Gürcülərdən niyə geri qalırıq və ya doğurdan qanımızda yoxdur? -YAZI
Futbol elə bir sahədir ki, burda istedadı olmayanın irəliləməsi mümkünsüzdür. Ən azından dünya praktikası, bu günə qədər gördüklərimiz bunu deməyə əsas verir. Ancaq bütün sahələrdə olduğu kimi bu istiqamətdə də Azərbaycan reallıqları müasir futbola "yeniliklər" bəxş etməyə davam edir. Okeaniyada yer alan və adı heç kimə məlum olmayan ölkələrlə yanaşı, bizdə də istedadsızların futbolçu olmaq şansı çox yüksəkdir. Bu sovetlər dönəmindən belə olub.
"Neftçi"nin "xod gedən" vaxtlarında belə tapşırıqla, zənglə, hörmətlə, kiməsə "03" hədiyyə etməklə "ağ-qara" formanı geyinmək olurdu. Düzdür bu haqda danışmasalar da, veteranlarımızın əksəriyyəti yazılanlanlarla, deyilənlərlə barışmasa da, reallıq mən yazdığım kimidir.
Elə həmin dövrdən başlayaraq, istedadı olub, imkanı olmayan minlərlə futbolçu yoxa çıxdı. Vetaran futbolçularla söhbətimdə, onlardan götürdüyüm müsahibələr zamanı özləri etiraf edib ki, bizdə çoxlarının önü kəsilib. Sadalanan səbəblərə görə neçə-neçə potensiallı gənc futboldan uzaq düşüb, kənarda qalıb.
İndinin özündə belə ölkəmizdə bu cür hallara rast gəlmək mümkündür. Futbol infrastruktrunda çalışan, əlinə telefonu götürüb mənim tanışım filan klubda işləyir, "indi ona zəng vuraram uşağı götürər" deyənlərin sayı-hesabı yoxdur. Bunun kökü isə çox uzaqlara gedib çıxır.
60-cı illərdə biz "fil qulağında yatanda" gürcülər kəndlərə, qəsəbələrə düşüb qapı-qapı istedad axtarırdı. Hətta Gürcüstanın ucqar yerlərində bir az "gözə batan" futbolçunu Tiflis "Dinamo"suna baxışa göndərməyənlər yuxarı səviyyədə cəzalandırılırdı. Qayda vardı - hamı Tiflis "Dinamo"su üçün çalışmalıydı. Bunun bəhrəsini isə gürcülər 80-ci illərdə görməyə başladı. Tiflislilərin avrokukoklarda at oynatması da həmin dövrə təsadüf etdi. Adamlar 20 il öncə əkdikləri ağacın barını yeyirdi.
Bizdə isə həmin dönəm tənəzzül yaşanırdı. Düzdür, "Neftçi"də Cavadov, Əhmədov, Ponomaryov, Sadıqov kimi yüksək səviyyəli futbolçular vardı, ancaq komandamızda onları əvəz edəcək, rəqabət apara biləcək oyunçular olmadığı üçün inkişafdan söhbət gedə bilməzdi. "Neftçi"nin əsas heyətində bir çox futbolçunun yeri toxunulmaz idi. Həmin dövrdə gürcülərin çoxlu sayda tanınmış futbolçusu SSRİ yığmasında çıxış etdiyi, avrokuboklarda xarüqələr yaratdığı halda, flaqmanımız Yüksək Liqada qalmaq uğrunda mübarizə aparırdı.
Azərbaycan futbolunu bürüyən ikinci dəhşət dalğası 90-cı illərin əvvələrində yaşandı. Futbol infrastrukturumuz dağıldı, bir çox klubumuz tarixin yaddaşına qovuşdu, futbolumuz yiyəsiz qaldı. Ölkə futbolu üçün "peraşki dövrü" başladı. Pulsuzluq və şəraitin olmaması olan-qalan istedadlı futbolçularımızı da məhv etdi. Bəziləri imkan tapıb xaricə yollandı. Ancaq onların sayı çox az idi.
Həmin müddətdə bizdən də ağır günlər yaşayan gürcülər başqa yolla getdilər. Üzdə olan gürcü futbolçular ölkə rəhbərliyinin də köməyi ilə Avropa klublarına üz tutdular. Onlar bir çox ölkələrin aşağı liqalarında çıxış etməklə yanaşı, top klublarda da çıxışları ilə "göz oxşadılar". Bu dəfə də onlar bizdən zirək və ağıllı çıxaraq çətin dönəmi az itki başa vurdular.
90-cı illərin əvvələrində xaricə gedən istedadlı gürcü futbolçuların bir qismi hətta Avropa futbolunda belə adından söz etdirdi. Kaxaber Tsxadadze, Şota Arveladze, Temuri Ketsbaya, Georgi Kinkladze və s. qismində "ikinci gürcü dalğası" Avropanı vurdu. Burda isə təbii ki, 90-cı illərdə legioner həyatı yaşayan "bicolar"ın Avropanın yaşıl meydanlarında özünü yaxşı tərəfdən göstərməsi mühüm rol oynadı.
Biz isə həmin ərəfələrdə dövlət proqramının qəbuluna sevinirdik. Xaricdə olan az sayda futbolçularımız da Azərbaycanda "pulun ortaya çıxdığını" görüb geri dönürdü.
2000-ci illərin ortalarında Azərbaycan çempionatında yeni klublar peyda oldu, böyük pullar hesabına legioner oyunçular transfer edildi. Təbii ki, düzgün istiqamətdə xərcləməyən maliyyə vəsaiti ölkə futboluna heç bir xeyir vermədi. Bununla da dövlət proqramı "yüksək səviyyədə yerinə yetirildi", kimlərsə ciblərini doldurdu. Uduzan isə yenə Azərbaycan futbolu oldu.
Biz gələnə-gedənə milyonlar xərclədiyimiz vaxt gürcülər 3-cü dəfə Avropanı fəth etməyə yola düşdü. Levan Kobiaşvili, Kaxa Kaladze, Aleksandr İaşvili və digərləri bu missiyanı uğurla yerinə yetirdi. Bizdə pul qurtardı, yalançı inkişafın fəsadları ortaya çıxdı, gürcülər isə Avropadan qayıdanların zəngin təcrübəsinə etibar etməklə, mərhələli şəkildə "Sakartvelo" futbolunu irəliyə doğru apardı.
Millətlər Liqasında iki görüşdə Maltanı məğlub edə bilməyən Azərbaycan yığmasından fərqli olaraq, gürcülər qrup mərhələsini birnəfəsə keçdi. Gürcüstan yığmasının 23 nəfərlik siyahısında 20(!!!) futbolçu karyerasını xaricdə davam etdirdiyi halda, biz yalançı azərbaycanlı Nazarova, okeanın o tayından olan "həmyerlimiz" Almeydaya, Bakıya dincəlməyə gələn Pavloya güvənmək durumunda qaldıq.
Bəzən deyirlər ki, futbol bizim qanımızda yoxdur. Qanımızda olsa da, biz onu yox edirik. Ona görə bu Ht, PCV-lik deyil.
Araz Əhmədov
Oxşar xəbərlər
Futbolçularımızın fərdi ustalıq səviyyəsi niyə aşağıdı? - "El Mejor" danışacaq
Ayxan Cəfərzadə:"Hədəfim Madrid "Real"nın şərəfini qorumaqdır - MÜSAHİBƏ, VİDEO
Anji
Bizdə futbol var? - Yoxsa, pul qazanmaq istəyirik? - QEYD
Bizə PRO lazımdır, yoxsa məşqçi ? - QEYD
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası