“Vaqif Sadıqov, Ağasəlim Mircavadov kimdir ki, baş katibə "onu gətirmə" desin?”
Qurban Qurbanovun Azərbaycan millisinin “sükanı arxasından” göndərilməsindən sonra indi çoxunu bir sual maraqlandırır: yığma komandanın yeni baş məşqçisi kim olacaq və ya kim olmalıdır?
Sportfm.az xəbər verir ki, Komanda.az saytı futbolun içində olan şəxslərə elə bu suallarla müraicət edib: Azərbaycan millisinin yeni baş məşqçisi kim olmalıdır və nəyə görə?
Ceyhun Rzayev (“Xəzər” TV)
“Bizim nə deməyimizdən asılı olmayaraq, milli komandanı əcnəbiyə tapşıracaqlar. Çox istərdim ki, ayda 3-5 min avroya işləməyə razılıq verən məşqçi gətirsinlər. Ad, tanınmaq, karyera önəmli deyil. Məsələn, Cibutinin 3-cü liqasında klub çalışdıran məşqçi də ola bilər. Onsuz da, Avro-2020-yə gedən deyilik. Heç olmasa, milyonlar büdcədə qalsın. Heyfim gəlir o pullara. İsrafçılıq eləməsinlər”.
Araz Əhmədov (“Sportfm.az”)
“Milli komandanın “sükanı arxasında” əcnəbi mütəxəssis olmalıdır. Yerli mütəxəssislərlə bu işin yürüməyəcəyini Qurban Qurbanovun timsalında gördük. Azərbaycanın ən yaxşı məşqçilərindən biri olan Qurbanov bu işi bacarmadısa, demək ki, digərləri üçün də bu çox çətin postdur. Söhbət ondan getmir ki, Qurbanov və digərləri zəifdirlər. Xeyr. Sadəcə, bu gün Azərbaycan reallığında yerli məşqçinin millidə uğur qazanması mümkünsüz görünür. Bizə daha çox dəmir nizam-intizamı sevən almaniyalı mütəxəssislər yarayar. Robert Prosineçki də pis variant deyil. Ən azı ona görə ki, adam ayaqları top tutmayan yerli futbolçulara hücum etməyi, rəqibdən çəkinməməyi öyrətmişdi”.
Emin Səfərov (“Yeniçağ.az”)
“Bu məsələdə jurnalistlərin və ya ictimaiyyətin fikri bir o qədər də önəmli deyil. AFFA rəhbərliyi, konkret olaraq baş katib Elxan Məmmədov kimi istəsə, onu da yığmaya gətirəcək. Bu şəxsin əcnəbi olacağı isə heç kimdə şübhə doğurmur. Düzdür, Məmmədov deyir ki, milliyə gətirəcəyimiz baş məşqçini Məşqçilər Komitəsinin üzvləri ilə müzakirə edəcəyik. Bu isə cəfəngiyyatdan başqa bir şey deyil. Vaqif Sadıqov, Ağasəlim Mircavadov kimdir ki, baş katibə "onu gətirmə, bu olmaz" desin? Hansı məşqçinin təyinatı Məmmədova pul qazandıracaqsa, o da yığmanın baş məşqçisi olacaq. Xain plan nəticəsində Qurban Qurbanovun millidən kənarlaşdırılmasından sonra artıq Azərbaycan futbolunun inkişafı ilə bağlı ümidlərim ölüb. Bundan sonrası isə məni qətiyyən maraqlandırmır”.
Kamran Hacı (“Allsport.az”)
“İndiki duruma görə, baş məşqçi vəzifəsində Qurban Qurbanov qalmalı idi. Çünki yeni gələn də möcüzə etməyəcək. AÇ-2020 artıq qapını döyüb, bu qısa zamanda, üstəlik, 8 komandalı Premyer Liqada uğur qazanmaq mümkün deyil. Söhbət axırdan 2-ci yerdən gedirsə, qoy elə bu yerli mütəxəssislərlə olsun. Onsuz da, indiyədək gəlib-getmiş əcnəbilərlə seçmə tsiklin yekununda nəticəmiz belə olub. Gərək hökmən bu “ənənə” xaricilərlə olmalıdır?
Ümumi götürdükdə, millinin baş məşqçisi Qafqaz futbolu üslubuna yaxın fəlsəfəsi olan səviyyəli, özündən sonra iz qoya biləcək gəlmə çalışdırıcı olmalıdır. Təbii ki, Azərbaycan futbolunda islahatlar fonunda. Həmin mütəxəssis ayın yarısını vətənində deyil, günlərini futbolumuzun inkişafı üçün burda keçirməlidir. Ölkə daxilində və xaricində seleksiya üçün qrupları olmalıdır, sifarişlə yığmaya futbolçu çağırmamalıdır; bizə lazım olan cəsarətli, ön xətdə iki forvard olan hücum futbolu oynatmalıdır. Avropanın əksər ölkələri kimi praqmatik, fiziki və nəticəyə oynanılan futboldan uzağıq. Bizdə həmişə azarkeşlər nəticədən çox, gözəl və baxımlı futbol istəyiblər”.
Şahin Diniyev (AFFA Məşqçilər Komitəsinin üzvü)
“Əslində, hamının bir fikri var: Azərbaycanın ən yaxşı məşqçisi Qurban Qurbanovdan sonra yerli mütəxəssisin bu posta təyin olunmasının məntiqi yoxdur. Düşünürəm ki, yeni baş məşqçi əcnəbi olmalıdır. Ən azı bir müddətlik əcnəbi mütəxəssislə işləmək lazımdır.
Yeni baş məşqçinin təyinatı ilə bağlı işlər gedir. Hələ ki, dəqiq bir qərar, hansısa fikir yoxdur. Amma bunun üçün danışıqlar, işlər aparılır”.
Oxşar xəbərlər
"Milliyə rəhbərlik edə biləcək məşqçilərimiz də var” - Vaqif Sadıqov
"Milliyə əcnəbi rəhbərlik etməlidir" - Vaqif Sadıqov
SORĞU: Milli komandanın baş məşqçisi kim olmalıdı?
Ağasəlim Mircavadov: "Yerli məşqçiyə inanmaq lazımdır"
Qurban Qurbanov, Rəşad Sadıqov, Prosineçki... - Millinin məşqçisi kim olmalıdır? – SORĞU
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası