Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz"in futbolçusu: "Biz yenidən Avropa Liqasına getmək istəyirik"
Sportfm.az xəbər veri ki, "Kəpəz"in portuqaliyalı futbolçusu Serjinyo klubun rəsmi saytına müsahibə verib.
- Serjinyo, çempionatın ilk yarısı üçün "Kəpəz”in çıxışını necə qiymətləndirirsən?
- Mövsümün ilk iki dövrəsi bizim üçün heç də pis keçmədi, amma düşünürəm ki, daha yaxşı çıxış edə bilərdik. Heç-heçə başa çatan 2-3 matçda qələbə qazansaydıq, daha çox xal toplaya bilərdik. Bunun da sayəsində turnir cədvəlində üst pillələrdə olacaqdıq.
- Uğurlu nəticə qazanmağa nə çatmadı?
- Sadəcə, bəzi oyunlarda məşqçinin tələblərini düzgün yerinə yetirə bilmədik və yaxşı oynamadıq. Həmçinin, buraxılan bir neçə qolda yaraşmayan səhvə yol verdik. İndiki halda bu səhvlərdən nəticə çıxarıb, növbəti matçlarda daha yaxşı oynamaq lazımdır.
- Baş məşqçi səni oyunlarda gah cinah yarımmüdafiəçisi mövqeyində, gah da meydanın mərkəzində oynatdı. Serjinyo üçün harada oynamaq rahatdır?
- Harada oynamağım önəmli deyil və bunu problem hesab etmirəm. Odur ki, heç bu haqda da düşünmürəm. Digər klublarda da siz dediyiniz mövqelərdə çıxış etmişəm. Mənim üçün əsas olan daim oynamaq və komandaya kömək etməkdir. Bunun üçün meydanda çalışıram.
- Yəqin ki, hələ ən yaxşı oyununu göstərməyibsən. Çünki daha yaxsı çıxış edə biləcəyinə əminik. Bunun uygunlaşma ilə baglı olduğunu düşünürük. Artıq müəyyən müddət keçib. Qış fasiləsindən sonra daha yaxşı Serjinyonu görə biləcəyik?
- Bəli, bu günə kimi oynadığımdan daha yaxşı çıxış etməyə çalışacağam. İstəyirəm ki, daha çox inkişaf edim və komandaya xeyrim dəysin. Çox sakitəm, gördüyüm işdən də məmnunam. Zamanla ən yaxşısını edə bilərəm. Ancaq istənilən halda məncə, bu günə kimi heç də pis təsir bağışlamadım və demək olar ki, hər matçda komandaya kömək edə bildim. Ola bilər azarkeşlər mənim önə qaçıb qol vurmağımı arzulayırlar. Düzdür, çıxış etdiyim mövqe rəqib qapısına yaxındır, amma bu, o qədər də asan məsələ deyil. Mənim oyun üslubum əsasən təhlükəli epizodlar yaratmaq, hücumçulara qol ötürməsi verməkdir. Bütün matçlarda bunu etməyə çalışıram.
- Adətən legionerlər yerli futbolçulardan bir baş üstun olmalıdırlar. Bu səbəbdən də azarkeşlərin sizdən gözləntiləri böyükdür. Yəqin ki, bununla razılaşırsan?
- Düşünürəm ki, legionerlər və yerli oyunçular arasında böyük fərq yoxdur. Əcnəbilər taktiki cəhətdən və oyun təfəkküründə bir qədər fərqli oynaya bilər. Amma hamımız bir komandanın parçasıyıq və bizə verilən tapşırığa uyğun çıxış edirik. Azarkeşlər tək biz legionerlərdən yox, yerli futbolçulardan da çox şey gözləyirlər.
- "Kəpəz” qarşısına Avropa Liqasına düşmək vəzifəsi qoyub. Bu məqsədə çatmaq mümkün olacaq?
- Bəli, məncə, bu məqsədə çata bilərik. Çempionatın ikinci yarısı hələ qarşıdadır. Yerimizdən asılı olmayarq bizim də şansımız itirilməyib. Bunun üçün hər oyunda sona qədər döyüşəcəyik. Biz yenidən Avropa Liqasına getmək istəyirik.
- "Kəpəz”dən təklif olsa daha bir il komandada qalmaq istəyərsən?
- Hazırda bunun haqqında çox düşünürəm, əlbəttə ki, əgər "Kəpəz” mənə yeni müqavilə təklif etsə, razılaşmaq olar. Dəvət olarsa, komandada qalmaq istəyərəm. "Kəpəz”i çox sevirəm.
Oxşar xəbərlər
"Kəpəz"in müdafiəçisi: "Sonuncu dəfə nə vaxt xal qazandığımız yaddan çıxmışdı"
Emin Zamanov: “Şans qazanmaq üçün çox çalışmalıyam”
Şəhriyar Rəhimov: "İstəyimiz yenə Avropa Liqasında çıxış etməkdir"
"Kəpəz”in əvəzedici heyətinin kapitanı: “Uşaqlara yaxşı nümunə olmalıyıq”
Araz Abdullayev: "Taktika üzərində bir az da işləsək, daha yaxşı olar"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin