reklam
Qurban Qurbanov, Rəşad Sadıqov, Prosineçki... - Millinin məşqçisi kim olmalıdır? –
Sportfm.az xəbər saytı

Qurban Qurbanov, Rəşad Sadıqov, Prosineçki... - Millinin məşqçisi kim olmalıdır? –SORĞU


Futbol üzrə milli komandamızın xorvat çalışdırıcısı Robert Prosineçkinin müqaviləsinin başa çatdığını bilməmiş olmazsınız. Prosineçkinin müqaviləsi başa çatmamış, mütəxəssisə təkliflər yağmağa başlayıb. Amma bizi xorvat çalışdırıcının deyil, millimizin taleyi maraqlandırır.

Komandanın gələcəyi ilə bağlı müxtəlif verisiyalar var. Bəziləri millinin yerli, bəziləri isə əcnəbi məşqçi ilə yoluna davam edəcəyini deyir. Qısacası, hər kəs ürəyindəki arzunu dilə gətirir. Nəzərə alsaq ki, artıq hər kəs millinin yaxşı nəticə göstərməsi, çox yox, heç olmasa bircə dəfə mərhələ adlamasını istəyir, o zaman arzulamaqları normaldır deyək. Arzulamaq da pulla deyil ki!

İdman jurnalistlərinin bu mövzuda olduqca fərqli fikirləri var:

“Fanat” idman agentliyinin baş redaktoru Əli Sahib:

“İndiki vəziyyətdə namizədim yoxdur. Hal-hazırdakı idarəçiliklə çalışan bütün məşqçilərin nəticəsi aşağı-yuxarı eyni olacaq. Düzdü, son zamanlar Rəşad Sadıqov və Qurban Qurbanovun adı hallanır. Amma onların adın çəkənlər bir şeyi unudur. Qurbanovun və ya Sadıqovun çalışdığı klubun idarəçiliyi ilə Elxan Məmmədovun idarə etdiyi AFFA-nın sistemi eynidirmi? Qurbanovun işinə klub rəhbərliyi qarışırmı? Bax bu səbəbdən onların hansınınsa millinin baş məşqçi olacağına inanmıram. Onların işinə müdaxilə olunan yerdə, çalışmazlar. AFFA-nın baş katibi də bunu çox gözəl bilir. Məsələn: Məmmədov Rəşada və ya Qurbana deyə bilməz ki, Mirzəbəyov mütləq start heyətdə olmalıdır, ya da yığmaya çağırılmalıdır. Bütün bunları nəzərə alıb deyə bilərəm ki, Millinin yeni baş məşqçisi yenə əcnəbi olacaq. Yani, bizim namizəd yox, Elxan Məmmədovun namizədi olacaq”. 

Sportfm-in baş redaktoru Araz Əhmədov:

“Hazırda mətbuatda daha çox Qurban Qurbanovun adı hallanır. Düşünürəm ki, bu doğru seçim olmazdı. Qurbanov “Qarabağ”ı tərk edərsə, klub uğursuzluğa düçar ola bilər. Klubla yığmanı paralel çalışdırarsa, effekti olmayacaq. Mənim fikrimcə, yenidən əcnəbi mütəxəssis dəvət olunmalıdır, onunla uzunmüddətli müqavilə imzalanmalıdır. 1-2 il yığmada çalışmaqla uğur qazanmaq mümkün deyil. Konkret namizədim yoxdur, ancaq üstünlüyü almaniyalı mütəxəssislərə verərdim”. 

Xəzər Tv-nin aparıcısı Ceyhun Rzayev:

“Millidə yerli məşqçinin işləməsini istəyirəm. Hazırki iqtisadi durumda əcnəbiyə bir ətək pul vermənin mənası yoxdur. Həm də xarici məşqçi bizim futbolçulara bələd deyil. Ona işə uyğunlaşmaq üçün 1 ilə yaxın vaxt lazım olacaq. Ən yaxşı namizəd Qurban Qurbanovdur. Bir şərtlə ki, “Qarabağdan ayrılmasın. Paralel hər iki işi görsün”. 

Apasport.az-ın jurnalisti Vüqar Xeyrullayev:

“Yığmamızı seçmə mərhələdən öncə UEFA Millətlər Liqasında debüt gözləyir. AVRO-2020-yə vəsiqə qazanmaq üçün ən əlverişli yol məhz bu turnirdən keçir. Ən zəif yığmaların yer aldığı D liqasında çıxış edəcək komandamız öz qrupunda mütləq qalib olmalıdır ki, AVRO-2020-yə bu turnirdən veriləcək 4 vəsiqədən birinə şansını saxlasın. Milli komandaya da ən azı bu vəzifənin öhdəsindən gələ biləcək mütəxəssis gətirilməlidir. Çünki yığma, Millətlər Liqasında qrupu 1-ci yerdə başa vurmasa, uğursuzluq kimi dəyərləndiriləcək və seçmə mərhələnin startı ərəfəsində yenidən baş məşqçi dəyişməli olacağıq. Ən yaxşı halda 5-ci səbətdə yer alacağımız seçmə mərhələdə, möcüzəyə ümid etmədiyimizdən məhz Millətlər Liqasını düşünməyə məcburuq. Hazırda yığmaya yerli və ya əcnəbi mütəxəssisin gətirilməsi müzakirə olunur. Tarixə nəzər salsaq, milli, ən yaxşı nəticələrinə məhz legioner məşqçilərin rəhbərliyi altında imza atıb. Yığmamızın “dişinə görə” olan rəqiblərlə mübarizə aparacağını nəzərə alsaq, Millətlər Liqasında uğur qazanmaq üçün də xaricə üz tutmaq lazımdır. Təbii ki, ən yaxşı variant kimi komandaya yaxşı bələd olan Robert Prosineçkinin postunda qalması olardı. Müqaviləsi başa çatan mütəxəssisin qarşısına Millətlər Liqası ilə bağlı konkret vəzifə də qoymaq olar”. 

ATV telekanalının aparıcısı Sənan Şəfizadə:

“Məşqçi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Düzü mən bu posta kimin gətiriləcəyini bilmirəm. Əgər yerli mütəxəssis seçiləcəksə, sözsüz və şərhsiz mütləq Qurban Qurbanov komandaya dəvət almalıdır. Əgər əcnəbi məşqçi gətiriləcəksə, bu zaman məsələ qəlizləşir. Digər məsələ bundan ibarətdir ki, indi Qurban Qurbanovu “Qarabağ”dan ayırmaq da çətin məsələdir. Çünki o bu komandada çox uğurlu fəaliyyət göstərir. Heç kəs Qurbanovu “Qarabağ”sız, “Qarabağ”ı onsuz təsəvvür etmir. Buna görə, konkret cavab vermək çətin məsələdir. Əgər yerli məşqçi dəvət olunacaqsa, bir nömrəli variant Qurban Qurbanovdur, yox əgər xarici mütəxəssis dəvət olunacaqsa, bu zaman fikir bildirmək çox çətindir”. 

Nərmin Kərim, A24.Az

Oxşar xəbərlər

"Azərbaycan futbolunda çox şeyi gördüm" - Mario Tokiç
“Azərbaycan millisinin baş məşqçiliyinə iki ideal namizəd var” - Mario Tokiç
“Vaqif Sadıqov, Ağasəlim Mircavadov kimdir ki, baş katibə "onu gətirmə" desin?”
SORĞU: Milli komandanın baş məşqçisi kim olmalıdı?
Ağasəlim Mircavadov: "Yerli məşqçiyə inanmaq lazımdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər