa bir kompanent
Futbol 2 istiqamətli bir oyundur.
Müdafiə və Hücum anlayışı - Oyun bacarığı bu 2 istiqamətli oyunu fərdi atletik performanslarını inkişaf etdirərək, komanda oyununa yansıda bilmək vacibdir.
Aşağı yaş qruplarından tutmuş klub və komanda səviyyəsində bütün klublarımızda bu çatışmamazlıqlar çox aşkar şəkildə görünür. Bu çatışmamazlıqlarda milli komandalara illər boyunca yansımış və hələdə yansımaqda davam edir.
Bu anlayışlarda problemlərimiz:
- Top bizdə ikən- rəqib yerləşmiş vəziyyətdə
- Top rəqibdə ikən-bizim komandanın yerləşmiş vəziyyəti
- Top bizdə ikən-rəqibin yerləşməmiş vəziyyəti
- Top rəqibdə ikən-bizim komandanın yerləşməmiş vəziyyəti
Bir futbol komandasının topa sahib olub hücuma keçdiyi vaxt, əslində ən müdafiəsiz anıdır. Çünki, topun rəqib qapıdan keçirilməsi üçün, bütün diqqət və enerji hücuma və topa konsentrasiya olunar və müdafiə unudular. Halbuki, topun hər an itiriləcəyi ehtimalı heç bir vaxt unudulmamalıdır. Konsentrasiya fərdi istəklərlə bağlıdır. Əgər baş məşqçinin verdiyi tapşırıqları plan və strategiyanı futbolçular konsentrasiya çatışmamazlığı olan fərdi istəklərinə görə etməyə başladılarsa, məğlubiyyət qaçınılmazdır. Fərdi idman növlərindən fərqli olaraq, futbolda fərdlərin fərdi şəkildə düzgün qərarından düzgün komanda qərarı ortaya çıxmalıdır.
Ancaq hücumun o ən həyacanlı anlarında bu məsuliyyəti dərk edərək, müdafiəni fikirləşə bilmək, oyunçularda inkişaf etdirilməsi çoxda asan bir bacarıq deyil.
Müdafiə olunarkən hücumu, hücum edərkən müdafiə prinsiplərini fikirləşmək həqiqi mənada futbol oyununun ən böyük dialektikasıdır. Ancaq ümumilikdə oyunçular topu alarkən, topu almağın və hücumun həyacanı ilə topa sahib ikən, müdafiədə düzgün mövqe almağı və boş zonalara nəzarət etməyi göz ardı edərlər.
Futbolumuzda həyata keçirə bilmədiyimiz hücum və müdafiə arasındakı əlaqə olan KEÇİD fazası var ki, bu anlayışı sürətli bir şəkildə həyata keçirmək həmişə yaşadığımız problemlərdən olmuşdur. Bütün meydançanı nəzarətdə saxlamaq imkansızdır. Buna görədə meydançanın lazımlı və təhlükəli zonalarında boşluqları nəzarət altında tutmaq ən ağıllıca addımdır.
Bu taktiki oyun anlayışını elmi əsasları və oyun reallığında həyata keçirən avropa futbolu bizdən üstündür. Taktiki oyun strategiyasını məşqlərə yansıdan avropa futbolu bizdən üstündür. Oyunlara sistemli oyun reallığında bir neçə variantlarda hazırlaşan avropa futbolu bizdən üstündür.
Biz məşqçilərə futbolumuzun inkişafı üçün düzgün meyarlarda futbolun bütün kompanentlərində maariflənmək və elmi əsaslara dayanaraq, futbolun və futbolçunun inkişafı üçün çalışmalıyıq.
Sakit Rzayev
Oxşar xəbərlər
Uşaqlarda bacarığı və qabiliyyəti necə inkişaf etdirək? - Lazımlı qeyd
Qurban Qurbanovla Rəşad Sadıqovun fəlsəfəsi nədir? - QEYD
Futbol təhsilində keyfiyyəti artırmaq üçün 10 strategiya - Analiz
Uşaq futbolu: Nədən başlayaq, necə davam edək? - QEYD
Futbolumuzu geri salan "xəstəlik" və aldadılan gənclər (LAYİHƏ)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası