reklam
Sportfm.az xəbər saytı

"Yəqin ki, açıqlama verəcəklər" -Qurban Qurbanov


“Qarabağ” bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab matçında “Sabah”ın qonağı olub.

Sportfm.az xəbər verir ki, oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Futbolçularıma təşəkkür edirəm. Yaxşı oyun alındı. İnanıram ki, hər bir azarkeş qarşılaşmadan zövq aldı.

Penalti epizodu ilə bağlı fikir bildirməyim bir az fərqli alınar. Mənim tərəfimdən belə fikirlər bildiriləndə fərqli başa düşülür. Ümumən baxsaq, epizodu penalti kimi gördüm. Amma belə hallar olur. VAR-a getmək o deməkdir ki, 90 faiz fikrini dəyişməlisən. Bilmirəm, məndən uzaq bir sahədir. Yəqin ki, açıqlama verəcəklər.

Qalmaqal futbolçularla hakimlər arasında oldu. Rəsmilərlə hansısa münaqişə olduğunu görmədim. Belə emosiyalar bir növ futbolu gözəlləşdirir. Normal hallardır, bəzən Çempionlar Liqasının finallarında, dünya çempionatlarında da rastlaşırıq.

Ümumən, baş verən intiriqalara baxsaq, hakimlərin qərarlarından sonra olur. Hakimlərə o qədər basqı olur ki, özləri belə, epizodları analiz edə biləcək durumda deyillər. Bu baxımdan, bəzən hakimlərin halına yazığım gəlir. Ona görə, oyunları sakit şəkildə başa vurmalıyıq. Dediyim kimi, o çoxlu basqı hakimlərin səhvlər etməsi ilə nəticələnir.

Bəli, əvvəlki oyunlarda demişəm ki, mənim komandam xarakter nümayiş etdirməlidir, əzmkar oyun göstərməlidirlər. Məhz bu gün futbolçularımda onu görə bildim.

Mövsümü titulsuz başa vurmağımız… Ümumiyyətlə, dünya futbolunda görünən hallardır. Çempionlar Liqası bizi çox yordu. Belə desək, suyumuzu çıxardı. Hansısa turnirdə bir addım irəli getdikdə psixoloji basqı artır. Amma dediyim kimi, Avropa futbolunda da belə hallar olur. Amma biz yenə də məsulliyətliyik.

Mənim ciddi bir narahatçılığım yoxdur. İşimdəyəm, ola bilər, gələn il də hansısa addımlar atmaq istəsək, alınmaya bilər. Mən heç vaxt deməmişəm ki, bacarmayacağıq. Ümumən, intriqa böyüyüb. Digər komandalar da hazırlaşır, çempion olmaq istəyir. Düşünürəm ki, gələn il çempionatımız daha da maraqlı olacaq.

Azarkeşlərimizlə daim bir yerdəyik. Bir yıxılmışıq, bir qalxmışıq. Düşünürəm ki, belə oyunlardan onlar da zövq alır.

Bədavi Hüseynov bizim təcrübəli oyunçumuzdur. Amma mən istəyirəm ki, Mateus Silva daha da möhkəm stopper olsun. Amma ümumən, belə, Bədavi də istənilən oyunda meydana çıxa bilər. Digər səbəblər isə özümüzdə qalsın.

Bu gün tempin yüksək olmasında oyunun baş hakimi Rəvan Həmzəzadə səbəbkar idi. Ümumiyyətlə, onun idarə etdiyi qarşılaşmalarda top az dayanır.

Koxalskinin qışda daha real təklifləri var idi. İndi isə belə deyil hələ ki. Onunla müqaviləmiz var, mövsümün sonunda yəqin ki, qərar verərik.

Rəvan Həmzəzadənin ilk hissənin sonunda Koxlskiyə qırmızı verməsi düşünürəm ki, sərt qərar idi. Hətta hakimə də dedim ki, bu, sənə yaraşmayan bir “qırmızı”dır. Məncə, maksimum sarı vərəqə olmalı idi. Eybi yox, mən istəmirəm ki, hakimlərimiz bu qədər müzakirə olunsun. Bu səhvlər gələcək üçün yaxşı nəticələrə gətirib çıxarsın. İnsanı böyüdən səhvlərdir. Elə hakimlərimiz var ki, potensialı çox yüksəkdir. Bəzən üzülürəm ki, belə texniki səhvlər edirlər”.

İki oyunun nəticəsində (ilk oyun 2:2) 3:4 hesabı ilə məğlub olan Ağdam təmsilçisi mübarizəni yarımfinal mərhələsində dayandırıb.

Oxşar xəbərlər

Qurban Qurbanov: Birdən-birə 180 dərəcə temp dəyişir
"Üçüncü dəfədir ki, əlimizə belə şans düşür" - Qurban Qurbanov
Qurban Qurbanov: "Daha yaxşı performans göstərməyə hazırıq"
"Amma onun potensialı bu deyil" - Qurban Qurbanov
"Təxribatlar futbolçularıma güc verir" - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər