reklam
Klub prezidenti:
Sportfm.az xəbər saytı

Klub prezidenti:"Komandalara dövlət tərəfindən pul ayrılır" - ÖZƏL


Dalbadal 2-ci mövsüm Azərbaycan Premyer Liqasında 8 komanda mübarizə aparacaq. Ardıcıl 3-cü il Azərbaycan Birinci Divizionunun qalibi Premyer Liqaya yüksələ bilməyəcək. Futbolumuzda hökm sürən xaos tək bunlarla bitmir. "Futbolun inkişafına dair dövlət proqramının” icrası müddətində gözdən pərdə asmaq üçün yaradılanlar bir-bir dağılmaqda davam edir. Bizdən fərqli olaraq stabil inkişaf yolunu tutan qonşu Gürcüstanda futbol proqramı yeni qüvvəyə minib, müddəti isə 5 illikdir. Proqramın qüvvəyə minməsindən bir il sonra ölkənin Yüksək Liqasında 10 komanda, Birinci Liqasında  eyni sayda klub və Milli Liqa adlanan 2-ci liqasında 34 kollektiv mübarizə aparır. Bunlardan əlavə bu kiçik ölkədə həvəskarlar və kəndlər liqası da var. Bizə doğma olan, azərbaycanlıların yaşadığı Qardabani(Borçalı mahalının Qarayazı bölgəsi – A.Ə.) rayonunun eyniadlı komandasının prezidenti Quram Çvintiaşvili redaksiyamızın qonağı oldu. Söhbətə komandanın yaranma tarixindən başladıq:
- Bu komandanı 2015-ci ildə yaratmışıq. Bu istək məndə çoxdan vardı, sadəcə, bunun üçün lazımi şərait yox idi. Qoça Camarauli (sabiq futbolçu) bizim rayona icra başçısı təyin edildikdən sonra bu ideyanı həyata keçirmək mümkün oldu. "Trabzonspor”un sabiq üzvü rayonun peşəkar komandasının yaranmasını istədi. 
- Ancaq mən bildiyimə görə, Qardabaninin "Samqori” adlı komandası vardı. Hətta sovet dönəmində həmin komanda Gürcüstan çempionatında çıxış edirdi. 
- Düz deyirsiniz, həmin komanda indi də var, sadəcə təsisçilər Tbilisidən olduğu üçün komanda diqqətdən kənarda qalıb. Biz yeni kollektiv yaratmaq istədik. 
- Və hazırda "Qardabani”də baş məşqçi funksiyasını azərbaycanlı mütəxəssis Adil Mahmudov yerinə yetirir. 
- Mahmudovla uzun illərdir əlaqələrimiz var. O Qusar təmsilçisi "Şahdağ”ı tərk etdikdən sonra biz ona komandamızın baş məqşçisi olmağı təklif etdik, şərtlərdə razılaşdıq və onunla müqavilə imzaladıq. Onun işindən çox razıyıq. Gənclərdən qurulan komanda olmağımıza baxmayaraq, yaxşı nəticələr qazanırıq. 
- Qardabaninin əhalisinin böyük əksəriyyəti azərbaycanlılardır. Azərbaycanlı futbolçularınız varmı?
- Təbii ki, var. 4 nəfər yerli gənc futbolçumuz heyətdə yer alır. Üstəlik, bir zamanlar Bakı "İnter”ində çıxış edən Ramil Mansurov da "Qardabani”də çıxış edir. Düşünürəm ki, gələcəkdə yerli futbolçuların sayı daha da artacaq. Biz bunu çox istəyirik. 
- Komandanın sponsorları necə, bunu istəyirlər?
- Bizim komandamızın sponsoru yoxdur, "Qardabani” dövlət proqramı çərçivəsində maliyyələşdirilir. Artıq bütün Gürcüstanda belədir. Klublara dövlət tərəfindən pul ayrılır. İrəliləyən illərdə gürcü futbolu bunun çox bəhrəsini görəcək.
 
Söhbətləşdi: Araz Əhmədov 

Oxşar xəbərlər

"Futbolçunun gəlmək imkanı yoxdursa, gərək biz gedək" - Qonşu ölkənin təcrübəsi nə deyir? - ÖZƏL
“Traktorsazi”nin hər yerdə azarkeşi var" - MÜSAHİBƏ
Futzal Assosiasiyasının prezidenti:“Yerli futzalçılara güvənmək lazımdır”
Ramil Mansurov:”Buranın bataqlıq olduğunu düşünürlərsə...”
Robert Prosineçki:"Bu, mənim üçün böyük şərəfdir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər