reklam
“Qarabağ”dan rekord satış
Sportfm.az xəbər saytı

“Qarabağ”dan rekord satış


Son illərdə “Qarabağ” avrokuboklardakı inamlı çıxışı ilə azarkeşlərin könlündə taxt qurub. Dünən “Park Bulvar”da Ağdam klubunun fan-şopu önündə təşkil edilən azarkeşlərlə görüş və ya forma imzalama mərasimi də bunu bir daha təsdiqlədi.
"Park Bulvar” tarixinin ən izdihamlı gününü yaşadı. Məncə, heç ticarət mərkəzinin özünün, yaxud “Qarabağ”ın burada yerləşən fan-şopunun açılışına bu qədər azarkeş toplaşmamışdı. Acı da olsa, deməliyik ki, heç “Qarabağ”ın ölkə çempionatındakı hər oyununa da bu qədər azarkeş gəlmir. Təxminən iki minə yaxın şəxs sevimli klubunun futbolçularını görmək, forma imzalatdırmaq, şəkil çəkdirmək üçün tədbirə yığışmışdı.
Tədbirin 18:30-da başlayacağı bildirilsə də, artıq 17:00-dan fanatlar fan-şopun önünə yığışmışdılar. 18:00-da hadisə yerində cəmləşən “Qarabağ”lı fanatların sayı mini keçmişdi. Az sonra növbəti ilə Bəhlul Mustafazadə, Musa Qurbanlı və Abdullah Zubir tədbirdəki yerini aldı. Kevin Medina və Juninyo sonradan komanda yoldaşlarına qoşuldu. Bu cür tədbirlərin 1 nömrəli aparıcısı olan Sənan Şəfizadə yenə də stadionda olduğu kimi, azarkeşləri coşdururdu. Onu da deyək ki, fanatlar tədbirə qatılan hər 5 futbolçuya sevgilərini bildirdilər, onları alqışlarla qarşıladılar. Lakin komandanın “vuran ayağı” Juninyonun qarşılanması daha coşqulu idi. Braziliyalının gəlişi zamanı “Park Bulvar” sözün yaxşı mənasında dağılırdı, Juninyo, Juninyo sədaları qulaq batırırdı.
Təəssüf ki, tədbir yekunlaşmadı. İnsan selinin qarşısını almaq heç cür mümkün olmadı. İki dəfə fasilələrlə futbolçular forma imzalasalar da, izdihamın qarşısını almaq mümkünsüz idi. Bu səbəbdən də tədbir yarımçıq dayandırıldı. Buna görə kimisə qınamaq da olmaz. Hər halda “Qarabağ” sevgisi artıq hansısa ticarət mərkəzinə sığmayacaq qədər böyüyüb. Odur ki, növbəti dəfə bu cür tədbir üçün daha böyük məkan seçilməlidi. Bu, stadion da ola bilər...

Dünən böyük ehtimalla, “Qarabağ”ın fan-şopu da rekorda imza atdı. İmzalanma mərasimi üçün satışa çıxarılan formalar qısa zamanda satıldı. Futbolçuların məkanı tərk etməsindən yarım saatdan çox vaxt keçsə də, azarkeşlər hadisə yerindən ayrılmaq bilmirdilər. Hətta fan-şopun önündə forma gözləyənlər də vardı. “Futbolçular qayıdacaqlar?”, “Gələn dəfə yenə belə tədbir olacaq?”, “Bəs mən formamı necə imzalatdırım?” kimi suallarla azarkeşlər gah tədbirin aparıcısı Sənan Şəfizadəni, gah da “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevi əhatəyə alırdılar...

Oxşar xəbərlər

“Qarabağ”ın formasını qazanmaq şansı
"Qarabağ"ın futbolçularının imza mərasimi olacaq
"Qarabağ" Xankəndidəki oyun üçün xüsusi formaları satışa çıxardı
“Qalatasaray”ın azarkeşlərinə müjdə - Azərbaycanda fan-şop açılacaq
"Qarabağ"ın matçından sonra italyan azarkeşlər döyüldü - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər