reklam
Sportfm.az xəbər saytı

"İmişli" ortalıqda qalıb, bu dəfə Yevlaxa köçürlər


Bu gün Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkatma mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, mərasimdən sonra Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasovun jurnalistlər üçün brifinqi olub:

“İlk növbədə hər birinizi, eləcə də futbolla birbaşa və ya dolayı yolla əlaqəsi olan hər kəsi yeni mövsüm münasibətilə təbrik edir, uğurlar arzulayıram. Yarışların təqvimi hazırlanıb. Bununla bağlı klublardan daxil olan bütün rəsmi müraciətlər nəzərdən keçirilib, müvafiq təkliflər dəyərləndirilib və lazımi işlər görülüb. Bildiyiniz kimi, beynəlxalq təqvim də mövcuddur və bütün milli assosiasiyalar, liqalar həmin təqvimə uyğun fəaliyyət göstərirlər. Biz də bunu nəzərə almışıq və klublar bu barədə məlumatlandırılıb. Təqvim növbəti həftənin ilk iş günündə rəsmi şəkildə açıqlanacaq və ictimaiyyətə təqdim ediləcək.

Klublar çempionatda iştirak etmək üçün lisenziyalaşdırmadan keçirlər və bu proses zamanı istifadə edəcəkləri stadionları təqdim edirlər. Bundan əlavə, Peşəkar Futbol Liqası yarışların başlanmasına bir ay qalmış klublardan stadionlarla bağlı rəsmi məlumat tələb edir. Ötən illə müqayisədə hazırkı vəziyyət kifayət qədər qənaətbəxşdir. Keçən il bu vaxt dörd klubun stadion problemi müzakirə olunurdusa, hazırda vəziyyət xeyli yaxşılaşıb.

Yəqin ki, sizi ən çox maraqlandıran məsələlərdən biri debütant “Şəfa”nın hansı stadiondan istifadə edəcəyidir. Klub ev oyunlarını Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”nın yardımçı meydançasında keçirəcək. Bundan başqa, ötən mövsüm ev oyunlarını Quba Olimpiya Kompleksinin stadionunda keçirən “İmişli” aparılan danışıqlardan sonra Yevlax şəhər stadionundan istifadə edəcək. Bildiyiniz kimi, ötən mövsüm həmin stadionda Premyer Liqa oyunları keçirilib və arena qüvvədə olan FİFA sertifikatına malikdir. Həm “SOCAR Polymer Arena”, həm də Yevlax şəhər stadionunda əlavə baxışlar keçiriləcək və zəruri tədbirlər görüləcək.

Ötən mövsüm həyata keçirdiyimiz bəzi layihələri bu il daha geniş şəkildə davam etdirmək niyyətindəyik. Hazırda bunun üzərində iş aparılır. Ümumiyyətlə, PFL-in prezidenti Elxan Səmədov başda olmaqla, bütün rəhbərlik və kollektiv növbəti mövsümün daha rəqabətli, daha maraqlı və azarkeşlər üçün daha cəlbedici keçməsi istiqamətində çalışır. Təbii ki, bu işdə tək deyilik. AFFA ilə, eləcə də Peşəkar Futbol Liqasının üzvü olan klublarla daim sıx əməkdaşlıq edirik. Ümid edirik ki, bu əməkdaşlığın nəticəsində azarkeşlərə yüksək səviyyəli və maraqlı bir çempionat təqdim edə biləcəyik. Hər birinizə təşəkkür edir, yeni mövsümdə uğurlar arzulayıram”./komanda.az/

Oxşar xəbərlər

"Lisenziya üçün müraciət edən klubların sayı 54-ə çatıb” – AFFA rəsmisi
“Karvan-Yevlax” ev oyunlarını Yevlaxda keçirəcək
Qeyri-peşəkar klub olan "İmişli" AFFA və PFL-i qərarını dəyişməyə məcbur etdi
"İmişli" stadionu istəyir - BƏYANAT
I Liqa klubu növbəti ev oyununu İmişli şəhər stadionunda keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər