Azərbaycan şahmatında ağır itki
Əməkdar məşqçi Salman Süleymanov vəfat edib.
Sportfm.az xəbər verir ki, martın 4-də şahmat üzrə Azərbaycanın əməkdar məşqçisi Salman Süleymanov vəfat etdi.
1954-ci ildə Novxanı qəsəbəsində dünyaya göz açan Salman Süleymanov uzun müddət Respublika Şahmat məktəbinin direktoru vəzifəsində çalışıb. 1980-ci illərdə SSRİ İdman komitəsinin Azərbaycan üzrə Baş məşqçisi təyin olunub.
Şahmat aləmində böyük nüfuza malik olmasına baxmayaraq həyatı boyu təvazökarlığını qoruyan bu yüksək səviyyəli mütəxəssisin Azərbaycan şahmat məktəbinin, xüsusən də uşaq və yeniyetmə şahmatının inkişafında çox böyük rolu və əməyi var. Məhz Salman Süleymanovun məşqçiliyi dövründə və onun rəhbərliyi ilə 1986-cı ildə Azərbaycanın qadınlar üzrə komandası (Aynur Sofiyeva, Firuzə Vəlixanova, Nigar Sultanova) SSRİ xalqlarının Spartakiadasında qızıl medallara sahib olmuşdu. Salman Süleymanovun yetirmələri sırasında beynəlxalq dərəcəli qrossmeyster Firuzə Vəlixanlı, 14 yaşlılar arasında dünya çempionu (2010) İzzət Kənan, qadınlar üzrə Azərbaycan çempionu (1982) Əminə Ağaməmmədova və onlarca idman ustalarının adını çəkmək mümkündür. Salman Süleymanov həm də bakılı Q. Kasparovun Dünya çempionu olduğu dövrlərdə onun məşqçilər qərargahında çalışırdı.
Bir vaxtlar Salman Süleymanovun özü də ciddi reytinqə malik olan şahmatçı kimi beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edirdi və heç də təsadüf deyil ki, o, bir neçə beynəlxalq şahmat Akademiyaları və qurumlarının müxbir-üzvü seçilmişdi.
Salman Süleymanov Azərbaycanın əməkdar məşqçisi adına layıq görülmüş ilk şahmatçılardan olmuş, həmçinin Moskvada Mərkəzi Bədən tərbiyəsi və idman İnstitutunun şahmat fakültəsini bitirən yeganə azərbaycanlıdır.
Həmkarlarının, yaxınlarının xatirəsində Salman Süleymanov hər zaman Azərbaycan şahmatının simasını şərəflə təcəssüm edən, təvazökar, işıqlı, müsbət enerjili bir insan kimi qalacaq. Allah rəhmət eləsin.
Oxşar xəbərlər
Azərbaycanın cüdo məşqçisi dünyasını dəyişdi - 40 yaşında
13 qat Azərbaycan çempionu dünyasını dəyişdi
Şahmatçılar arasında beynəlxalq reytinq turniri başa çatdı - FOTO
Salman "Roma"nı almaq istədi: Rədd cavabı...
Azərbaycanlı şagird beynəlxalq turnirin qalibi oldu - Rusiyada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası