reklam
Dahi sərxoşun həyat dramı -
Sportfm.az xəbər saytı

Dahi sərxoşun həyat dramı -İKİNCİ HİSSƏ


İndi isə sizlərə Qaskoynun 5 ən maraqlı və gülünc əhvalatlatını təqdim edirəm. 

1. Qaskoyn Latsioda oynayarkən Sepp Blatter Romaya gəlir. FIFA-nın baş katibi Latsio bazasına baş çəkməyə hazırlaşırdı. Bu münasibətlə, komandanın baş məşqçisi Dino Dzoff, oyunçularda yeni geyim almalarını tapşırır.
Qazza isə hamıdan fərqli olaraq şaxta baba geyimi alıb geyir, Blatterin yanında əyləşib deyir:
"Salam, mən Santa Klausam. Ho, ho, ho! ”.

2. Midlsbroda olan əhvalat.
Qaskoyn təlim bazasının ətrafında içkili halda gəzir və bir stəkan çay içməyə gedən klub avtobus sürücüsünü görür. Qazza yemək otağına gedir və beş dəqiqə sonra əlində avtobusun açarlarları ilə geri dönür.
Futbolçu sükan arxasına oturur və avtobusu işə salır. Bazanı tərk etdikdə yaxınlıqda, avtobus dayanacağında iki qız görür. Qızlardan hara gedəcəklərini soruşur və onları hara lazımdırsa aparacağını deyir.
Xanimlar salona əyləşir və bir neçə dəqiqədən sonra avtobus divara çırpılır.

3. Alkoqol səbəbindən Pol olduqca ciddi problemlər yaşamağa başlamışdır. Bir gün intihar etmək qərarına gəlir. Özünü qatarın altına atmaq üçün dəmir yolu platformasına gəlir, ancaq uzun müddət qatarın olmadığını görür.
- Nə olub? - dəmir yolu işçisindən soruşur.
İşçi isə cavabında -"Son qatar artıq gedib."- deyir.

4. Alkoqol alüdəçisi olduğuna görə Qaskoyun başı nələr çəkməyib. Polis bölməsinə düşüb, xəstəxanaya düşüb qayıdıb içib və yenidən dava salıb, sərxoş halda kücədə qan içində tapılıb və günlərin bir günü içkinin daşımı atıb başını digər işlə qatmaq üçün kolleksioner olmaq qərarına gəlir. Bilirsiniz nə kolleksiyası yığır? Viski!

5. İtalyada çıxış edərkən jurnalistlərdən biri ondan, Yuventusla oyunda əsas heyətə nə üçün düşmədiyini soruşur. Qaskoyn bilirsiniz necə cavab verir? Saqqız çeynəyə-çeynəyə müxbirin mikrofonuna gəyirir.
Buna görə klub futbolçunu £9000 dəyərində cərimələndirir.

Yarımmüdafiəçinin şən və qalmaqallı həyatı İngiltərə millisinin baş məşqçisi Bobbi Robsonun kifayət qədər riskli bir addım atmasına mane olmur. Qaskoyn 1990-cı ildə İtaliyada keçirilən Dünya Kuboku üçün milli komandanın siyahısına daxil edilir. Qrup mərhələsində elədə parlaq oyunla yadda qalmayan və yalnız misirliləri məğlub edən Robson və komandası 1/8 finalda Belçikanı məğlub edir və çempionatın əsas sensasiyasını - dörddəbir finalda Kamerun komandasını yarışdan kənarlaşdırır. Qaskoyn bütün bu oyunları əvəzedilmədən keçirir amma qolla yadda qalmır və komandasının parlaq oyunçusu ola bilmir. Bunun əvəzinə oyunlar arasındakı fasilələrdə mütəmadi olaraq baş məşqçini əsəbiləşdirir, spirtli içki içərək rejimi böyük məmnuniyyətlə pozur.

Yarışın yarımfinal mərhələsi gəlir və İngilislər penaltilər seriyasında Almaniya millisinə məğlub olurlar. Həmin görüşün sonunda Qaskoyn sərxoş halda ağlayaraq İngiltərə və dünya mətbuatının diqqət mərkəzinə düşür.

İngiltərədə demək olar ki, hər bir futbol əfsanəsinin arxasında məftunedici bir həyat yoldaşı və ya sevgilisi vardı.

Şeril Qaskoyn ingiltərənin tanınmış televiziya aparıcılarından biridir. Pol Qaskoynla birgə nigahdan üç uşaqları vardır. Onların arasında ən çox tanınan, qızları Byanka Qaskoyndur. Byanka ingiltərdə tanınan və diqqət mərkəzində olan fotomodeldir.

Şeril, Pol Qaskoynla münasibətlərdən sonra daha çox tanınır və 1996-cı ildə futbolçu ilə ailə həyatı qurur.

Ailədə uzun sürən söz söhbətlər ucbatından nigah cəmi iki il sürür. Qaskoynun alkoqola olan ehtirası cütlüyün boşanmasına gətirib çıxarır.

Tottenhem İngiltərə kubokuna can atırdı. Yarımfinalda ən vacib rəqibi - Arsenalla qarşılaşmalı oldular. Həmin görüşdə Qaskoyn və Harri Lineker mükəmməl bir tandem nümayiş etdirir və Tottenhem "topçuları" 3:1 hesabı olə məğlub edir. Finalda isə Qazza ağır diz zədəsi alır və Tottenhemin kubok alması mərasimini xəstəxana palatasında televiziya vasitəsi izləməli olur.

Həmin zədə Qaskoynu demək olar ki, bir il yarım ərzində böyük futboldan kənarlaşdırdı. Zədə dövründə İtaliyanın Latsio klubu oyunçuya böyük maraq göstərir. Tottenhem rəhbərliyi isə kuboku qazanmasına baxmayaraq maliyyə çətinliyi yaşayırdı və pula ehtiyac duyurdu. Bu səbəbdən klub öz liderlərini satmaq qərarına gəlmişdir. Roma təmsilçiləri isə fürsəti əldən vermir və dərhal futbolçu ilə razılığa gəlir.

İtalyada 3 mövsümün birini tam olaraq zədə ilə keçirən Qaskoyn 1995-ci ildə Şotlandiya klubu Qlazqo Rencersə transfer olunur. Burada iki dəfə ölkə çempionu olur və 1996-cı ildə Şotlandiyanın ən yaxşı futbolçusu (bu mükafatı alan üç ingilisdən biri) olaraq tarixə düşür. Rencersin heyətində 74 oyuna 30 qolla yadda qalır.

Qeyd edim ki, Latsio və Rencers klublarında çıxış edərkən təxminən 15-20 dəfə meydana spirtli içki təsiri altında hətta sərxoş vəziyyətdə çıxması faktları qeydə alınmışdır.

Bir az Qaskoynun oyun üslubu barədə danışım. Hücuma meylli yarımmüdafiəçi kimi oynayan yaradıcı, çalışqan və texniki cəhətdən istedadlı olan Qaskoyn ötürmə dəqiqliyi, güclü zərbə vurmaq bacarığı və başla oynama qabiliyyəti sayəsində həm qol vurmağı, həm də mükəmməl hücum qurmağı rahat bacarırdı. Bəzi mütəxəssislər Qaskoynun məşq etməyə ehtiyacı olmadığını deyillər. Çünki, futbolçuda meydanı tam görmə hücumçuların mövqeyini və arada olan məsafəni dəqiqliklə hiss etmə bacarığı var idi. Hazırda tanınan bir çox müasir yarımmüdafiəçilər bu keyfiyyətləri məşq və dərslərdə öyrənir. Ancaq həqiqətə baxanda görərik ki, Qaskoynun bu istedı məşqlə əmələ gəlməmişdir. Futbolçunun qabında var idi. Onun stabil tempi, fiziki gücü, tarazlığı və mükəmməl driblinq bacarıqları var idi ki, bu da ona topu qorumağa, rəqibləri məğlub etməyə və fiziki çətinliklərə tab gətirməyə imkan verirdi. Bundan əlavə futbolçunun cərimə zərbələrini dəqiqliklə yerinə yetirməsi bacarığı var idi.

Şotlandiyada oynayarkən, klubun rəhbərliyinə Qaskoyn tərəfindən ardı arası kəsilməyən şikayətlər gəlirdi. Şikayətlər polisdən, gecə klubu inzibatçılarından, barlarda işləyən qadınlardan və hətta dinc əhalidən gəlirdi. Şikayətlərin hamısında qaskoynun spirtli içki təsiri altında dava saldığı, səs-küy saldığı və dinc insanlara sataşdığı göstərilirdi.

Spirtli içkidən əlavə Qaskoyn müxtəlif antidepressantların qəbuluna başlayır.

Oyun günləri Qaskoyn matça bir neçə saat qalmış barda yetərincə spirtli içki içirdi və oyuna artıq sərxoş vəziyyətdə gəlirdi, oyunun birinci hissəsi başa çatanda fasilədə daha bir qədər içirdi və oyundan sonra əlbəttə ki, bar və sonra daha nələr, nələr...

1998-ci ildə Pol Qaskoyn öz vətəninə qayıdır və Midlsbroya transfer olunur.

İngiltərəyə, qayıdışla Qaskoynun vəziyyəti o qədər də yaxşılaşmır. Tezliklə alkoqoldan müalicə almaq üçün xüsusi xəstəxanaya yerləşdirilir. Bir mövsüm içkinin daşını atır və oyununda irəliləyiş nəzərə çarpır. Midlsbroda uğurlu bir mövsüm keçirdikdən sonra köhnə vərdişini işə salır və yenidən içməyə başlayır.

Bir il sonra Qaskoyn Evertona gəlir lakin bu artıq futbolçu deyil keçmiş ulduzun solğun kölgəsi idi. Bir müddət sonra Börnliyə oradan isə Çinə, Hansu Tianma klubuna oynayan məşqçi qismində gedir.

Qazza 2004-cü ildə İngilis futboluna qayıtmağa cəhdi edir və elədə tanınmayan Boston Yunayted klubunda bir neçə matçda iştirak edən Qaskoyn nəhayət ki, butslarını mismara asmağın vaxtı gəldiyini başa düşür.

Karyerasını başa vurduqdan sonra Qaskoyn öz həyatı barədə "Qazza. Mənim hekayəm" adlı kitab nəşr edir. Kitab İngiltərdə bestseller olur. Kitabda futbolçunun gənc yaşlarında buraxdığı səhfləri və acı etirafları dərc olunub.

Hazırda keçmiş futbolçu alkoqolizmlə mübarizə yaşayır.

Qaskoyn 2018-ci ildə mədəsində xüsusi qranullar implantasiya edir və buna görə artıq çox miqdarda spirtli içki qəbul edə bilmir. Əməliyyat Qaskoyna 35 min avroya başa gəlmişdir.

Britaniyada adı alkoqolla hallanan bir çox futbolçu var. Ancaq əminəm ki, Qaskoyn öz potensialını nəinki tam olaraq heç yarısını belə göstərə bilməmişdi. Əlbəttə ki, buna səbəb yalnız alkoqol idi. İdman, zərərli vərdişləri kənara atmağı, onlar haqda düşünməməyi sağlamlığı qorumağı tövsiyə edir və gümrah gələcəyi təmin edir. Zərərli vərdiş və idman öz aralarında heç zaman güzəştə getməyib, getmir və getməyəcəkdir.
Diqqətinizə görə minnətdaram, gələn buraxılışlarda görüşənədək.

Müəllif: Emin Şəmsiyev 

 

 

 

 

Oxşar xəbərlər

25 funt-sterlinq maaş alan dahi sərxoş - HƏYAT DRAMI
Pol Qaskoyn məhkəmədə cavab verməli oldu
İndidə cinsi zorakılıqda ittiham edilir
Atasını müalicə etdirdi, hamı ondan danışır - FOTOLAR
Ulduzluqdan əyyaşlığa...DAHİNİN DRAMI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər