FUTBOL TARİXİMİZ: "Fənərbaxça"dan "Turan"a qarşı amansız "qonaqpərvərlik" -TAM VİDEO
Azərbaycan futbolunu "Turan"sız təsəvvür etmək mümkün deyil. Ölkə futbolunda özünəməxsus izi olan, neçə-neçə istedadlı yetirməsi ilə öyünən, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil etməsi ilə tarix yazan “Turan” unudulmamalıdır.
1992-ci ilin mayında start götürən 1-ci Azərbaycan çempionatının iştirakçıları arasında Tovuzu təmsil edən “Turan” da yer almağı bacardı. Özü də yeni yaranan komanda qısa müddətdə iddialılardan birinə çevrildi. Çempionatın sonunda 56 xal toplamağı bacaran “Turan” lider “Neftçi”dən altı, 2-ci yerdəki Sumqayıt “Xəzər”indən cəmi bir xal geri qalaraq bürünc medallara sahib çıxdı. 1993-94-cü il mövsümündə isə tovuzlular “Qarabağ”ı bir xal qabaqlayaraq ilk dəfə qızıl medalları boyunlarından asdılar.
Həmin vaxt Azərbaycanın ən yaxşı futbolçuları “Turan”ın heyətində cəmləşmişdi. Məhz bu çempionluq sayəsində “Turan” Azərbaycanın avrokuboklardakı ilk iştirakçısına çevrildi. UEFA həmin vaxt Azərbaycana cəmi bir vəsiqə ayırdı və çempionumuz UEFA kubokunda iştirak etmək hüququ qazandı. Beləcə 1994-cü ilin avqust ayının 9-da “Turan” İstanbulun məşhur “Şükrü Saracoğlu” stadionunun qazonuna ayaq basmaqla Azərbaycan futbolu tarixinə yeni və silinməz bir səhifə yazdı. Düzdür, oyunun nəticəsi heç də bizim üçün ürəkaçan olmadı və “Turan” adlı-sanlı “Fənərbaxça”ya 0:5 hesabı ilə uduzdu. Amma nəzərə almaq lazım idi ki, “Fənərbaxça” ilə “Turan”ı heç cür müqayisə etmək olmazdı. Müharibə şəraitində yaşayan Azərbaycanın əyalət təmsilçisi İstanbulun ən varlı və zəngin ənənələrə malik klublarından biri ilə başabaş mübarizə aparmaq gücündə deyildi.
Həmin vaxt Avropada reytinqimiz də çox aşağı idi. Klub reytinqimiz demək olar, yox idi. Bundan başqa, UEFA-nın o dövr üçün mövcud olan qaydasına görə, klubların nəticələrinə görə hazırlanan ölkələrin reytinq cədvəlində yalnız ilk 24 yeri tutan ölkənin çempionları Çempionlar Liqasında iştirak edə bilərdi. Məhz buna görə də çempion olmağına baxmayaraq, “Turan”ı Çempionlar Liqasına buraxmadılar və təmsilçimiz UEFA kubokunda mübarizəyə qoşuldu.
İlk oyun 9 avqust 1994-cü il tarixində, cavab matçı isə 23 avqustda keçirildi. Həmin vaxt “Turan”ın baş məşqçisi Kazbek Tuayev idi.
“Şükrü Saracoğlu” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatdı. Qollara Aykut Kocaman (2), Bülənt Uyğun, Nielsen və Aygün imza atmışdı. Onda "Turan"ın heyətində Nizami Sadıqov, Hüseynqulu Quliyev, Gennadi Drozdov, Azad Mütəllimov, Sakit Alıyev, Məqsəd Yaqubəliyev, Vəli Hüseynov, Mirbağır İsayev, Vidadi Rzayev, Rüfət Quliyev, Bəxtiyar Musayev, İlham Məmmədov, Qurban Qurbanov, Musa Qurbanov, Elşad Əhmədov(UEFA Kubokunun matçları üçün "Qarabağ"dan icarəyə götürülmüşdü - red.) kimi futbolçular çıxış edirdi.
“Turan”ı mübarizədən kənarlaşdırdıqdan sonra növbəti mərhələdə Fransanın “Kann” klubu ilə görüşən İstanbul təmsilçisi rəqibinə 0:4 və 1:5 hesabıyla uduzdu.
Qeyd edək ki, Tovuz stadionu UEFA-nın tələblərinə cavab vermədiyinə və cəbhə bölgəsində yerləşdiyinə görə cavab qarşılaşması Sumqayıtın Mehdi Hüseynzadə adına stadionunda keçirildi. Avqustun 23-ə təsadüf edən həmin görüşdə də “Fənərbaxça” qələbəyə sevindi. Azərbaycan çempionu rəqibin vurduğu iki topa cavab verə bilmədi. Sportfm.az saytı İstanbulda keçirilən il görüşün tam görüntülərini əldə edib. Aşağıdakı videoda "Şükrü Saracoğlu" stadionunda oyunu başdan-sona qədər izləyə bilərsiniz.
Oxşar xəbərlər
Tovuzlu azarkeşlər nə istəyir? - "Turan"ın yaradıcısına necə böhtan atılır?!
"Turan" ilk qarşılaşmada uduzdu
"Turan Tovuz"dan "Qarabağ"la bağlı paylaşım - FOTO
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
"Zəfər turu"nda məhsuldar “sülh” - Premyer Liqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası