reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın oyunları zamanı tribunalar ekranlarda niyə görünmür? - PROBLEM


"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarixi uğura imza atdı. Sportfm.az xəbər verir ki, "Kopenhagen"lə görüşdən 3 gün sonra Azərbaycan Premyer Liqasında "Qəbələ" ilə qarşılaşan Ağdam klubunun ev matçını 4200 azarkeş izlədi. Bu 5800 nəfərlik "Azərsun Arena" üçün rekord göstərici idi. Turun mərkəzi qarşılaşması çempionatın yayım hüquqlarına sahib olan CBC Sport kanalı ilə canlı yayımlandı. Ancaq təəssüflər olsun ki, oyunu televiziya vasitəsilə izləyənlər stadionda olan azarkeşlərin real sayını görə bilmədi. Sanki "Qarabağ"-"Qəbələ" matçı boş tribunalar önündə oynanılırdı. Ekran başında əyləşən tamaşaçılar bu səhnəyə artıq alışıb. Çünki stadion istifadəyə veriləndən, orada baş tutan oyunların yayımı zamanı hər kəs ancaq reklam löhvələrini görür. Buna səbəb isə CBC Sport-un kameralarının fanatların oturduğu tribunalara quraşdırılmasıdır. Bəs, niyə "Qarabağ"ın matçları əks tərəfdən çəkilmir, futbola gözəllik qatan azarkeşlər ekranlarda görünmür? Bu sualları klubun Mətbuat Departamentinin rəhbəri Nurlan İbrahimova ünvanladıq: "Təbii ki, bizdə istəyirik ki, oyunlar zamanı fanatlarla dolu olan tribunalar ekranlarda görünsün. Ancaq CBC Sport kanalı matçlarımızı əks tərəfdən çəkməyin mümkün olmadığını bildirdi". N.İbrahimovun dediklərinin səbəbini öyrənmək üçün CBC Sport-un baş redaktoru Şəmsəddin Abbasovu aradıq:"Tribunalarla üzbəüzdə kameraları hara quraşdıraq? Stadionu hazırlayanda fikirləşmək lazım idi ki, burada canlı yayım olacaq, ona görə şərait yaratmalı idilər, hazırda o şərait yoxdur. Yaxşı olar ki, bunu "Qarabağ" klubundan soruşasınız". Məsələ ilə bağlı Ş.Abbasovun fikirlərini öyrəndikdən sonra bu sahədə böyük təcrübəsi olan Ümumrusiya dövlət teleyayım şirkətinin Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyliyə müraciət etdik:"Canlı yayımın qarşı tərəfdən verilməməsi çox böyük səhvdir. Stadionu tikəndə ilk növbədə televiziya yayımına uyğun inşaat işləri görülməlidir. Bəli, "Azərsun Arena"da bu istiqamətdə heç bir mühəndis işi aparılmayıb. Klub rəhbərliyinin istəyi olsa, dəmir konstruksiyalardan yayım üçün gərəkən olan dayaqları qaydaya salmaq elə də çətin iş deyil. Yəni, nöqsanı aradan qaldırmaq mümkündür". 

Qeyd edək ki, təbii ot örtüyünə malik "Azərsun Arena" 2015-ci ildə istifadəyə verilib. 

Oxşar xəbərlər

“Qarabağ” “Azərsun Arena”ya qayıtmayacaq - Mövsümün sonunadək
İTV-dən açıqlama - Qrup mərhələsinin son oyunları CBC-də yayımlanacaq
“Sumqayıt”ın matçı canlı yayımda
"Qarabağ"-"Qəbələ" matçının vaxtı bilindi
Azərbaycanın ən tarixi derbisi canlı yayımlanmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər