İdris Bədirov:"Buranın potensialı çox böyükdür"
“Bizdə kişi futbolu düz-əməlli yoxdur, qadın futbolu hardan olsun?”- deyənlərin sayı az deyil. Ancaq var. Özü də paytaxtdan xeyli uzaqda. Qadın futbolu Azərbaycanın ən gözəl guşələrindən biri olan Balakəndə çox sevilir. Bu sevginin səbəbi isə qızlar liqasında yarışan “Qubek” komandasıdır. Balakən təmsilçisinin baş məşqçisi İdris Bədirov bu çətin işin öhdəsindən necə gəldikləri barədə Sportfm.az saytına danışıb:
- Bizim əsas məqsədimiz rayonda qızlardan ibarət komanda formalaşdırmaq idi. Çətin olsa da, bunu bacardıq.
- Hətta Bakının özündə belə qızları futbola cəlb etmək, müşkül məsələdir. Belə ucqar rayonda bunu necə etdiniz?
- Bizim zonada nəinki qız futboluna, ümumiyyətlə futbola böyük maraq var. Hazırda qadınlardan ibarət Azərbaycan yığmasının şərəfini qoruyan çoxlu sayda futbolçumuz var. Buranın potensialı çox böyükdür. Sadəcə olaraq, rayonda daim turnirlər təşkil etmək lazımdır. O zaman bizim seçim imkanımız olur. Düzdür, biz özümüz də seleksiya xarakterli məşqlər təşkil edirik. Ancaq elə məşqlərə bütün məktəbləri cəlb etmək olmur. Uşaqların özləri də eşidib, gəlirlər. Hər kəs bilir ki, rayonda qızlardan ibarət komanda var.
- Sizin komandanız ev oyunlarını Balakən Olimpiya İdman Kompleksinin stadionunda keçirir. Bəs, məşqləri harda edirsiniz?
- Elə gündəlik məşqlərimizi də bura edirik. Buna görə, kompleksin direktoru Şahmar Ramazanova öz təşəkkürümü bildirirəm. O bizə lazım olan hər cür şərait yaradıb. Kompleksin meydançasından təmənnasız istifadə edirik. Bizim əsas problemimiz qızların müxtəlif kəndlərdən məşqlərə gəlməsidir. Elə uşaq varki Balakəndən 25-30 km uzaqlıqda yaşayır. Hər gün bu qədər yolu qət edib məşqlərə gəlmək, sonra qayıtmaq çox çətindir. Komanda üzvlərinin hamısı məktəblidir, dərslərini oxumağa vaxtları qalmır. Yaxında olanlar üçün xüsusi avtobus tutmuşuq. Qız uşaqlarıdır, hava qaralanda getməyə qorxurlar. Belə məsələlərə görə, valideynlər övladlarının futbol oynamasını istəmir.
- Bildiyimə görə, “Qubek”də digər rayonlardan olan qızlar da forma geyinir.
- Bəli, qonşu Zaqataladan xeyli sayda futbolçumuz var. Komanda üzvlərindən biri isə İmişlidəndir.
- Həmin futbolçunun harda qalır?
- Öz evimdə, mənim balalarımla bərabər. Nə edim? Başqa çarəmiz yoxdur. Heyətimizin aparıcı futbolçularından biridir. Bizə kömək lazımdır. Çünki, elə məsələlər var ki, təkbaşına həll etmək mümkün deyil. Gücümüz çatmır.
- AFFA-nın keçirdiyi futzal turnirində sizi və köməkçilərinizi də gördük.
- Əvvəlcə federasiyaya bu təşəbbüsünə görə minnətdaram. Yarış çox yaxşı təşkil edilmişdi. Biz hər iki gün oyunları izlədik. Belə turnirlər seleksiya üçün çox faydalıdır. 12 qızın çıxışını bəyəndik. Adlarını qeyd etdik, valideynləri ilə söhbətləşdik. Çalışacağıq ki, onları məşqlərə cəlb edək.
Oxşar xəbərlər
“Heç kim demir ki, “Turan Tovuz”a kömək edim” – Nadir Nəbiyev
Unikal göstəriciyə imza atan komandanın baş məşqçisi: Bu zonanın böyük potensialı var
"İranda yaşayan soydaşlarımızı komandamıza ilk dəfə biz cəlb etdik"
İt-bat olan gənclər və uşaq futbolundan xəbəri olmayanlar! (LAYİHƏ)
Ölkəmizin hansı bölgəsində futbol yox olmaq üzrədir? - PROBLEM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası