Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Bu cür təyinatları görəndə, deməyə söz tapmıram” - AZAL-dan növbəti etiraz
"Neftçi” ilə oyunumuzda baş verənlərdən sonra II turun təyinatları məni təəccübləndirdi. Amma AFFA Hakimlər Komitəsi vəziyyəti başqa cür qiymətləndirib, səhvi başqasında gördü”. Bu sözləri apasport.az saytına AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov deyib. Topaz Premyer Liqasının ilk turunda keçirilən AZAL – "Neftçi” matçındakı hakim səhvləri hələ də müzakirə olunur. Həmin qarşılaşmanın 14-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Röyal Nəcəfovun zərbəsindən sonra top qapı xəttini keçsə də, Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası qolu qeydə almamışdı. Buna görə ən çox qapı arxasında dayanan Ramil Diniyev tənqid olunmuşdu.
Maraqlıdı ki, Rəhim Həsənov cəzalandırılsa da, Diniyev II tura yenidən təyinat alıb. Üstəlik, o, "Neftçi” – "Zirə” qarşılaşmasında baş hakim funksiyasını yerinə yetirəcək. Fikrət Hüseynovun sözlərinə görə, Diniyevin də cəzalandırılacağını gözləyirmiş: "Hakimlər Komitəsi belə qənaətə gəlib ki, Röyal Nəcəfovun zərbəsindən sonra top qapı xəttini keçməyib. Amma Nuqzar Kvirtiyanın ikinci cəhddə təmiz qolunun sayılmadığını etiraf ediblər. Onlar da qəbul edirlər ki, həmin epizodda Nuqzar qapıçıya yox, topa toxunmuşdu. Hamı kimi, mənə də elə gəldi ki, mübahisəli epizodda top qapı xəttini keçmişdi. Məncə, qapı arxasında dayanan Ramil Diniyev həmin epizodda səhv idi və epizodu düzgün dəyərləndirmədi. Amma AFFA Hakimlər Komitəsi başqa fikirdədi. Məncə, təkcə Rəhim Həsənov yox, Ramil Diniyev də günahkardı. Bir hücumda iki səhv oldu. Rəhim Nuqzarın qolunu qeydə almadığı üçün cəzalandırılıb. Araşdırıb, günahı onda görüblər. Deyiblər ki, Rəhim o qolu görməyib. Doğrudu, bizdə topun qapı xəttini keçib-keçmədiyini göstərən cihaz yoxdu. Amma hər şey gözümüzün qarşısında baş verdi. Epizoda yenidən baxdıqda da topun xətti keçdiyini gördük”.
Klub rəsmisi məsələni belə qoymayacaqlarını və AFFA-ya müraciət ünvanlayacaqlarını da vurğulayıb: "Bu günlərdə məsələ ilə bağlı müzakirəmizi davam etdirəcəyik. Bununla bağlı AFFA-ya müraciət edəcəyik. Müraciətin forması barədə düşünəcəyik”.
AZAL-ın "Neftçi” ilə oyununda yan xətt hakimi olmuş Namiq Hüseynov matçın gedişində "təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədovla mübahisəyə girişmiş, ona "çıxarsan, oyundan sonra söhbət edərik” demişdi. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə cəza tətbiq etmək əvəzinə, bu hərəkətinin mükafatı olaraq, onu II turda "Qəbələ” – "İnter” görüşünə 4-cü hakim təyin edib. Fikrət Hüseynov komitə sədrinin bu qərarına da münasibət bildirib: "Bir hakimin "Pro” lisenziyalı baş məşqçiyə o cür sözlər deməsi, onu hədələməsi təbii ki, qəbulolunmazdı. Həmin hadisənin üstündən bir həftə keçməmiş bu cür təyinatları görəndə deməyə söz tapmıram. Bundan sonrasını buraxıram onların öz vicdanına”.
Oxşar xəbərlər
Xaqani Məmmədov "Neftçi"nin matçını izləyəcək
Topaz Premyer Liqası, 25-ci turun bütün təyinatları
Fariz Yusifov hara göndərildi?
Diniyev Sumqayıta gedir
Qırmızı işıqda keçən təyyarə - Yazı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası