reklam
“O, Tovuz futbolu üçün can qoymuşdu
Sportfm.az xəbər saytı

“O, Tovuz futbolu üçün can qoymuşdu"ÖZƏL


Kənardan Azərbaycan futbolu necə görünür? Futbolumuza bu dəfə 5 ilə yaxındır ölkəmizi tərk etsə də, Tovuzu, "Turan"ı, oradakı dostlarını unuda bilməyən Yevgeni Qorqadzenin gözü ilə baxacağıq. Azərbaycan futbolu ilə bağlı 4 illik xatirələrini bizimlə bölüşən, "Turan"da fiziki hazırlıq üzrə mütəxəssis kimi çalışmış gürcü məşqçi ilə söhbətdə bizi təkcə özümüzün izləmədiyi məlum oldu. 

- Uzun müddətdir Azərbaycandan ayrılsam da, orada baş verən hadisələri yaxından təqib edirəm. Məşqçi kimi karyeramın ən unudulmaz anlarını yaşadığım Tovuzla bağlı xəbərləri xüsusilə izləyirəm. Hazırda "Turan"ın Premyer Liqada çıxış etməməsi mənfi haldır. Tovuz yalnız bölgə futbolunun inkişafına təkan verən rayon deyil, həm də ölkə futbolunuz bu regionun potensialından geniş yararlanır. Təbii ki, "Turan" bütün göstəricilərinə görə Premyer Liqada iştirak etməyə layiqdir. Lakin komandanın hazırki maddi durumundan xəbərim yoxdur. Bilirəm ki, eynən bizdə olduğu kimi sizin çempionata nəzarət edən qurum (Peşəkar Futbol Liqası - A.Ə.) klublar qarşısında maddi təminatla bağlı müəyyən öhdəliklər qoyur. Ola bilsin, rəhbərlik həmin tələbləri yerinə yetirə bilməyib. 
- Göstəricilər deyəndə, nəyi nəzərdə tutursunuz? 
- Baxın, mən orada olduğum dönəmdə üç mütəxəssislə çalışdım. Revaz Dzodzuaşvili təlim-məşq toplanışlarına cəlb etdiyimiz yerli gənclərin sərgilədiyi oyuna heyran qalmışdı. Tez-tez zarafatla deyirdi ki, burada əcnəbi futbolçu oynatmaqla günah işlədirik. Türkiyəli Naci Şensoyun Tovuz futbol məktəbinə verdiyi xeyiri hər kəs bilir. Onun dövründə bir neçə yerli gənc əsas komandanın üzvünə çevrildi. Əsgər Abdullayev də uşaq futbol məktəbinin işindən çox razı idi. Yaxınlarda "Sportinq"ə transfer olunan Budaq Nəsirovu yaxşı xatırlayıram. Çox çalışqan və inadkar gənc idi. Verdiyim fiziki təmrinləri yerinə yetirəndə heç kəsdən geri qalmamağa çalışırdı, məşqdən sonra əlavə olaraq qalıb işləyirdi.
- Necə düşünürsünüz, Budaq "Sportinq" kimi tanımış klubda möhkəmlənə biləcək? 
- Budaq yaşının az olmasına baxmayaraq, artıq, Azərbaycanda özünü təsdiq etmiş futbolçudur. O, "Qarabağ"a və yaxud "Qəbələ"yə keçməklə öz səviyyəsini və təcrübəsini daha da artıra bilərdi. Lakin belə görünür ki, bu cavan oğlan xaricdə futbol oynamaq istəyir. Budağın atası da futbolu gözəl bilir. Onu yaxından tanıyıram. Düşünürəm ki, əvvəlcə uyğunlaşma problemini arxada qoymaq lazımdı. Yeni məşq prosesinə uyğunlaşmaq üçün Budağa vaxt lazım olacaq. Bu mərhələ arxada qaldıqdan sonra isə heyətə düşmək uğrunda mübarizə aparmaq olar. Ola bilsin, rəhbərlik onu hansısa kluba icarəyə versin. Belə olan təqdirdə qətiyyən həvəsdən düşmək lazım deyil, əksinə, getdiyin komandada özünü sübut etmək üçün verilən şansdan istifadə etmək lazımdır. 
- "Qarabağ" və "Qəbələ"nin adlarını çəkdiniz. Belə görünür ki, Tovuz futbolu ilə yanaşı, digər klublarımız haqqında da məlumatlısınız. 
- Əlbəttə, indi bizim futbol adamlarımızın əksəriyyəti Azərbaycanın bu iki klubunu yaxından tanıyır. "Qəbələ" bizə reytinqdə irəli getməyə imkan vermir (gülür). Təəssüflər olsun ki, bu mövsüm ölkə çempionatında cəmi 8 komanda mübarizə aparacaq. Çox komanda xeyli sayda futbolçu, çox futbolçu bir çox istedadın üzə çıxması, çox istedadlı oyunçu isə yığmanın uğuru deməkdir. Futbolun coğrafiyası nə qədər geniş olsa, bir o qədər yaxşıdır. "Qarabağ", "Qəbələ", "İnter", "Neftçi" kimi çempionluğa oynayan klublarla yanaşı, "Zirə" kimi özünü sübut etməyə cəhd edən komandalar Premyer Liqaya rəng qatırlar. "Qarabağ"ın Avropada stabil çıxışı göz oxşayır. Bu klubun rəhbərliyinə və məşqçilər korpusuna dərin təşəkkürümü bildirirəm. Çox gözəl komanda yaradıblar. "Qarabağ"ın oyunundan zövq alıram. Qurban Qurbanovun komandasının nümayiş etdirdiyi futbol mənə Tiflis "Dinamo"sunun 80-ci illərdə sərgilədiyi möhtəşəm futbolu xatırladır. "Qəbələ" hələki legionerlərə üstünlük verir. Ancaq tədricən yerli futbol məktəbinin yetirmələri əsas heyət üzvlərinə çevriləcək. Bu, təbii bir prosesdir. 
- Gürcüstan yığmasının şərəfini qoruyan Nika Kvekveskiri "Qəbələ"də oynayır. 
- Nika "İnter"dəki çıxışı ilə səviyyəli futbolçu olduğunu sübut etdi. Yığmaya dəvət almağa başladı. Bildiyimə görə, "Qəbələ"dən başqa daha bir klub onu öz heyətində görmək istəyirdi. Tez bir zamanda Nika yeni komandasının liderlərindən birinə çevrilə bilər. Bir çox gürcü futbolçu Avropada top qovur, Kvekvenin seçimi isə Azərbaycan oldu. Məsafənin yaxınlığının bu seçimdə böyük təsiri olduğunu düşünürəm. 
- Azərbaycan yığmasının sabiq üzvü Rasim Ramaldanov isə Gürcüstana üz tutdu. 
- Açığı, bunu yaxınlarda eşitdim. Nədən olmasın? Gürcüstan çempionatında çıxış etmək ona çətin olmamalıdı. Biz hamımız qafqazlıyıq. Həm də Ramaldanov güclü klublarda çıxış edib, yığmanın şərəfini qoruyub. Onun bizim çempionatın ən yaxşılarından biri olacağına inanıram. 
- Sonuncu sualım rəhmətlik Sakit Alıyevlə bağlı olacaq. Deyilənə görə, vəziyyətinin ağır olduğu dönəmdə sizə müraciət etmişdi...  
- Sakiti heç vaxt unutmayacam (Dərindən köks ötürür). Bəli, belə bir şey olub. O, müalicə üçün Tiflisə gəlmək istəyirdi. Mənə zəng vurdu. İki gün sonra qarşıladım, tanıdığım həkimlərə müraciət etdik, yoxlamalardan keçdi. Ancaq, təəssüflər olsun ki, gec idi. Sakiti qoruya bilmədik (danışdıqca qəhər onu boğur). Çox gözəl insan idi. O, Tovuz futbolu üçün can qoymuşdu. Sakiti hər zaman xoş sözlərlə xatırlayacam. Sakit Tovuzda qazandığım tək dost deyil. Orada başqa dostlarım var, hamısına salamlarımı çatdırın.  
 
Müsahibənin təşkilində göstərdiyi köməkliyə görə Fikrət Məmmədova dərin təşəkkürlər.

Söhbətləşdi: ARAZ ƏHMƏDOV

Oxşar xəbərlər

"Niyə başqalarından fərqli tovuzlular premyer-liqada oynamamalıdı?"- Klub prezidenti "od püskürdü"
"Qarabağ"ın sabiq futbolçusu:”Bakıdan yalnız onunla danışıram...”
"Turan Tovuz"un futbolçusu:"Orada olan klublar bizi üstələyir"
Aleksandr Çertoqanov: “Azərbaycanda yerli adət-ənənələrə hörmətlə yanaşmaq lazımdır” - EKSKLÜZİV
"Tovuz stadionuna Sakit Alıyevin adı verilsin"... TƏKLİF

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər