"Çalışacam komandaya daha çox xeyir verim" -Ramil Şeydayev
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev bir neçə gün öncə müqavilə bağladığı Rusiyanın "Krılya Sovetov" klubunun rəsmi saytına müsahibə verib.
Sportfm.az həmin müsahibəni təqdim edir:
- "Krılya Sovetov"da ilk oyununu keçirdin. Təəssüratların necədi?
- Şadam ki, debüt etdim. Ancaq məğlub olduğumuzdan, bu, ikinci plana keçir. Qələbə qazansaydıq, tam başqa təəssürat olardı. Üstəlik, oynadığımız futbol da xoşuma gəldi. Ola bilər ki, matçın əvvəli heç də yaxşı deyildi, ancaq sonda, ikinci hissədə bilmək olmurdu kim birinci diviziondan çıxıb, kim Rusiya çempionudu. "Lokomotiv"in fonunda çox yaxşı təsir bağışladıq.
- Klubun yeni stadionu var və bu, tamaşaçı sayına görə liqada ilk yerlərdən birini tutur. Səncə, matçdakı atmosfer necə idi?
- Stadion əladı! Azarkeşlər də xoşuma gəldi - hətta matç bitəndən sonra uduzsaq da, istənilən halda, bizi sonadək dəstəklədilər. Buna görə tribunadakılara minnətdaram. Ümid edirəm ki, növbəti qarşılaşmalarda da belə dəstək görəcəyik.
- Samarada yaşayan, Azərbaycandan olan futbol azarkeşləri indi sənə görə stadiona getməyə hazırdılar. Başqa ölkədə belə dəstək haqda nə deyə bilərsən?
- Onlara bir daha minnətdarlıq etmək istərdim. Arzu edirəm ki, hamı stadiona gəlsin. Nə qədər çox azarkeş olsa, bir o qədər yaxşıdı. Hər matçda hər azarkeş vacibdi.
- Məşqçilər korpusunun oyunçulardan hansı futbolu istədiyini artıq başa düşə bilmisiniz?
- Komandada bir həftəyəm. Ancaq birinci gün deyil futbol oynayıram və məndən nə tələb olduğunu anlamağım çətin deyil. Çalışacam bütün tapşırıqları və tələbləri ən yaxşı şəkildə yerinə yetirim ki, nəticədə komandaya daha çox xeyir verim.
- İndi Rusiya Premyer Liqası az məhsuldarlığına tənqid olunur. Çünki çox matç 1 qolla nəticələnir. Çempionatın baxımlılığı haqda nə deyə bilərsən?
- Sonuncu tur daha məhsuldar alındı. Çox qol vuruldu, 4:0, 4:1 hesablı qələbələr oldu. Ancaq bütün çempionatlarda elə olur ki, az qol vurulur. Fikrimcə, hər turdan-tura daha yaxşı və maraqlı olacaq. Üstəlik, hələ bütün komandalar öz yüksək səviyyələrinə çıxmayıblar.
- Əksər futbolçular etiraf edir ki, mövsümün əvvəlində tam oyuna girə bilmirlər. Sən 100 faiz şkalayla hazırlığını necə qiymətləndirərdin?
- Onu deyə bilərəm ki, ilk dəqiqələrdən oynamaq istəyirəm. Bunu komandada olduğum ilk gündən istəyirəm. Həmin komandaya ki, kömək edəcəyimə ümid bəsləyirəm. Çalışacam. Hər şey məşqçi deyən kimi olacaq. Nə vaxt o qərar versə ki, hazıram, ümid edirəm ki, meydana çıxacam.
- Samaranı gəzməyə imkan tapmısan?
- Hələlik, sahilboyu gəzmək imkanım olub. Gördüyüm qədərilə Samara böyük şəhər olmasa da, çox rahatdı. Mənim xoşuma gəlir.
- Komandada Azər Əliyevdən başqa kimlərlə yaxınsan?
- Samaraya gələn kimi komandanın yarısını tanıdım. Buna görə də komandaya uyğunlaşmağımda problem olmadı. Məni komandada yaxşı qəbul etdilər. Hər kəslə ünsiyyət qura bilirəm. (komanda.az)
Oxşar xəbərlər
"Fantastik Bakı şəhəri, gözəl ölkə, çox qonaqpərvər və mehriban insanlar..." - Kadi Borqes
"Neftçi" bizi yaxşı analiz etmişdi" - Elvin Cəfərquliyev
"Rəqibdən çəkinmək düz deyil" - Rövlan Muradov
"Neftçi"nin baş məşqçisi: "Hazırıq"
"Bizim komandada çoxları uzun müddətdi avrokuvoklarda iştirak etmirlər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası