reklam
Sportfm.az xəbər saytı

"Kiçik dünya çempionatı"nda iştirak edən məşqçimiz:"Biz onlardan 20-25 il geri qalırıq"


"Vətən” RİOEUG Futbol Məktəbinin U10 komandası 16-19 iyun tarixində Avstriyanın paytaxtı Vyanada keçirilmiş dünyanın ən böyük futbol yarışı - "Champions trophy 2017”də mübarizə apardı. A qrupunda yer alan "Vətən” keçirdiyi 7 oyunda 10 xal topladı. Komandamız qrup mərhələsində Avstriyanın «İnnsbruk Vest» (3:0) və «Brunn» (8:1) komandalarına, həmçinin, Çexiya təmsilçisi «Slovaçko»ya (4:1) qalib gəldi. Serbiyanın «Tutin» (1:2), Avstriyanın «Stadlau» (2:3) və Madridin «Atletiko» (0:1) komandalarına məğlub olan «Vətən» yeganə heç-heçəni Sloveniyanın «Lyublyana» komandası ilə etdi – 1:1. Avtriyadakı turnirdə iştirak edən "Vətən”in 10 yaşlılarının baş məşqçisi, yığmamızın sabiq üzvü Samir Əbdürrəhmanov Sportfm.az saytının qonağı oldu.

- Avstriyaya yollanmazdan öncə, Türkiyədə təlim-məşq toplanışı keçdiniz. Bu çıxışınıza təsir etdimi?

- Əlbəttə, orada iki yoldaşlıq matçında qüvvəmizi sınadıq. Yerli komandalarla oyunlarda zəif və güclü tərəflərimizi müəyyən etdik. Güclü turnirdə iştirak edəcəyimizi bilirdik. Bu turniri kiçik dünya çempionatı adlandırmaq olar. Avropa klubları uzun illərdir həmin turnirdə oynamaq təcrübəsinə sahibdir, biz isə ilk dəfə iştirak edirdik. Türkiyədə keçirdiyimiz toplanışın böyük faydası oldu.

- Gün ərzində 7 oyun keçirməli olmusunuz. Reqlamentdən narazı qalmadınız ki?

- Təbii ki, buna alışmaq çətin idi. Bizim 10 yaşlılar həftədə maksimum bir və ya iki görüş keçirir. Reqlamentin elə olacağını əvvəlcədən bilirdik, meydanda 7 oyunçu mübarizə aparırdı.

- Avstriyada başqa nə kimi yeniliklərlə qarşılaşdınız?

- Əsas yenilik oyunçunun qapıçıya ötürməsi qaydası ilə bağlı idi. Belə ki, oyunçular qapıçıya ötürmə edən zaman o topu əlinə götürə bilərdi. Ancaq burada ikinci bir qayda qüvvəyə minirdi. Əlcək sahibi topu zərbə ilə oyuna daxil edəndə o meydanın mərkəzini keçərdisə, bu qayda pozuntusu hesab olunurdu və top rəqib komandaya keçirdi. Bu sistemin tətbiq edilməsinin əsas məqsədi azyaşlı qapıçıların topu hara gəldi vurmasının qarşısını almaq və onların düşünməsini təmin etmək idi. Avropalılar kiçikyaşlı uşaqların təməlinin düzgün qoyulması üçün vacib işlər görürlər.

- Belə görünür ki, qapıçılar turnirdə böyük rol oynayıb?

- Bəli, matçlar zamanı əsas yük qapıçıların üzərinə düşürdü. Qapıçılar müdafiəçilərə, müdafiəçilər orta xətt oyunçularına ötürmə edir, onlar isə öz növbəsində hücumçuları topla təmin edirdilər. Avropalı uşaqlar meydanda sanki şahmat oynayırdılar.

- Samir, Avropa ilə bizim uşaq futbolunu müqayisə etsək ortaya nə çıxar?

- Böyük uçurum. Biz onlardan 20-25 il geri qalırıq. Hazırda "Vətən”in rəhbərliyi uşaq futbolunun inkişafı üçün mühüm işlər görür. Klub rəsmiləri bizimlə bərabər Avstriyaya yollanmışdı. Orada böyük təcrübə əldə etdik və gələcəkdə ondan yararlanmaq fikrindəyik.

- Təşkilatçılıq baxımından işlər necə qurulmuşdu?

- Mükəmməl. Bütün komandaların yerləşdirilməsi, qida ilə təmin edilməsi, nəqliyyat vasitələrinin ayrılması, yəni bir sözlə hərşey yüksək səviyyədə idi. Almanlar bu işdə çox qabağa gediblər. 

Qeyd edək ki, "Vətən” klubu ümumi reytinqdə 128 komanda arasında 49-cu olub.

Oxşar xəbərlər

Samir Əbdürrəhmanov 35! - Bu gün onun ad günüdür
Rusiya klubundan azərbaycanlı məşqçiyə təklif var - ÖZƏL
“Çelsi”nin qalib olduğu turnirdə, klubumuzun uğurlu çıxışı
Azərbaycan klubu “Atletiko” ilə bir qrupda
Azərbaycan klubu “Yuventus” və “Liverpul”la bir arada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər