""Kəpəz"ə uğurlar arzu edirəm" -Kərim Diniyev
Topaz Premyer Liqasının autsayderi, son pillənin sahibi "Kəpəz gözlənildiyi kimi, qış fasiləsində heyətlə bağlı böyük dəyişikliklərə əl atdı. Baş məşqçi Yunis Hüseynovun göndərdiyi 8 futbolçu arasında Kərim Diniyev də var. Həmin Kərim ki, Hüseynovun sələfi olan Şahin Diniyevin oğludu. Həmin Kərim ki, komandanın aparıcı futbolçularından idi və Hüseynovun "Kəpəz"in baş məşqçi dönəmində ilk qolunun müəllifi oldu.
Şahin Diniyevin böyük oğlunun qərarla bağlı düşüncələrini öyrənmək maraqlı olardı. 24 yaşlı mərkəz yarımmüdafiəçisi Sport24.az-a müsahibəsində göndərilməsinə münasibətini bildirməklə yanaşı, gələcək karyerasına yaxın günlərdə tam aydınlıq gələcəyini açıqladı.
Sportfm.az saytı həmin müsahibəni sizlərə təqdim edir.
- "Kəpəz" dünən rəsmi saytı vasitəsilə yollarını ayırdığı futbolçuların adlarını açıqladı. Həmin 8 oyunçu arasında sən də varsan. Komandadan göndərildiyini nə vaxt bildin? Yenicə, yoxsa yeni ilədək?
- Yox, yeni ilədək deyilməmişdi. Mən də dünən bildim. Klubda bu işlərlə məşğul olan bir şəxs mənə zəng vurdu. Saat 11-12 radələrində hamı kimi, mənə də deyildi. O vaxtadək xəbərim yox idi.
- Özünlə bağlı belə gedişatı gözləyirdinmi?
- Yalan deməyəcəm, gözləmirdim. Ancaq pis çıxmasın, neçə vaxtdı futbolun içindəyik. Hər şeyə hazırlıqlı olmaq lazımdı. Buna görə çox da emosiyalı qarşılamadım. Sakit qarşıladım, futbol həyatıdı, belə şeylər olur. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Olur belə şeylər, futboldu. Nə olacaq ki?
- Atan Şahin Diniyevin "Kəpəz"in baş məşqçi postundan gedişindən sonra belə qərarı gözləmək olardı. Elə deyilmi?
- Nə deyim? Gözləmək olardı da, olmazdı da. Futbol həyatında belə qərarlar gözləniləndi. Baş məşqçinin planlarında yoxuqsa, komandada görmək istəmirsə, nə olacaq ki? Ayrılmalıyıq komandadan.
- "Kəpəz"in hazırkı baş məşqçisi Yunis Hüseynov qış fasiləsində heyətlə bağlı köklü dəyişiklərin olacağını gizlətmirdi. Sadəcə, səni zəif oyuna görə çıxartmaq səmimi açıqlamaya bənzəmir. Hər halda, komandanın liderlərindən biri idin...
- Özü də bilirsən nə var-nə yox (gülür). Məni oyunuma görə komandadan çıxarıblar?
- Məncə, yox. Sən necə düşünürsən? Yəqin ki, başqa amillər olub...
- Nə bilim...Bel qərar verilib. Canları sağ olsun. Hörmətlə yanaşıram. Allah yollarını açıq eləsin. "Kəpəz"ə uğurlar arzu edirəm.
- Yunis müəllimlə qısa müddətli işbirliyin necə oldu? Münasibətləriniz normal idi?
- Bəli, hər şey normal idi. Bir-birimizin hörmətini saxlayırdıq.
- "Kəpəz"in son oyununda da - "Keşlə"ylə Gəncədəki cavab kubok matçında da iştirak etmədin, heç ehtiyatda da yox idin. Hələ o vaxt göndərilməyinlə bağlı şübhəmiz yaranmışdı. Yunis müəllimə oyundan sonra mətbuat konfransında səninlə bağlı sual verəndə, zədə problemi üzündən adının matçın protokoluna daxil edilmədiyini açıqlamışdı. Onda niyə kənarda qalmışdın?
- Yadınızdadırsa, oktyabrda "İnter Arena"dakı oyunda 16-17-ci dəqiqədə menisk üzündən əvəzlənmişdim. Onda zədəmi sağaltdım. Həkimlər həmin vaxt mənə demişdi ki, mənə bir müddət süni meydançada oynamaq olmaz. Ağrılarım vardı, dedilər ki, oynasan, çoxalacaq. "Keşlə"ylə ilk kubok matçında, həmin meydançada yenidən oynadım, ağrılarım çoxaldı. Cavab matçını dizimdəki ağrılara görə buraxmışdım. Növbəti matçı da oynasaydım, ümumiyyətlə, diz bağlarımı cıracaqdım, xaçabənzər bağlarım sıradan çıxaracaqdım. Bu isə daha ciddi zədə deməkdi.
- Süni meydançayla bağlı belə problemin vardısa, ilk kubok matçında meydana çıxmamağın məqəsəduyğun deyildimi? Çünki həkimlər səni xəbərdar etmişdi...
- Vallah, nə bilim...Məsləhət deyəndə ki, mənə dedilər ki, bacarırsansa, oynama, çalış, zədə alma. Süni meyndançada ehtiyatlı olmaq lazımdı. Oyunda sonra ağlrılarının çoxala biləcəyini demişdilər. Doğrudan da belə oldu. Süni meydança vallah, futbolçunun qənimidir də.
- Həkimlər Yunis müəllimi sənin süni meydançada ciddi zədə almaq riskinin olmasıyla bağlı məlumatlandırmışdılarmı? Yəni yaxşı olardı ki, cavab oyununda təbii ot örtüklü meydançada oynayardın...
- Bax, orasını bilmirəm, qardaşım. Oyundan əvvəl ağrı hiss etmirdim. Matçdan sonra ağrılar çoxalmışdı.
- "Kəpəz" qısa karyeranda ən uzunmüddətli klub oldu, 2,5 il onun şərəfini qorudun. Necə yadında qaldı?
- Belə götürəndə, bəli, ən çox "Kəpəz"də oynamışam. Hər şey normal oldu. Xoş təəssüratla ayrıldım. İlk mövsümdə mükafatçıar sırasına oynayan komandamız olmuşdu. Güclü komandaydıq və onun nəticəsində Avropa Liqasına vəsiqə qazandıq. Ardından ilk mərhələni keçmək nəsib oldu. Bu sevinci yaşadıq. "Kəpəz"in heyətində Avropa tərcübəsini qazandım. Çox maraqlı günlərimiz oldu, Hər şey gözəl oldu. Hə şeyə görə çox sağ olsunlar. Artıq irəli baxmaq lazımdı. "Kəpəz" səhifəsi bağlandı. Azarkeşlərə təşəkkür edirəm ki, bizə gözəl dəstək oldular. Çox sağ olsunlar.
- "Kəpəz"in səninlə vidalaşmağına atanın reaksiyanı necə oldu?
- Başa düşürsünüz, Şahin müəllim baş məşqçilikdən öncə mənim atamdı. O, həyatımla bağlı hər şeyi bilməlidi. Təkcə bizdə yox, hamıda belə olmalıdı. Bütün atalar övladları haqda hər şeyi bilməlidi. Bu, ayrıdı, ailə məsələləridi. Atam qərarı normal, sakit qarşıladı. Çünki özü də artıq neçə illərdir futbolun içində olan insandı. Yəqin ki, başına futbolçu, baş məşqçi olan vaxtda belə şey gəlib. Mənə dedi ki, futbol həyatında birinci dəfə deyil belə şey olur, normal baxmaq lazımdı.
- Yenicə sərbəst futbolçu olsan da, artıq özünə yeni klub tapmalısan. Bu haqda nə düşünürsən? Hansı təkiflər, variantlar var?
- Doğrudan da bu hadisə dünən baş verib. Buna baxmayaraq, inşallah, yaxın günlərdə hər şey həllini tapmalıdı. Yeni komandayla anlaşmalıyam.
- Yəni artıq real varinat var....
- Bəli, qərar vermək lazımdı. Belə deyim ki, 3-4 gün ərzində hər şey aydınlaşacaq.
- Yekun qərarı sən verməlisən, yoxsa həmin klubdan cavab gözləyirsən?
- Hər ikisidi. Təkliflər də var, gözləyirəm. Hal-hazırda danışıqlar gedir.
- Elə isə bilmək olar hansı klubdu?
- Qardaş, rəsmiləşsin, sonra deyərəm, mümkünsə. Əlbəttə ki, bu, Azərbaycan klubudu.
Oxşar xəbərlər
"Söz vermişəm, bu komandanı düzəltməliyəm" - Yunis Hüseynov
Diniyev "Kəpəz"də qalmaq istəmir! - ÖZƏL
Yunis Hüseynov "Kəpəz"də baş məşqçi postunu hansı şərtlərlə qəbul edib - ÖZƏL
"Kəpəz" rəsmisi Diniyevin istefasının rəsmiləşmədiyini deyir: "Şahin müəllimdən narazılığımız, onu göndərmək fikrimiz yox idi"
Qurban Qurbanov:"Ciddi qərarımız yoxdur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası