Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Kəpəz” nəyə ümid edir?
İyulun 7-də Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab görüşləri baş tutacaq. Apasport.az saytının məlumatına görə, bu turnirdə mübarizə aparan 3 komandamızdan ikisi – "Qəbələ” və "Neftçi”nin növbəti mərhələyə adlayacağına şübhə yoxdu. Ancaq "Kəpəz” barədə belə optimist fikir yürüdə bilmirik. Moldova "Daçiya”sı ilə Bakıda qolsuz bərabərə qalan Gəncə təmsilçisinin şansı o qədər də yüksək qiymətləndirilmir. İlk matçda buraxılan boşluqlar və heyət belə düşünmək üçün əsas verir. Cinahlar "iflic”... "Dalğa Arena”dakı qarşılaşmada müdafiə olunmaq baxımından ciddi problem yaşanmasa da, arxa xətt oyunçuları hücumlar zamanı kənarda qalırdılar. Xüsusən də, cinahlar yalnız müdafiə olunmaqla məşğul olurdular. Müasir futbolda hücum qurarkən cinah müdafiəçilərinin üzərinə böyük iş düşür. Ancaq ötən həftə "Kəpəz”də nə Şəhriyar Rəhimov, nə Tural Axundov mərkəzi keçirmək barədə düşünürdülər. Bunun iki səbəbi ola bilər: ya məşqçi qol buraxmaqdan ehtiyatlandığı üçün belə tapşırıq verib, ya da futbolçular 90 dəqiqə gedib-qayıtmağa çatdıra bilməyəcəklərini anlayıblar. Bu isə komandanın hücumda çoxalmasına mane olur, yarımmüdafiəçilərin yükünü artırırdı. ...Hücum "dişsiz”di İnsaf naminə, "Kəpəz” cütün favoriti sayılan "Daçiya” ilə başabaş oynadı, hətta bəzi komponentlərdə rəqibini üstələdi. Ancaq futbolda ilk növbədə, nəticə tələb olunur. Nəticə əldə etməyin də yolu qol vurmaqdan keçir. Moldovalılarla görüş isə "Kəpəz”in qol vurmaqla bağlı problem yaşadığını göstərdi. Nə hücumçu Julien Ebah, nə zədədən qayıdan Dario Frederiko Junior, nə də onlara dəstək verməli olan orta sahə üzvləri ələ düşən imkanlardan yararlanmağı bacardılar. Bu da ciddi "dişsizlik” problemini üzə çıxarır. "Kəpəz” Bakıda müdafiə olunmayan "Daçiya”ya əks-hücumlarla qol vura bilmirdi. Səfərdə ilk topu rəqib komanda vursa, Şahin Diniyevin yetirmələri o zaman nə edəcəklər? Belədə müdafiəyə diqqəti artıracaq moldovalıları məyus etmək mümkünsüzə çevrilə bilər. Top saxlama problemi "Sarı-göylər”in diqqət çəkən problemlərindən biri də top saxlamaq idi. Sanki Gəncədən didərgin düşən Diniyevin komandası, həqiqətən, səfərdə, Moldova təmsilçisi isə Bakıda evindəki kimi oynayırdı. Oleq Bejenarın yetirmələri topa daha çox nəzarət edir, o qədər də çox olmayan qüvvə ilə irəlidə müdafiəni yarmağa cəhd edirdilər. "Kəpəz”in oyunçuları isə müdafiədə top saxlaya, rəqibi geriyə çəkilməyə məcbur edə bilmirdilər. Nəzərə alaq ki, iyulun 7-də oyun Moldovada keçiriləcək və "Daçiya” bu dəfə daha böyük qüvvə ilə hücuma atılacaq. Bu isə "Kəpəz”in topla oynamaq ehtimalını sıfıra endirir və yalnız əks-hücumlara ümid saxlayır. Fiziki çatışmazlıq "Daçiya” fiziki cəhətdən də hazırlıqlı görünürdü. Turnir öncəsi qısa təlim-məşq toplanışı keçən qərblilərdə isə bu baxımdan ciddi nöqsanlar diqqət çəkir. Görünür, rəhbərlik Türkiyədə afrikalılardan ibarət həvəskar komanda ilə Avropa Liqasındakı rəqib arasında fərqi düzgün müəyyənləşdirə bilməyib. Keçmişdə Avrokubokda iştirak etmiş klublarımız kimi, "Kəpəz” də 60 dəqiqəlik komanda olduğunu göstərdi. Məhz bir saatın tamamından sonra futbolçular ayaq üstdə dayanmaqda çətinlik çəkməyə başladılar. Bunu görən Şahin Diniyev də 10 dəqiqə ərzində 3 əvəzləmə ilə orta sahədə "yatan” komandanı oyatmağa çalışdı. Səfərdə isə "Daçiya”nın təzyiqi daha güclü olacaq ki, bu da gəncəlilərin bir qədər də tez yorulmalarına səbəb ola bilər. Hazırlıqsız yeni transferlər "Dalğa Arena”da 4 yeni transfer start heyətində meydana çıxmışdı. Onlardan yalnız Nicat Qurbanov nəsə etməyə çalışırdı. Vüqar Bəybalayevin Avrokuboka hazır oyunçu olmadığı açıq-aşkar sezilirdi. O ki qaldı komandaya yeni qoşulan əcnəbilərə, braziliyalı müdafiəçi Renan Alves və portuqaliyalı yarımmüdafiəçi Serjinyo da tam hazır görünmürdülər. Xüsusən də, hücumçunu və eyni zamanda cinahları topla təmin etməli olan Serjinyo heç nə ilə yadda qalmadı. Portuqaliyalı hazırkı vəziyyətdə hansısa yerli futbolçudan fərqlənmir. Hətta bəzi yerlilər ondan da yaxşı çıxış edirdilər. Renan Alvesin problemi isə ağır olmasıdı. Doğrudu, təkbətək epizodlarda heç də zəif təsir bağışlamırdı. Üstəlik, yer seçimi də uğurlu olurdu. Ancaq "Kəpəz” bir az güclü komanda ilə üz-üzə gəlsə, Alvesin rəqib hücumçular önündə işi çox çətin olar. Kasad və təcrübəsiz heyət "Kəpəz” heyət baxımından Avrokubokda iştirak edən komandalarımız arasında, şübhəsiz ki, ən zəifidi. Heyətin əsasını təcrübəsiz gənclər və digər klublara lazım olmayan yerlilər təşkil edirlər. Şahin Diniyevin "11-liy”i müəyyənləşdirmək problemi də yoxdu. Çünki o, Avropa arenasında meydana buraxmağa 11 nəfər güclə tapır. Ehtiyat qüvvə, demək olar ki, yox dərəcəsindədi. Elə bir futbolçu yoxdu ki, sonradan mübarizəyə qoşulub, komandaya əlavə güc qatsın. Avrokuboklarda isə belə komandalar çox irəli gedə bilmirlər. Şişxanov demiş... "Daçiya”nın prezidenti Adlan Şişxanov demiş, moldovalılar öz meydanlarında "Kəpəz”ə əsl güclərini göstərməyə çalışacaqlar. Belə olan halda isə "sarı-göylər”in işi daşa dirənə bilər. Əgər "Daçiya” Bakıda tam gücünü göstərməyibsə, deməli, "Kəpəz”i Moldovada daha güclü rəqib və ən azı, ağır 90 dəqiqə gözləyir.
Oxşar xəbərlər
“Kəpəz” "Daçiya"ya qalib gəldi - VİDEO
"Daçiya"nın prezidenti tənqidlərə tab gətirmədi
“Daçiya”nın kapitanı: ”Bizim üçün uğurlu nəticə ancaq qələbə ola bilər”
"Daçiya"nın prezidenti: "Məqsədimiz "Kəpəz" səddini keçməkdir"
“Daçiya” klubu ilə oyun həmişə çətin keçib! – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası