reklam
AFFA-nın
Sportfm.az xəbər saytı

AFFA-nın "Danabaş kəndinin əhvalatı" -Millinin matçını niyə izləyə bilmədim?


Ötən gün millimiz yenə məğlub oldu. Bundan sonrakı matçda da məğlub olacaq. Növbəti oyunlardada udmaq şansımız yoxdur. Çünki, Azərbaycan futbolunu ildırım vurub və o uzun illərdi yalnış idarəçiliyə görə yerindən qalxa bilmir. Elə bundan sonrada qalxmayacaq. Ötən gün buna bir daha əmin oldum. Görünən odur ki, AFFA-ya rəhbər gələn hər yeni şəxs köhnənin atasına rəhmət oxutdurur.
İslandiya ilə oyundan öncə 25 illik jurnalist fəaliyyətim dövründə ilk dəfə başıma "Danabaş kəndinin əhvalatları"na hekayə ola biləcək bir oyun gəldi. Millinin oyunu üçün federasiyadan akkreditasiyadan keçib matça bir saat qalmış stadiona yollandım. Öz şəxsi avtomobilimlə. İllərdir getdiyim kimi. Amma sən demə AFFA rəhbərliyi bu dəfə mənə və digər jurnalistlərə sürpriz hazırlayıbmış. Sürprizlə 8-ci km stadionunun parkinqinə çatanda tanış olduq. Məlum oldu ki, biz - jurnalistlər 500 avtomobil üçün nəzərdə tutulan parkinqdə maşın saxlaya bilmərik. Parkinqin qapısını kəsən AFFA mühafizə xidmətinin qoçuları orda əməlli-başlı xaos yaratmışdı. Adamlara niyə belə etdiklərini soruşanda isə AFFA-dan hansısa Mehman müəllimin(sonradan bəlli oldu ki, mühafizə xidmətinin rəisi imiş) icazə vermədiyini dedi. Və xüsusi buraxılış tələb etdi. Belə bir buraxılışımızın olmadığını və AFFA-nın bizə belə bir şey vermədiyini bildirdik(CBC Sport kanalının əməkdaşları da yanımda idi). AFFA-nın gödəkçəsində və boynunda beycik olan qoçubəy Mehman deyilən adamla telefon əlaqəsi yaratdı və o dedi ki, AFFA-nın Mətbuat Xidməti sizə buraxılış verməli idi, verməyibsə mənim günahım deyil, bu yeni qaydadı, buraxmayacam. Mətbuat Xidməti ilə əlaqə yaratdım, Murad Axundov telefonda qışqırdı ki, "mən filan qədər adama akkreditasiya vermişəm, nə bilim kim maşınla gələcək". Mən isə ona dedim ki, əgər sırf bu oyunla bağlı yeni bir qayda vardısa, sən bizə bunu deməli və "buraxılış" götürməyi təklif etməliydin. Nə isə...Bəlli idiki, adamlar işlərinin öhdəsindən gəlməyib. Bu arada biz qapı qarşısında qaldığımız bir saat ərzində içəri onlarla buraxılışı olan(video görüntülərim var) maşınlı azarkeşlər daxil oldu. Görünən o idi ki, jurnalistlərə verilməli olan maşın "buraxılış"ları qohum-əqrabaya, dosta-tanışa paylanıb. Təəssüflər olsun ki, orda yaranan vəziyyəti izləyən futbolsevərlər hamısı bir ağızdan "jurnalistə belə edirlərsə, biz oyuna nəyə gəlirik?" deyə, bir-birlərinə sual verirdi. Xub, 1 saat parkinqin qarşısında basabasda avtomobilimi iki yerdən əzdirdikdən, dövlət himnimizi küçədə dinlədikdən sonra saat 21.11-də ordan çıxa bildim. Və 25 ildə ilk dəfə millimizin Bakıda keçirilən oyununu maşında telefondan seyr etdim. Bu gözəl işlər üçün AFFA prezidenti Rövşən Nəcəfə, baş katib Cahangir Fərəcullayevə dərin təşəkkürümü bildirirəm. Nə edirsiz, düz edirsiz. Ancaq unutmayın, siz beş il, on il, on beş il, iyirmi il, iyirmi beş il bundan öncə futbolda yox idiniz, mən isə qarlı-şaxtalı, qızmar günəşli, yağışlı-çovğunlu günlərdə millinin oyununu işıqlandırırdım, sizlər beş il sonra yenə futbolda olmayacaqsız, mən isə yenə stadionlarda olacam.

Baş redaktor Araz Əhmədov

Oxşar xəbərlər

"Milli komanda qarşısında tələb yoxdur" - AFFA-nın baş katibi
Elnur Məmmədli federasiyadan getdi
Sərxan Hacıyev nəyə "qulluq" edir? - MƏKTUB
AFFA milli komandanın mətbuat xidmətini ləğv etdi
AFFA ilə ukraynalıların jurnalistlərə qoyduğu fərq - Qeyd

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər