reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın sabiq futbolçusu:”Bakıdan yalnız onunla danışıram...”


Müstəqillik qazandıqdan sonra keçirilən ilk milli çempionatlarımızda legionerlərə rast gəlmək demək olar ki, mümkün deyildi. Amma son 14-15 ildə legioner futbolçuların Azərbaycana axını adi hal alıb. Bu gün Premyer Liqa təmsilçilərini gəlmələrsiz təsəvvür etmək mümkün deyil. Azərbaycanda top qovan əcnəbi futbolçulardan az qismi indiyə kimi nəyləsə yadda qalıb. Onlardan biri ukraynalı futbolçu Denis Sokolovskidir. Bir vaxtlar "Qarabağ"ın şərəfini qoruyan Sokolovski hazırda vətənindədir. Onunla söhbətə buraya necə gəlməsindən başladıq.(Şəkildə soldan birinci)

- Denis, deyə bilərsən necə oldu Azərbaycana gəldin? 
- Məni Bakıya tanınmış futbolçu və məşqçi Anatoli Ponomaryov dəvət etdi. O 1988-ci ildə SSRİ yığmasının heyətində Olimpiya çempionu olub. "Neftçi”nin liderlərindən biri olan Ponomaryov həmdə Sovet İttifaqında penaltiləri ən dəqiq yerinə yetirən futbolçu idi. Onunla çalışmaq çox zövqlü idi. Maraqlı və rəngarəng məşq prosesi keçməklə yanaşı, İqor Anatolyeviç əla insan idi. 
- Belə görürəm, Bakıda bir ili əbəs yerə keçirməmisən.
- Tamamilə razıyam. Mən sizin ölkənizdə əla günlər keçirdim. Bakı çox xoşuma gəlirdi. Təkcə, Şərqin ən böyük şəhərlərindən biri olması nəyə desən dəyər. Şəhərdəki tarixlə, müasirliyin sintezi isə öz yerində. Axşamlar dostlarla birgə şəhəri gəzməyi çox sevirdim. Yerli əhali çox qonaqpərvər və gülərüzdür. Ancaq futbol matçlarında əsl qafqazlı temperamenti hiss olunurdu. Bu isə oyunlara əlavə rəng qatırdı. 
- Azərbaycan çempionatında oynayan həmyerlilərinlə əlaqə saxlayırdın? 
- Orada çoxlu ukraynalı futbolçu çıxış edirdi. Hətta Saşa(Aleksandr Çertoqanovu nəzərdə tutur-A.Ə) sizin yığmanızın aparıcı üzvlərindən birinə çevrilmişdi. Sergey Çernyakı yaxşı xatırlayıram. Bakı "İnter”ində çıxış edirdi. Onunla birlikdə Poltava "Vorskla”sında "tər tökmüşük”. Çox adlar sadalaya bilərəm -Yevgeniy Kotov, Sergey Onopko var idi. "Qarabağ”da isə öz həmyerlim Sergey Kravçenkoda çıxış edirdi. Onun Bakıya gəlməsi üçün çox israr etdim. Sergey Azərbaycanda özünü ancaq ən yaxşı tərəfdən göstərdi. Sonralar gənclər yığmasında bizimlə birlikdə oynamış Aleksandr Voskoboynikovda Azərbaycana "baş çəkdi”. Deyim ki, qətiyyən darıxmırdıq(gülür)...
- Əvvəllər sənin və Kravçenkonun Azərbaycan yığmasında çıxış etmək üçün təklif almağınız barədə informasiyalar dolaşırdı...
- Bəli, belə bir şey olub. Ancaq həmin ərəfədə biz vətənə qayıtdıq. Ancaq indi dünya futbolunda bu adi haldır. Mən yaxşı xatırlayıram ki, sizin yığmada braziliyalı, ukraynalı, rusiyalı futbolçular çıxış edirdi. 
- "Qarabağ”da keçirdiyin mövsümü necə dəyərləndirərdin?
- Düşünürəm ki, yaxşı mövsüm keçirdim. Komandanın yarımmüdafiəçiləri arasında ən çox fərqlənən(A.Ə - 8 qol) mən oldum. 35 oyunda meydana çıxdım. Düzdür, bir matçda dincəlməyə imkan verdilər(gülür). Həmin mövsüm ölkə kubokunun finalına çıxdıq. Orada bizi çox güclü olan "Karvan” gözləyirdi. Çətinliklə olsa da, 2:1 hesabı ilə qalib gələrək kuboku başımız üzərinə qaldırdıq. Bu Azərbaycanda əldə etdiyim ilk titul idi. Kubok oyunlarında 3 dəfə fərqləndim. 
- Hazırda sabiq komanda yoldaşların ilə əlaqə saxlayırsan?
- Orada oynayan ukraynalıların bir çoxu ilə əlaqəm var. Hərdən söhbətləşirik. Bakıdan isə yalnız "Neftçi”nin və Azərbaycan yığmasının sabiq forvardı Vadim Vasilyevlə tez-tez danışıram. O əla hücumçu idi. 
- "Qarabağ”ın çıxışını izləyirsən?
- Açığını deyim ki, çempionat görüşlərini izləmirəm. Ancaq avrokuboklarda oynayan zaman mütləq canlı olmasa belə, sonradan matçın videoyazısına baxıram. Etiraf edim ki, ağdamlıların matçlarını seyr edərkən çox həyəcan keçirirəm. Axı o formanı məndə daşımışam...Bəzən bəxtsizlik, bəzən xırda səhvlər "Qarabağ”ın Avropada daha da irəliləməsinə mane olur. İnanıram ki, zamanla bunlarda aradan qalxacaq. Axı komandanın Qurban Qurbanov kimi baş məşqçisi var. Hazırda komandanın heyətində yer alan yerli və legioner futbolçuların səviyyəsini qeyd etmək yerinə düşər. 
- Azərbaycanlı futbolsevərlərə nə sözün var?
- Buradan onlara demək istəyirəm ki, komandalarınızı yalnız buraxmayın, biz futbolu sizlər üçün oynayırıq. Azərbaycan yığmasına və bütün klublarınıza uğurlar diləyirəm.

Söhbətləşdi: Araz Əhmədov(Het-trik news qəzeti üçün)

Oxşar xəbərlər

Futzal Assosiasiyasının prezidenti:“Yerli futzalçılara güvənmək lazımdır”
Avrokuboklarda təmsilçimizə qol vuran qapıçı:"Azərbaycanlıların heyətində bir neçə texnikalı futbolçu var idi" - ÖZƏL
Aleksandr Çertoqanov: “Təəssüflər olsun ki, o karyerasını tez bitirməli oldu"
Aleksandr Çertoqanov: “Azərbaycanda yerli adət-ənənələrə hörmətlə yanaşmaq lazımdır” - EKSKLÜZİV
“O, Tovuz futbolu üçün can qoymuşdu" ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər