reklam
İlqar Hüseynov:
Sportfm.az xəbər saytı

İlqar Hüseynov:"Yalandan belə şeylər yazanda isə istər-istəməz həvəsdən düşürsən" -Münasibət


Son vaxtlar "Keşlə"dən ayrılmaq istəyən azyaşlı futbolçuların sayının artması ilə bağlı mətbuatda gedən yazıya klubun uşaq-gənclər futbol məktəbinin rəhbəri İlqar Hüseynovun münasibətini öyrəndik. Sportfm.az saytına danışan veteran futbolçu belə materialın dərc edildiyinə görə təəssüf hiss keçirdiyini bildirdi: Səhərdən-axşamacan çalışıb-vuruşuruq, sonda isə belə bir şey yazırlar. Axı ortada görülən bir iş, sərf olunan əmək var. Təəssüflər olsun ki, bəzən jurnalistlər məsələni araşdırmadan yazırlar. Bir gəlin, görün, baxın, izləyin, sonra isə yazın. 

- Valideynlər həqiqətən uşaqlarını "Keşlə"dən aparır? 

- Siz nə danışırsınız?!Əksinə, son zamanlar klubumuzun aşağı yaş qrupları üzrə komandalarına, hazırlıq qruplarına gələnlərin sayı birə-beş artıb. Real durumu görmək üçün bizim məşq meydançalarımıza gəlmək yetərlidi. Digər klublarının adlarını çəkirlər. Amma baxın, "Qəbələ" və "Keşlə"dən başqa heç bir klubun uşaq-futbol akademiyasının bazası yoxdur. Klubun Müşahidə Şurasının rəhbəri Zaur Axundov nə ilə bağlı istəyimiz olsa, sağ olsun yerinə yetirir.  

- Akademiyanın məşqçilər korpusunda əksər mütəxəssislərin işlərinin öhdəsindən gələ bilmədiyi doğrudurmu? 

- Bu bizim ən həssaslıqla yanaşdığımız məsələdi. Akademiyamıza dəvət edilən məşqçilərin vaxtilə yüksək səviyyədə futbol oynamasına xüsusi diqqət yetiririk. Mən düşünürəm ki, uşaqlara çalışmaq üçün gərək futbol oynayasan. Mütləq bu havanı udasan. Mənim özüm uzun illər futbol oynamışam. Hazırda Məqsəd Yaqubəliyev, Xəyyam Bəkirov, Nurəddin Məmmədov, Nadir Əliyev, Xəyal Mustafayev, İlham Yadullayev, Azər Cabbarov, Araz Qulamov, Rəcəb Fərəczadə və s. kimi Azərbaycan futbolunda öz sözünü demiş insanlar bizim akademiyada çalışır. Təbii ki, onları daim müxtəlif kateqoriyalı məşqçi kurslarına göndəririk. 

- Akademiyada tanışlıqla qabağa çəkilənlərin olduğu deyilir. 

- Elə bu söz-söhbətləri yayan məhz uşaqlarını tanışlıqla akademiyamıza götürmədiyimiz valideynlərdi. Bilirsiniz ki, bura Azərbaycandı. Biri ordan zəng edir, biri burdan zəng edir. Onlara cavabım bir olur - uşağınızın istedadı yoxdursa, boş yerə əziyyət çəkməyin. Belələri həddən artıq çoxdur. Zaur müəllim də bu məsələlərə xüsusi önəm verir. O da istəyir ki, potensiallı uşaqları akademiyamıza cəlb edək, onlara şərait yaradaq. Mən əvvələr çalışdığım yerlərdədə eyni sistemi tətbiq etmişəm. Nə tapşırıq, nə zad! Bir nəfər gəlib desin ki, İlqar müəllim bizim uşağı tapşırıqla götürüb. Mümkün deyil. Bu yolda saçımızı ağartmışıq. 

- İlqar müəllim, "Keşlə" aşağı yaş qrupları üzrə yığmalara dəvət edilən uşaqlara pul verir?

- Vermir, amma belə bir planımız var. Artıq Zaur müəllimlə bu məsələni razılaşdırmışıq. Mən başa düşə bilmirəm, burda pis nə var ki? Axı, bu millilərə çağırılanlar üçün stimuldu. Digərləri də onlara baxıb milliyə düşmək üçün can atacaq. Bəyəm başqa klublarda belə bir şey yoxdur? Hamısında var. Bu olmalıdı. O balaların içərisində imkansızları var. O onların yol puludur. Yazırlar ki, guya biz onları öz heyətimizdə saxlamaq üçün belə bir addım atmışıq. Ancaq bilmirlər ki, son zamanlar başqa klublarda oynayan və millilərdə çıxış edən bir neçə futbolçu "Keşlə"nin sıralarına qatılıb. 

- Ümumiyyətlə, "Keşlə"nin futbol akademiyasında neçə yaş qrupu fəaliyyət göstərir. 

- Digər klublarda əsasən 10 yaş qrupu olduğu halda, bizdə 12 yaş qrupu var. 6-7 yaşlı uşaqların futbolun sirlərinə yiyələndiyi qruplarımız fəaliyyət göstərir. Bazamızda qalan uşaqlar da var. Onlar əsasən bölgələrimizdəndi. 

- Akademiyanın Xaçmazda olan filialının durumu necədi?

- Hazırda orda olan uşaqlarımız bir çox yarışlarda uğurla çıxış edir. Arxada qalan illər ərzində Xaçmaz filialımızdan xeyli sayda istedadlı futbolçunu müxtəlif yaş qrupları üzrə komandalarımıza cəlb etmişik. Özüm tez-tez ora gedirəm. Vəziyyətləri ilə maraqlanıram, problemlərini dinləyirəm. Lazım olan işləri görürük.

- Planınızda ölkəmizin başqa bölgələrində yeni filiallar açmaq varmı?

Bəli, belə bir planımız var. Bölgələrdə istedadlı uşaqlar çoxdur. Onları üzə çıxarmaq lazımdı. İstedadlı oyunçuları Azərbaycan futboluna qazandırmaq üçün çalışırıq. Mən hər gün səhər saat 7-də bazaya gəlirəm. Bütün günüm burda keçir. Yalandan belə şeylər yazanda isə istər-istəməz həvəsdən düşürsən. 

Qeyd edək ki, İlqar Hüseynov vaxtilə AZAL-ın futbol akademiyasına rəhbərlik edib. 

Oxşar xəbərlər

"Keşlə"nin dərdi var, "Keşlə" xəstədi - TƏHLÜKƏ
"11 yetirməmiz gənclərdən ibarət yığmaya dəvət alır" Halim Fıçıcı
Zaur Axundov məşqçilərə qadağa qoydu - ÖZƏL
Azərbaycanlı futbolçuların "Dyadya"sı: "Bir nəfər belə gəlib məni yoxlamadı"
İt-bat olan gənclər və uşaq futbolundan xəbəri olmayanlar! (LAYİHƏ)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər