reklam
Sportfm.az xəbər saytı

"“Azfar Group”u geridə qoymağımız turnirlə bağlı ehtimal olunan şübhələrə də son qoydu" -MÜSAHİBƏ


Alfa Liqada uğurlu çıxışı ilə mübarizəni davam etdirən komandalardan biri “Timsport” komandasıdır. Eyniadlı şirkəti təmsil edən komanda ilə daha yaxından tanış olmaq üçün qurumun rəhbəri Vasif Əhədovla söhbətləşdik. Vasif bəy idman sahəsinə yaxın adam olduğundan onunla söhbətimiz çox maraqlı alındı. Futbola maraq göstərən həmsöhbətimiz həm də şahmat oyunun həvəskarıdır. Tələbəlik illərində 1-ci dərəcəyə yiyələnən Vasif bəy qısa da olsa bizə bu oyunun  taktika və strategiyasından bəhs etdi və nəinki şahmatda hətta həyatda da uğur qazanmaq üçün nələrisə qurban verməyin vacibliyini xatırlatdı.

- İlk öncə “Timsport” haqqında məlumat verərdiz?

- Şirkətimiz 1991-ci ildən fəaliyyət göstərir. İlk illərdə yalnız idman dükanı şəklində fəaliyyət göstərirdik. 90-cı illərin sonlarından etibarən isə idman malları ilə yanaşı idman və əyləncə sektoru üçün nəzərdə tutulmuş avadanlıqlarının satışına da başladıq. Misal üçün bilyard, boulinq, stolüstü tennis özündə həm idman həm də əyləncə xarakteri daşıyır. Alov qüllələrində, Four Seasons, Pullman, keçmiş Jumeriah otellərində, ADBTİA-da, BDU-da, dövlət güc strukturlarının akademiyalarında idman və fitnes zallarının idman avadanlıqları ilə təmin edilməsi şirkətimiz tərəfindən həyata keçirilib. Bundan əlavə regionlarda fəaliyyət göstərən olimpiya mərkəzlərində və otellərdə də Timsportun gördüyü işlər kifayət qədərdir. İşimizin zirvəsi kimi Bakı Avropa Oyunlarndakı fəaliyyətimizi göstərərdim. Timsport Bakı-2017 Avropa Oyunlarının gedişi zamanı idman avadanlıqları təminatı və oyunlar ərzində idmana aid bütün xidməti işləri şirkətimiz həyata keçirirdi. Misal üçün volleybol matçlarından sonra zalı boks və ya stolüstü tennis yarışları üçün hazırlamaq və s. çox böyük əmək və vaxt tələb edirdi. Əməkdaşlarımız qısa vaxt ərzində bu cür ağır işlərin öhdəsindən böyük əzm və peşəkarlıqla gəlməyi bacardı. Hətta elə olurdu ki, gecə saatlarına kimi işləyirdik. Eynilə islam oyunlarında da bütün bu tip işlər şirkətimizə həvalə olunmuşdu. Hətta Çeys Kerri komandamızın işindən o qədər razı qalmışdı ki, mənimlə söhbətdə London olimpiadasında belə bu cür əzmlə işləyən bir heyət görmədiyini bildirdi. Daha sonra vurğuladı ki, “baxmayaraq sizin alətlər standartlara tam cavab vermir, lakin siz möhtəşəm bir işin öhdəsindən layiqincə gəlirsiz”. Cavab olaraq bildirdimki, bizim bir alətimiz var ki, dünyanın heç bir yerində o avadanlıqdan yoxdur. Yoldaş Kerri soruşdu ki, o hansı avadanlıqdır? Cavabında dedimki, “it`s our heart” (bu bizim ürəyimizdir). Fürsətdən istifadə edib bir daha bu cür etimada görə yarış təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm.

- Alfa Liqaya qatılmağınıza əsas səbəb olaraq nəyi göstərə bilərsiz?

- Təşkilatçıların şəxsən bizimlə görüşərək çempionata dəvət etməsi Alfa Liqaya qatılmaq yönündə müsbət qərar verməyim üçün başlıca məqam oldu. Şəxsən AMF-ın baş katibi Azər Hüseynovun bizi çempionatlarına dəvət etmələri layihəyə və iştirakçılara olan ciddi və məsuliyyətli münasibətin göstəricisi idi. Həm də baxdımki, bu turnirdə Azərsun, PEPSI, Sirab və daha bir neçə şirkət mübarizə aparacaq. Bu çempionatda iştirak kütləvi xarakter daşıdığından bizim üçün də Alfa Liqanın iştirakçıları sırasında olmaq maraqlı idi. Alfa Liqada hər kateqoriyadan olan komandalar mübarizə aparır. Bu da çox gözəl kontrast yaradır.

- Komandanın qarşısında qrup səddini keçmək tapşırığı qoymuşduz. Uşaqlar tapşırığın öhdəsindən gəlməyi bacardılar. Play-off mərhələsində məqsəd nədir?

- Real gücümüzü nəzərə alıb qarşımıza bu tapşırğı qoymuşduq. Təbii ki, arzular heç vaxt bitmir, maksimum həddə olur. İştah diş altındadır. Lakin artıq komandanın qarşısına konkret məqsəd qoymamışıq. Artıq uşaqlar özləri qarşılarına maksimum hədəflər qoyub. Açığı komandanın qarşısında ciddi hədəflər qoyulanda bu amil komandanı təzyiq altında saxlayır ki, bu da əks təsir verə bilər (söhbət 1/8 finaldan öncə baş tutub, komanda ¼ finala vəsiqə qazanıb).

- Komandanız bir çox turnirlərdə iştirak edib, hətta Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinin təşkilatçısı da olub. Vasif bəy, bugün çıxış etdiyiniz Alfa Liqa digər turnirlərdən nə ilə fərqlənir? Alfada çatışmayan məqamlar varmı?

- Gəlin çatışmayan deməyək. Çatışmayan sözü özündə neqativ səciyyə daşıyır. Amerikalı yazıçı Ronda Bern “Sirr” əsərində yazırki, bizi neqativ və pozitiv dalğalar əhatə edir. Çalışın həmişə müsbət məqamlardan danışınki, müsbət dalğaları tutasız. Əgər indi sizdən soruşsam ki, burda musiqi varmı deyəcəksiz ki, yoxdur. Lakin gətirib radionu yandırsam o zaman musiqini eşidəcəyik. Çünki, radio musiqinin dalğasını tutacaq. Deməli burda hal-hazırda da musiqi var. Ona görə əgər nəyisə biz tuta bilmiriksə ona yoxdur, çatışmır deməyək. Onsuz da bu turniri təşkil edənlər bu işi bizdən daha yaxşı bilən mütəxəssislərdir. Ona görə mənim nəsə deməyim artıq olar. İlk böyük turnirdir. Həyatda 100 faiz ideal bir şey yoxdur. Baxın bir stəkana yarıyacan su doldursaq iki fərqli yanaşma ilə üzləşərik. Biri bu stəkan “yarıyacan boşdur” digəri isə “yarıyacan doludur” deyər. Bir yanaşma neqativ digəri isə pozitiv səciyyə daşıyır. Bugün turnirin təşkilatı işlərinə “yarıyacan doludur” deyərdim.

- Fəaliyyət göstərdiyiniz sferada qismət rəqibiniz sayılan “Azfar Group” həm ilə eyni qrupa düşmüşdüz. “Azfar Group”un Alfa Liqaya eh sahibliyi etdiyini də nəzər alsaq məhz onları qrupda geridə qoyub növbəti mərhələyə çıxmağınız həm də turnirin şəffaflığından xəbər verirmi?

- Açığı “Azfar Group” qrupda bizə rəqib olanda çox məyus olduq. Amma sizə bir söz deyim, bizim “Azfar Group”u geridə qoymağımız turnirlə bağlı ehtimal olunan şübhələrə də son qoydu.

- Növbəti Alfa Liqada Timsport komandasını iştirakçılar arasında görə biləcəyikmi?

- Gəlin bugün gələcək haqda danışmayaq. Bugün isə komandamız Alfa Liqada çıxışını uğurla davam etdirir. Təbii ki, əgər çempion olsaq o zaman növbəti mövsümdə Alfa Liqada çempionun iştirakını təmin edə bilərik.

Oxşar xəbərlər

"Geniş heyət daha yaxşı nəticə qazanmağa kömək olar" - Tural Allahverdiyev
Alfa Liqada finalçıların adı məlum oldu
Alfa Liqa: "Eminspor"dan sensasion qələbə, "Turin"dən bərabərlik
Minifutbol üzrə Alfa Liqanın püşkü atıldı - FOTOLAR
Bərdə komandası Alfa Liqada iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər