reklam
Bizə PRO lazımdır, yoxsa məşqçi ? -
Sportfm.az xəbər saytı

Bizə PRO lazımdır, yoxsa məşqçi ? -QEYD


Ötən həftə AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş 9 mütəxəssisə müvafiq diplom və sertifikatlar təqdim olundu. Bu isə o deməkdir ki, daha 9 nəfər azərbaycanlı məşqçi ən yüksək lisenziyaya sahib oldu.

Ümumiyyətlə bu günə qədər Azərbaycanda təşkil edilən məşqçi kursları ilə bağlı müsbət rəylər çox azdır. Hətta bir dönəm Türkiyədə bir işin kolay olmadığını görən arkadaşların çoxu AFFA-da təşkil edilən kurslarda iştirak edərək, müvafiq lisenziyalara sahib olurdu. Onların necə və hansı formada kateqoriya əldə etdiyini isə hamı yaxşı bilir. 

Mənə bir dəfə Antalyada yerli məşqçilər üçün baş tutan A kateqoriyalı məşqçi kurslarını canlı izləmək nəsib olub. Türkiyə Futbol Federasiyası belə tədbirləri qurumun inzibati binasında deyil, otellərdə keçirməyə üstünlük verir. 60-a yaxın məşqçinin iştirak etdiyi kursun sonunda cəmi 4 məşqçi(!!!) kateqoriyaya yiyələnə bildi. Tədbirin sonunda kəsilən məşqçilərin biri ilə söhbətləşdim. Adamın deməyindən belə çıxdı ki, Türkiyədə son illər bu sahəyə çox ciddi önəm verirlər, ona görə lazımi səviyyədə olmayan yerli çalışdırıcıların çoxu müvafiq kateqoriyaları almaq üçün Azərbaycana, Bolqarıstana, Ukraynaya və s. yollanır. Onun fikrincə, adı çəkilən ölkələrdə bu işin asan yolunu tapıblar. 

Qurban Qurbanovun milli komandaya gəlişindən sonra aşağı yaş qrupları üzrə yığma komandalarımız bir müddət başsız qaldı. Səbəb isə o göstərildi ki, yığmalarda işləməyə layiqli mütəxəssislər yoxdur. Burda maraqlı məqam ortaya çıxır. Bu günə qədər AFFA-da təşkil edilən edilən UEFA-nın müxtəlif kateqoriyalı məşqçi kurslarını 100-dən çox uğurla bitirən çalışdırıcı olub. Bəs onlar hara getdi ki, yığmalarda işləməyə məşqçi tapılmadı! Yoxsa kateqoyiyaya sahib olan mütəxəssislərin savadına, bacarığına şübhələr var? Əgər varsa, onlara həmin lisenziyalar necə verilib və ya onlar onu necə əldə edib? 

Azərbaycanda uşaq futbolunda çalışan xeyli sayda mütəxəssis var. Onların böyük əksəriyyətinin heç kateqoriyası belə yoxdur. Həmin məşqçilər küçələrdən, məhəllərdən uşaqları toplayaraq məşq keçir, istedadları üzə çıxarır. Daha sonra həmin məşqçilər həmin istedadlı uşaqları dolanışıq üçün 5-10 manat qarşılığında klublarda çalışan tanışlarına verir. Beləliklə uşaq keçir kateqoriyası olan məşqçilərin əlinə. İstedadlı futbolçu klubda guya ki, "yonulur" və ötürülür daha yüksək kateqoriyaya sahib olanların yanına. Bununla da, həmin uşaqların itirilmə mərhələsinə start verilir(təbii ki, hamısına şamil edilmir). Və bir ay ərzində AFFA-da PRO-ya yiyələnən bəzi "mütəxəssislər" istedadlı uşağın əslində istedadsız olduğunu üzə çıxarır(yenə də hamısına aid deyil). 

Təbii ki, yuxarıda yazılanlar hər kəsə şamil edilmir. Uzun illərdir uşaq futbolunun içində olduğum üçün onu deyə bilərəm ki, bu sahədə çalışan müəyyən kateqoriyaya sahib, yüksək insani keyfiyyətlərə malik savadlı yetərincə məşqçilərimiz də var. İnanın ki, bu gün Azərbaycanda uşaq futbolunun tamamilə məhv olmasının qarşısını məhz onlar alır. Təəssüflər olsun ki, zaman ötdükcə "yuxarılar"da olan bəziləri onların əməyini yerə vurur. 

Araz Əhmədov

Oxşar xəbərlər

"Keşlə"nin dərdi var, "Keşlə" xəstədi - TƏHLÜKƏ
AFFA potensial şikəstləri necə "yetişdirir"? - DƏRD
Məşqçilərə diplom və sertifikatlar təqdim edildi - FOTO
Millinin məşqçisi danışdı: "Çox çalışdım, amma alınmadı"
Hər şey aşağılardan başlayır və ya Qurban Qurbanovun "ölümcül səhvi" - QEYD

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər