Samir Əliyev:Bu, sırf rəhbərliyin işidi
Ötən axşam "Səbail"in baş məşqçisi Samir Əliyevlə müqaviləni qarşılıqlı razılıqla pozması haqda gözlənilməz xəbər gündəmi zəbt etdi. 39 yaşlı mütəxəssis müsahibəsində gedişinin səbəblərindən danışıb, bir çox mətləblərə aydınlıq gətirib.
Sportfm.az həmin müsahibəni sizlərə təqdim edir.
- Baş məşqçi postundan gedişiniz nəylə bağlı oldu?
- Əvvəla, elə baş məşqçilərdən deyiləm ki, kürsümdən bərk-bərk yapışım. Bu, futbol həyatıdı. Dünən rəhbərliklə hardasa 3 saatlıq söhbətimiz oldu. 1 ildə gördüyümüz ümumi iş, gələcək haqda danışdıq, bir çox məsələlərə toxunduq. Düzünü desək, bəzi məqamlarda fikir ayrılığı yarandı və belə məsləhət oldu ki, yollarımızı ayıraq.
- Maraqlıdı, hansı məqamlardı?
- Bu, rəhbərliklə aramda olan söhbətdi və istəmirəm ki, bu, mətbuatda çıxsın.
- Bəlkə ipucu verərdiniz....
- Belə qlobal, ciddi problem yoxdu. Fikir ayrılığı nəticəylə bağlı deyildi.
- Problem maddi məsələlərlə bağlı deyildi ki?
- Yox. O haqda ümumiyyətlə, söhbət olmadı. Sadəcə, elə məsələlər var ki, onu mətbuata açıqlamaq istəmirəm.
- Həmin fikir ayrılıqları mövsümün gedişində hiss olunurdu?
- Bəlkə də. Ancaq istənilən halda, razılıqla getdim. Sağ olsun rəhbərlik, mənə yaxşı şərait yaratdı. Bir mövsüm birgə işlədik, yaxşı komanda qurmağa çalışdıq. "Qarabağ", "Qəbələ", "Neftçi" kimi iddialı komandalara qarşı yaxşı mübarizə apardıq, bizimlə matçlarda çətin anlar yaşadılar. Özüm özümdə də təhlil edəcəyəm ki, nəyi düz elədim, nəyi səhv, gələcəkdə nəyi düzəldə bilərəm, hansı səhvləri təkrarlamamalıyam. Bu 1 illik iş xeyrimə oldu, təcrübə topladım. Əsas odu ki, rəhbərlik mənə güvəndi. Bu, böyük bir şeydi.
- Ayrılmaq məsələsində ilk addım sizdən gəldi?
- Görüşümüzdə həm onlar öz fikirlərini bildirdilər, həm də mən. Bəzi məsələlər oldu ki, fikir ayrılığı yarandı. Bu olanda isə işi davam etdirmək olmur.
- Çempionatda sona 1 tur qalmış hakimləri təhqir etdiyinizə görə AFFA-nın İntizam Komitəsi tərəfindən ağır cəzaya - 5 matçlıq diskvalifikasiyaya məruz qaldınız. Bəlkə problem ondan sonra başladı? Rəhbərliyin həmin olaydan sonra soyuq münasibətini hiss etdinizmi?
- Yox, əksini gördüm. Sözün düzü, klub prezidenti, icraçı-direktor cəhd elədilər ki, cəzam yüngülləşsin. Bir sözlə, mənə dəstək oldular. Yəni bu baxımdan heç bir problem yox idi. Sağollaşanda da yaxşı ayrıldıq.
- "Səbail" sizi uzunmüddətli əməkdaşlıq fikriylə gətirmişdi. Bunun nəticəsidi ki, 3 illik müqavilə imzalamışdılar. Ancaq cəmi 1 il sonra yollarını ayırmaq...
- Mən də istəyərdim ki, baş məşqçi işimi davam edim. Mənim də gələcəklə, görməli olduğum işlərlə öz planlarım var idi. Ancaq bu, həyatdı, hərdən hər şey sən istədiyin kimi olmur. Çünki məşqçidən də yuxarıda rəhbərlik var.
- Bir çox hallarda gileylənirik ki, baş məşqçilərlə niyə cəmi 1 illik müqavilə imzalanır. Ancaq bəziləriylə olub ki, 3 illik müqavilə imzalanır və əslində, bu, düşərsiz olur. Heç bir il keçmir ki, müqavilə pozulur...
- Vallah, mənim üçün müqavilə formal bir şeydi. 2, 3 illikdi, bu, mənim üçün önəmli deyil. O Avropada olur ki, özlərini sığortalayrlar, çünki işsiz qalmaq təhlükəsi olur. FİFA-ya müraciət edirlər, kompensasiya istəyirlər. Ancaq bizdə heç vaxt belə şey yoxdu.
- Yəni müqavilənin pozulmasına görə təzminat söhbəti olmadı...
- Yox. Heç vaxt belə şey də etmək istəmərəm. Çünki yaxşı münasibət var. Açığı, demək istəmirdim, ancaq sizə deyirəm. Mənə iş də təklif etdilər, klubda qalmağımı istədilər. Dedim ki, oturub fikirləşərəm. Bəlkə qaldım, başqa bir vəzifədə çalışdım.
- Bu məsələ nə vaxt dəqiqləşəcək?
- Bu 1 ildə gördüyüm iş nəticəsində böyük bir stress, həyəcan keçirdim, əsəblərim yerində deyil. Buna görə də mənə həm istirahət lazımdı, həm də müalicə. Doğrudan da buna ehtiyac var. Bu gündən Ukraynaya - Truskavetsə müalicəyə yollanıram. Allah qoysa, iyunun 10-da qayıdandan sonra oturub müzakirə aparacağıq. Orda da düşünməyə yetərincə vaxtım olacaq. Yenə də sağ olsunlar ki, mənə belə bir iş təklif ediblər. Çox güman ki, müsbət cavab verəcəm.
- Konkret hansı vəzifə olacaq: idman direktoru, yoxsa...?
- Yəqin ki. hansısa bir vəzifə verərlər. Bir az səbirli olun, gedim-gəlim, baxarıq.
- Köməkçiləriniz də gedir, yoxsa?
- Çox güman ki, onlar da gedəcək. Mənimlə gəliblərsə, mənimlə də getməlidirlər. Ən azı köməkçilərim. Deyə bilmərəm ki, yeni baş məşqçi qapıçılarla işləyən məşqçi gətirəcək, ya yox. Bu, sırf rəhbərliyin işidi.
- Baş məşqçi kim gələcək? Bununla maraqlanmısınız?
- Yox. Kim gəlirsə, ona ancaq uğurlar arzulayıram. Tam səmimi deyirəm.
- Mətbuatda iki baş məşqçinin adı hallanır - "Neftçi"nin yollarını ayıracağı gözlənilən Tərlan Əhmədov və "Səbail"in əvəzedici komandasının baş məşqçisi Elman Sultanov...
- Vallah, bilmirəm. Kim gəlirsə, xeyirli-uğurlu olsun. Böyük bir iş görməmişik. Ancaq istəyərdik ki, ən azından "Səbail"i addım-addım irəli aparsınlar, pillə-pillə inkişaf etdirsinlər. Oturarlar, rəhbərliklə danışarlar. Bu, artıq səlahiyyətimdə olan məsələ deyil, daha "Səbail"in baş məşqçisi kimi fəaliyyət göstərmirəm.(sport24.az)
Oxşar xəbərlər
"10 azərbaycanlı ilə oynayacam" - Jelko Sopiç
Tərlan Əhmədov: "O ailəni burda qura bilmədim"
"Nə ifadədir ki, ona görə də üzr istəyim?" - Samir Abasov
"Kəpəz" rəsmisi Diniyevin istefasının rəsmiləşmədiyini deyir: "Şahin müəllimdən narazılığımız, onu göndərmək fikrimiz yox idi"
Firuz Abdulla: "Mikayıl Nərimanoğluya təşəkkür edirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası