"Almaniya bayrağı ilə şəklimi sosial şəbəkələrdə paylaşdıqdan sonra..."
Dünyanın bir çox ölkələrinin stadionlarda zərif cinsin nümayəndələrinə rast gəlmək olur. Xanım azarkeşlər kameraların obyektvinə tuş gələn kimi, rejissorlar sanki bilərəkdən həmin kadrları qısa bir müddətlik də olsa, mavi ekranda yayımlayır. Doğrudu, yerli çempionat və kubok oyunlarında stadiona kifayət qədər azarkeş toplaşmasa da, avrokubok və millimizin oyunlarında tribunalarda xeyli sayda futbolsevər olur. Onların arasında zərif cinsin nümayəndələrinə də rast gəlmək olur. Görünən odur ki, artıq ölkəmizdə də xanımların stadiona “ayağı açılmaqdadır”. Bəs, daha çox kişilərin maraq göstərdiyi futbola maraq göstərən bu xanımlar kimlərdir? Onları tanımaq üçün saytımızda “Zərif azarkeş” rubrikasına start verdik. İlk həmsöhbətimiz Bədən Tərbiya və İdman Akademiyasının 4-cü kurs tələbəsi və “Sabi Sun” təhsil ocağının marketinq şöbəsinin əməkdaşı Aynur Mehdizadədir.
- Aynur futbolla nə vaxtdan maraqlanırsan?
- Avro 2008-dən başlayaraq futbola baxmağa başladım. Xüsusilə də həmin turnirdə Almaniya yığmasının oyununu bəyənmişdim. Oyunçuların adlarını bir-bir dəftərə qeyd edirdim.
- İlk izlədiyin oyun hansı olub?
- Təəssüflər olsun ki, izlədiyim ilk matçı xatırlamıram. Lakin ilk bəyəndiyim futbolçu Lukas Podolski olub. Demək olar ki, həmin heyətdən bir çox futbolçunun adını bilirəm.
- Maraqlıdır, millimizin “bundestim”lə oyunlarında kimə azarkeşlik edirdin?
- Bakıdakı son oyunu tribunadan izlədim. Yaxşı yadımdadı, Almaniya bayrağı ilə şəklimi sosial şəbəkələrdə paylaşdıqdan sonra çoxlu tənqidi şərhlər yazıldı. Təbii ki, ölkəmizin millisinə azarkeşlik edirdim. Lakin bilirdim ki, hesab almanların xeyrinə olacaq, ümidsiz şəkildə millimizi dəstəkləyirdim.
- Bəs, stadiondan izlədiyin ilk oyun qarşılaşma hansıdır?
- İlk dəfə 2013-cü ildə baş tutan Azərbaycan – Portuqaliya görüşünü tribunadan seyr etdim. Daha sonra “Bakcell” arenada keçirilən Azərbaycan – Rusiya görüşünü də stadiondan izləmək imkanım oldu. Məktəbdə oxuyanda məni heç kim stadiona aparmırdı. Universitetə daxil olandan sonra isə sərbəst şəkildə stadiona getməyə başladım.
- Klublardan hansına azarkeşlik edirsən?
- Əvvəllər Almaniya təmsilçisi olduğuna görə “Bavariya”ya azarkeşlik edirdim. Sonra isə “Real” azarkeşi oldum. Düzdür, bir ara Ronaldo “Mançester Yunayted”də oynayanda “qırmızı şeytanlar”ın da oyunlarını izləyirdim.
- Yerli komandalardan hansına simpatiyan var?
- “Qəbələ” və “Qarabağ”ın oyunlarına baxıram. “Qarabağ”a daha çox simpatiyam var. Onlar bu il ÇL-yə düşməklə tarixi uğura imza atdılar.
- Futbolçulardan bəyəndiklərin var?
- Məsut Özili çox bəyənirəm. Əsl futbolçu görkəminə sahibdir. Kriştiano Ronaldonu da bəyənirəm. Yerlilərdən isə Araz Abdullayevə simpatiyam var. Onu Ronaldoya bənzədirəm.
- Yerli futbolçulardan şəxsən tanıdıqların var?
- Bəli, var. “Qarabağ” və “Zirə”nin formasını geyinən bir neçə futbolçu ilə şəxsən tanışam.
- Adətən futbol azarkeşləri olan xanımların forma kolleksiyası olur.
- Təzəlikcə forma yığmağa başlamışam. İlk hədiyyəmi BƏƏ-dən olan dostum bağışlayıb. Bundan əlavə “Zirə” və “Qarabağ”ın formaları varımdı. Bu yaxınlarda mənə İran millisinin formasını hədiyyə etməlidirlər. Əslən İrandan olduğum üçün bu mənim üçün xüsusi hədiyyə olacaq.
- Yaxşı, onda “Traktorsazi” “Qarabağ”la qarşılaşsa kimə azarkeşlik edərdin?
- Mən bilən bu oyun baş tutmadı. Lakin oynasalar... (fikrə gedir). Çox güman ki, “Qarabağ”a(gülür).
- Bəzən fanatlar tribunalarda nalayiq ifadələr işlədirlər. Bir xanım kimi bu amil səni narahat etmirmi?
- Şükür Allaha, mən olduğum qarşılaşmalarda söyüş eşitməmişəm.
- Bəs özün futbola baxarkən, əsəbləşib futbolçunu və ya hakimi təhqir etmisən?
- Etiraf edim ki, nadir hallarda olur(gülür).
- Stadionda qarşılaşdığın ən maraqlı hadisə hansıdır?
- Bakıda Almaniya ilə görüşdə bir iranlı xanım azarkeş özünü az qala tribunadan Özilin üzərinə atacaqdı. Xöşbəxtlikdən polis ordaydı və o turistin qarşısını ala bildi.
- Futbolçu ilə ailə həyatı qurarsan?
- Bu sualı mənə tez-tez verirlər. Özüm İdman Akademiyasında təhsil aldığım üçün futbolçuların həyat tərzlərini yaxşı bilirəm. Düşünürəm ki, futbolçu ilə ailə həyatı qurardım.
- Bir marketoloq kimi klublara nə kimi tövsiyələrin ola bilər?
- Mən İstanbulda, “Şükrü Saracoğlu”da olmuşam. Bilmirəm, tribunalarda istilik sistemləri quraşdırıblar, yoxsa başqa bir şey, qışda orda soyuq olmur. Bundan başqa elə stadionun içərisində “fan-şop” və çoxlu kafelər fəaliyyət göstərir. Bunların hamısı azarkeşlərin rahatçılığı üçündür. Marketinq baxımından türklərin təcrübəsindən yararlanmaq olar.
- Maraqlıdır, Azərbaycan premyer-liqasında, İspaniya La-liqasında, ÇL-də və mundialda kimləri qalib görürsən?
- Ölkə çempionu “Qarabağ” olacaq, buna əminəm. İspaniyada çempionluq uğrunda yarış yenə “Real” və “Barselona” arasında gedəcək. ÇL-ni qazanmağa ən real namizəd kimi PSJ-ni görürəm. Xüsusilə də Neymarın transferindən sonra parislilər çox güclənib. “Yuventus”un da qalib gəlmək şansı var. “Bundestim” dünya çempionu olmağa ən real namizədimdir. Lakin Argentinanı da favorit qismində göstərmək olar
- Məşhur xanım azarkeşlərdən kimləri tanıyırsan?
- Viktoriya Lopyrevanı tanıyıram. O həm də DÇ-2018-in rəsmi simasıdır. Məlum səbəbdən əvvəllər İrina Şeyk də tez-tez tribunalarda görünürdü.
Orxan Hüseynov, Sportfm.az



Oxşar xəbərlər
“Mən bundan sonra futbol haqda danışmaqdan qurtardım" - Eldar Mansurov
ÇL ən yaxşı 10 hücumçusu - SİYAHI
PFL prezidenti azarkeşlik etdiyi baş məşqçinin adını açıqladı
Çempionlar Liqasında gecənin nəticələri
"Qarabağ"ın rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası