reklam
Görülən böyük işlər, gənclərə qayğı, gələcəyə inam -
Sportfm.az xəbər saytı

Görülən böyük işlər, gənclərə qayğı, gələcəyə inam -Naxçıvanda gördüklərim


Uzun müddət idi Naxçıvanda futbolun inkişafı üçün yaradılan təlim-məşq bazasını görmək istəyirdim. İki gün öncə telefonuma gələn zəng bu istəyimi reallaşdırdı. Naxçıvan Futbol Federasiyasının sədr müavini, Azərbaycan Premyer Liqasında bir çox klublarda çalışmış Sakit Rzayev Muxtar Respublikada AFFA-nın "Kütləvi Futbol Həftəsi" layihəsi çərçivəsində baş tutacaq tədbirə məni də dəvət etdi. Öncədən qeyd edim ki, səfər zamanı təkcə futbol yox, Muxtar Respublikada həm də digər idman növlərinin canlanması üçün görülən işlərdən çox razı qaldım.
Muxtar Respublikanın rəhbərliyi başda olmaqla, Naxçıvanda hər kəs qollarını çırmalayıb idmanın inkişafı üçün çalışır. Muxtar Respublikanın sabiq Gənclər və İdman naziri Azad Cabbarovun dövründə başlanılan məqsədyönlü işlər bu postu tutan hazırki gənc nazir Ramil Hacı tərəfindən uğurla davam etdirilir. Artıq rayonların hamısında çoxprofilli idman komplekləri inşa edilib. Mütəmadi olaraq bir çox idman növü üzrə yarışlar təşkil olunur. Naxçıvanın "Araz" futbol klubu üçün təlim-məşq bazası rolunu oynayan Uzunoba kompleksində müxtəlif ölçülü stadionlarla yanaşı, qumdan meydança da salınıb.
Və burada çimərlik futbolu, futvole və s. idman növləri üzrə turnirlər keçirilib. Respublikada futzal liqaları yaradılıb. Bu idman növündə kütləviliyə nail olunub. Artıq Naxçıvan Muxtar Respublikasının tərkibində olan hər bir rayonun bir neçə futzal komandası fəaliyyət göstərir. Naxçıvan Futbol Federasiyasının təşəbbüsü ilə tez-tez AFFA-dan mütəxəssislər dəvət edilərək gənc məşqçilər, hakimlər üçün seminarlar təşkil edilir. Regionu təmsil edən məşqçilərin Bakıda keçirilən kateqoriya kurslarına göndərilməsi də təmin edilir. Bölgələrədə, kəndlərdə uşaq-futbol komandaları yaradılır. Onlar inventar verilir, problemləri həll edilir. Bir sözlə Naxçıvan yerində durmur, inkişaf edir, gənclərə qayğı göstərilir, gələcəyə inamla baxır. Bir sözlə, bu templə davam edəcəyi təqdirdə böyük uğurların, baxımlı nəticələrin qazanılacağı günlər uzaqda deyil. 
Sentyabrın 19-da UEFA-nın dəstəyi, AFFA-nın təşkilatçılığı Naxçıvan şəhərinin Uzunoba təlim-məşq bazasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə keçirilən layihədə 100-dən çox gənc oğlan və qızlar iştirak edib.
Kompleksin böyük və mini futbol meydançalarında - müxtəlif maraqlı və əyləncəli oyunları əhatə edən sektorlarda 10 komandaya bölünən uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. İştirakçıların “face art”la (üz boyama sənəti) bəzənən simaları, diceyin (DJ) müşayiəti ilə səslənən dinamik musiqilər əyləncəni daha da rəngarəng edib. Sonda hər bir iştirakçıya Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən layihəni əks etdirən futbol topları hədiyyə olunub.
Naxçıvanda reallaşan “Kütləvi futbol həftəsi” yekunlaşdıqdan sonra Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.
Görüş Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, AFFA-nın kütləvi futbol departamentinin müdiri Fərrux İsmayılovun rəhbərlik etdiyi nümayəndə heyəti və NFF-nin sədr müavini Sakit Rzayevin iştirakı ilə keçirilib. Qonaqlara yenidənqurma işlərindən sonra istifadəyə verilən Ordubad Şəhər Stadionu və ümumilikdə muxtar respublikada futbolun inkişafı üçün atılan addımlar və yaradılan əlverişli maddi-texniki baza haqqında ətraflı məlumat verilib. Mövcud imkanların Naxçıvan və ümumilikdə Azərbaycan futbolu üçün əhəmiyyəti, uşaq futbolunun inkişaf istiqamətləri, bölgədə futbolun kütləviliyi, bu sahədə həyata keçirilən təhsil və maarifləndirmə işləri, futzal və çimərlik futbolunun perspektivləri kimi mövzular müzakirə olunub, gələcək addımlarla bağlı fikir mübadiləsi aparılıb. Həmçinin, tərəflər arasında əməkdaşlıq əlaqələrinin uğurla davam və inkişaf etdirilməsi amili bölgənin futbol həyatı və gələcək potensialları baxımından yüksək qiymətləndirilib. Nazir Ramil Hacı Muxtar Respublikada idmanın inkişafı üçün görülən işlərə, bu istiqamətdə çalışan hər kəsə yaxından dəstək verməyə hazır olduqlarını bildirib. 
Araz Əhmədov 
(Səfər zamanı mənə hər cür köməklik göstərən Naxçıvan Futbol Federasiyasının lisenziyalaşdırma, marketinq və reklamlar, beynəlxalq əlaqələr departementlərinin direktoru Ceyhun Məmmədova dərin təşəkkürlər)
 
 

Oxşar xəbərlər

Nazir Naxçıvana səfər etdi - Gənclərlə görüşdü
Naxçıvan Futbol Federasiyasına yeni sədr seçildi - Təyinat
AFFA rəsmiləri Naxçıvana səfər etdi - FOTO
Naxçıvanda futbola həsr edilən iclas keçirildi - FOTO
Vasif Talıbovun oğlu federasiya rəhbəri seçildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər