Dəhşətli qəza keçirən futzalçı: Oğlum nə vaxt evə qayıdacağımı soruşur
İdmanda ağır zədələr tez-tez baş verir. Gündəlik məşqlər, sərt müdaxilələr, toqquşmalar böyük idmanın bir parçasıdır. Gözlərimin qarşısında dəfələrlə ciddi xəsarət alanlar olub. Onun başına gələnləri eşidəndə şoka düşdüm. Zəng vurub bildirdilər ki, futzal üzrə Birinci Divizionda mübarizə aparan “Hell Energy” və MFL-də “Galaxy” klubunun üzvü Fərəc Fərzəliyev uzun illərdir top qovduğu futbol meydançalarında deyil, çalışdığı iş yerində dəhşətli qəza keçirib, hazırda xəstəxanadadır. Onu ziyarət edərkən, Fərəc başına gələnləri nəql etməyə başlayır:”Cihazlardan birini təmizləyirdim, qəfildən sol qolum dəzgahın arasında qaldı. O an nələrin baş verdiyini bilmədim. Bircə onu hiss etdim ki, qolum sıxılanda dəzgah avtomatik olaraq söndü. Sonra özümdən getdim. Ayılanda artıq xəstəxanada idim. Günah özümdədir, ehtiyatsızlıq etdim. Diqqətli olmaq lazım idi”. Təcili tibbi yardımla xəstəxənaya çatdırılan hücumçu dərhal əməliyyat edilir. 7 saat sürən əməliyyatdan sonra özünə gələn oyunçu sağ qaldığına şükür edir: “Mənim iki övladım var. Onlar üçün yaşayıram. Oğlum nə vaxt evə qayıdacağımı soruşur. Bilmirəm nə cavab verim. Belə olacağı ağlıma gəlməzdi. Sağ qaldığım üçün Allaha şükür edirəm. Artıq qolumun üzərində iki əməliyyat aparılıb. Həkimlər əllərindən gələni edir. Yenə əməliyyat olunmalıyam. Sağ olsun iş yoldaşlarım, futbolçu dostlarım məni yalnız qoymurlar. Tezliklə meydançalara qayıtmağı gözləyirəm. Mənim həyatda öz ailəmlə yanaşı, futbol ailəm də var. Onlara burdan səslənirəm, qoy bilsinlər ki, Fərəc qayıdacaq. Mənə inansınlar”. Çalışdığı şirkət tərəfindən bütün məsrəfləri qarşılanan Fərəci palatada qoyub çıxarkən, formasını daşıdığı “Hell Energy” komandasının onsuz keçirdiyi ilk matçda 3 xal qazandığını xəbər verirlər, çox sevinir. Uşaqların qələbəni ona həsr etdiyini eşitdikdə isə gözləri dolur. “Biz səninləyik, güclü ol Fərəc”- deyib, oranı tərk edirəm...
Araz Əhmədov


Oxşar xəbərlər
Renat Dadaşov əməliyyat olundu - FOTO
Yasin qəza keçirdi, əməliyyat olundu - FOTO
Ölkə Kubokunda 1/4 finalçılar məlum oldu
Görüşlərin vaxtında dəyişiklik edildi - Azərbaycanda
"Hell Energy" əsas rəqiblərindən birini zərərsizləşdirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası