reklam
Vüqar Həşimov Memorialında iştirakçılır məlum oldu -
Sportfm.az xəbər saytı

Vüqar Həşimov Memorialında iştirakçılır məlum oldu -SİYAHI


Dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə ölkəmizi 3 idmançı təmsil edəcək.

Sportfm.az xəbər verir ki, bunu dekabrın 2-də Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan mətbuat konfransında turnirin direktoru Anar Allahverdiyev deyib.

Qeyd edib ki, super turnirdə şahmatçılarımızdan Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vüqar Əsədli birincilik uğrunda yarışacaqlar. R.Məmmədov və V.Əsədli "Vüqar Həşimov" klubunun heyətində bu il klublararası Avropa çempionatında bürünc medal qazanıblar.

Azərbaycan şahmatçıları ilə yanaşı, turnirdə Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaqlar.

Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.

Oxşar xəbərlər

Məmmədyarov 3-cü oldu - Vüqar Həşimov Memorialı
Blits növündə mübarizəyə başlandı - Vüqar Həşimov Memorialı
Avropa Şahmat İttifaqının prezidenti Bakıya gəlir
Vüqar Həşimovun xatirə turniri baş tutacaq - dekabrda
Vüqar Həşimovun xatirə turniri bərpa olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər